Məhkəmə qərarları › İş №e-2(060)-477/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-477/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-477/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********16 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X2 illik 24 faizlə, 36 ay müddətinə 3000 manat kredit xətti ayrılmışdır. BPM**********16 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən X2 illik 20 faizlə, 48 ay müddətinə 10000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ № 174301 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2V-296 nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X1 qanun üzrə vərəsəsi olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********16 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehin nağd kredit üzrə əsas borca görə 7576,54 manat olmaqla, cəmi 7576,54 manat borcu, kredit xəttinə görə əsas borca görə 2528,56 manat olmaqla, cəmi 2528,56 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 120,32 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-28684/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********16 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə əsas borca görə 7576,54 manat borcun, kredit xətti üzrə əsas borca görə 2528,56 manat borcun, ümumilikdə 10105,1 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 120,32 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu məhkəmə iclası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, ödəniş edilməsinə etiraz etmir, lakin, mirası qəbul edəndən sonra bankın Sumqayıt şəhərində yerləşən filialına yaxınlaşıb qrafik yaradılmaqla ödənişləri etməyi ilə bağlı ərizə yazmışdır. Bank tərəfindən 3 il müddətində ona heç bir məlumat verilməmişdir. O, dəfələrlə banka müraciət etmişdir. Əməkdaşlar sənədləri baş idarəyə göndərməli olduqlarını və bundan sonra ödəniş edə biləcəyini bildirmişlər. Həmin vaxt o, müəllim işləyirdi və ödəniş etmək üçün maddi imkanı yaxşı idi. Banka bir neçə dəfə də müraciət etmişdir. Bu günə qədər bank tərəfindən heç bir cavab verilməmişdir. Hazırda isə təqaüdçüdür, həmçinin xəstəliyi vardır. Xəstəliklə bağlı müalicələr alır. Hər ay müalicəyə təxminən 200-300 manat vəsait xərclənir. İddianı qəbul edir, lakin imkanı çatan məbləğdə ödənişlər edə bilər. Öz pensiyasının məbləği 476 manat idi. Daha sonra müraciət edərək həyat yoldaşının pensiyasını da qəbul etmişdir. Hazırda 170-200 manat civarında ödənişlər etməyə hazırdır.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********16 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən X2 36 ay müddətinə, illik 24 % ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti ayrılmışdır.

9. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********16 saylı tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən X2 illik 20%-lə, 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir.

10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 7576,54 manat əsas borcu olmaqla, cəmi 7576,54 manat, xx.xx.2020-ci il tarixli müqavilə banka 2528,56 manat əsas borcu olmaqla, cəmi 2528,56 manat məbləğində borcu mövcuddur.

11. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 174301 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə sol mədəcik çatmamazlığı xəstəliyindən ölmüşdür.

12. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X1 vərəsəsi: arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə X2 verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X8, B-1214 ünvanında yerləşən ümumi sahəsi 0.0932 ha olan torpaq sahəsindən ibarətdir.

13. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X1 vərəsəsi: arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 tərəfindən xx.xx.2010-cu tarixdə X2 verilmiş **********74-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv/m, yaşayış sahəsi 43.6 kv/m, yardımçı sahəsi 14.8 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir.

14. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********16 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən X2 36 ay müddətinə, illik 24 % ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti ayrılmış, həmin müqavilənin 4.1.1.1-ci bəndinə əsasən X2 illik 20%-lə, 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmiş, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.

16. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh borclu X1 qanun üzrə vərəsəsidir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. (köhnə redaksiya) Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

21. (köhnə redaksiya) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

23. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

24. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

26. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.

27. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.

28. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – daşınmaz əmlak təşkil edir.

29. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh miras qoyanın miras payı həcmində bank qarşısında məsuliyyət daşımalıdır.

30. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

31. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 120,32 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

32. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh BPM**********16 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə əsas borca görə 7576,54 (yeddi min beş yüz yetmiş altı manat, əlli dörd qəpik) manat borc, kredit xətti üzrə əsas borca görə 2528,56 (iki min beş yüz iyirmi səkkiz manat, əlli altı qəpik) manat borc, ümumilikdə 10105,1 (on min bir yüz beş manat, on qəpik) manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 120,32 (bir yüz iyirmi manat, otuz iki qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh BPM**********16 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə əsas borca görə 7576,54 (yeddi min beş yüz yetmiş altı manat, əlli dörd qəpik) manat borc, kredit xətti üzrə əsas borca görə 2528,56 (iki min beş yüz iyirmi səkkiz manat, əlli altı qəpik) manat borc, ümumilikdə 10105,1 (on min bir yüz beş manat, on qəpik) manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 120,32 (bir yüz iyirmi manat, otuz iki qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar