Məhkəmə qərarları › İş №e-2(060)-4787/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4787/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4787/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 04 may 2021-ci il tarixli PRL-142-0155-21 saylı Kredit müqaviləsinin ləğv edilməsi, 708.69 AZN əsas kredit borcu, 62.60 AZN cərimə olmaqla, cəmi 771.29 AZN, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT QSC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 04 may 2021-ci il tarixli PRL142-0155-21 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə, 1278 (bir min iki yüz yetmiş səkkiz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 02 iyun 2022-ci il tarixinə 708.69 (yeddi yüz səkkiz manat altmış doqquz qəpik) AZN əsas kredit borcu, 62.60 (altmış iki manat altmış qəpik) AZN cərimə olmaqla, cəmi 771.29 (yeddi yüz yetmiş bir manat iyirmi doqquz qəpik) AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanılmış 04 may 2021-ci il tarixli PRL142-0155-21 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" BOKT QSC-dən 19 ay müddətinə 1278 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" BOKT QSC ilə bağlanmış 04 may 2021-ci il tarixli PRL 142-0155-21 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə 708,69 manat əsas kredit borcu, 62.6 manat cərimə borcu olmaqla, ümumilikdə 771,29 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı MJ FİNANCİAL SERVİCES» BOKT QSC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 04 may 2021-ci il tarixli PRL 142-0155-21 saylı Kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 04 may 2021-ci il tarixli PRL-142-0155-21 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditor "xxxx" BOKT QSC-nin xeyrinə 708.69 manat əsas borcun tutulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 62.60 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 20 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə (təxminən 95%) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 04 may 2021-ci il tarixli PRL-142-0155-21 saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə 708,69 (yeddi yüz səkkiz manat altmış doqquz qəpik) manat əsas kredit borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 728,69 (yeddi yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar