Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4788/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Muradov Əlizadə Xeybar oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə 05 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2018-ci il tarixli NK-12-22112018/292534 nömrəli kredit müqaviləsi üzrə cəmi 4311.33 (dörd min üç yüz on bir manat 33 qəpik) manat məbləğində borcun - bundan 2834.29 (iki min səkkiz yüz otuz dörd manat 29 qəpik) manat əsas, 1140.86 (bir min yüz qırx manat 86 qəpik) manat faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 336.18 (üç yüz otuz altı manat 18 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 63.11 (altmış üç manat 11 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli tarixli NK-12-22112018/292534 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən bank ilə Cavabdeh1 arasında 22 noyabr 2018-ci il tarixli NK12-22112018/292534/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 22 noyabr 2018-ci il tarixli NK-12- 22112018/292534 nömrəli kredit müqaviləsi üzrə 14 aprel 2023-cü il tarixə banka ödənilməmiş cəmi 4311.33 (dörd min üç yüz on bir manat 33 qəpik) manat borcu vardır. Bundan 2834.29 (iki min səkkiz yüz otuz dörd manat 29 qəpik) manat əsas, 1140.86 (bir min yüz qırx manat 86 qəpik) manat faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 336.18 (üç yüz otuz altı manat 18 qəpik) manat faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi və 09 avqust 2022-ci il tarixli **********248 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 165 (yüz altmış beş) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 24 ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq digər cavabdehlə də zaminlik müqaviləsi bağlanılıb. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Qeyd edir ki, bank xx.xx.2020-ci ildə ləğv edilib. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Banka olan borcunu müəyyən səbəblərdən ödəyə bilmir. Belə ki, əvvəllər ödəniş edirdi, 2 aydan sonra keçirdiyi yol nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşının səhhətində ciddi problemlər yaranmış və onun müalicəsi üçün ayda 3000- 4000 manat xərcləməli olmuşdur. Hazırda Banka olan borcunun məbləği elə də çox deyil, amma yoldaşının müalicəsi üçün xərci çox olduğuna görə ödəniş edə bilmir. Hazırda faiz borcunun silinməsini istəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 22 noyabr 2018- ci il tarixli tarixli NK-12-22112018/292534 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 noyabr 2018-ci il tarixli NK12-22112018/292534/1 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 kreditor qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 6000 (altı min) manat məbləğində pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 22 noyabr 2018-ci il tarixli tarixli NK-12-22112018/292534 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 2834.29 manat məbləğində əsas borc, 1140.86 manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 336.18 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə isə 4311.33 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 22 noyabr 2018ci il tarixli NK-12-22112018/292534 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində (1.1-ci maddə) borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin iddiaçı qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və borc alan ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə İddiaçı ASC-nin xeyrinə 2834.29 manat əsas və 1140.86 manat faiz borcunun borc alan və zamin olan cavabdehlərdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 336.18 manat borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin fəaliyyəti xx.xx.2020-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilənin müddəti isə xx.xx.2020-cı il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 2020-cı il tarixidən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu (illik 5%) tələb etməsi əsassızdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 63.11 manat dövlət rusumu da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 22 noyabr 2018-ci il tarixli NK-12-22112018/292534 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2834,29 (iki min səkkiz yüz otuz dörd manat iyirmi doqquz qəpik) manat əsas, 1140,86 (bir min yüz qırx manat səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3975,15 (üç min doqquz yüz yetmiş beş manat on beş qəpik) manat borc və iş üzrə ödənilmiş 63,11 (altmış üç manat on bir qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4788/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4788/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver