Məhkəmə qərarları › İş №e-2(060)-4802/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4802/2025

07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4802/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: icra xidmətinə görə pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55.50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə “X1“ MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 370.05 manat məbləğində ödənilən borc məbləği “X1“ MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 55.50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 55.50 manat məbləğində xidmət haqqı ödəmişdir.

b) iddiaya etiraz

3. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları:

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-895/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddia tələbi təmin edilmiş, əsas borc üzrə 338,21 manat, faiz borcu üzrə 1,67 manat, cərimə üzrə 0,17 manat, cəmi 340 (üç yüz qırx) manat 05 (beş) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

5. Bildirişdən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

6. Maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 370.05 manat məbləğində ödənilən borc “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 55.50 manat məbləğində xidmət haqqı ödənilmişdir.

7. “YapıKrediBank Azərbaycan" QSC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2016-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə və xx.xx.2022-ci il tarixli Əlavə Razılaşmanın 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində hüquqi xidmət haqqı ödənilməlidir. b) mülki iş üzrə tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

c) məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında öhdəliyin icra edilmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qətnamə çıxarılmışdır. İddiaçı eyni zamanda “X1” MMC ilə hüquqi xidmət haqqında müqavilə imzalayaraq bank qarşısında yaranmış borcların alınmasını (qaytarılmasını) MMC-yə həvalə etmişdir.

13. Hazırda iddiaçı cavabdehin borcunun bağlanmış hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq MMC tərəfindən qaytarıldığını əsas gətirərək, ödənilmiş 55.50 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. İddiaçı bu barədə mövqeyini onunla əsaslandırır ki, cavabdeh kredit müqaviləsi ilə eyni zamanda bankın borcun qaytarılması ilə bağlı çəkdiyi və çəkməli olduğu xərclərin də ödənilməsini öhdəsinə götürmüşdür.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən istinad olunan öhdəliyə əsas olmuş razılaşma - müqavilə sübut qismində iş materiallarına əlavə edilməmişdir ki, bu da iddiaçı tərəfindən istinad olunan faktiki hallarının öz təsdiqini tapmaması anlamına gəlir.

15. Digər tərəfdən, qeyd olunan müqavilə təqdim olunsaydı belə, mübahisənin maddi hüquqi əsası baxımından hazırkı iddia təmin oluna bilməzdi.

16. Ona görə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən bütün məhkəmə qərarları icra qurumları tərəfindən icra olunur, tərəfə könüllü icra üçün vaxt verildikdən sonra məcburi icra tədbirləri həyata keçirilir.

17. Hazırkı iş üzrə də qəbul edilmiş məhkəmə aktı könüllü icra olunmamışdırsa, bu barədə icra qanunvericiliyinə uyğun məcburi icra tədbirləri görülməli idi. Lakin icra şöbəsi tərəfindən keçirilmiş icra hərəkətləri, icra tədbirlərinin nəticəsiz qalması, hansı səbəbdən məhz icra məmurları tərəfindən yox, müstəqil fəaliyyət göstərən hüquqi şəxs tərəfindən icra hərəkətlərinin aparılmasına zərurət yaranması barədə sübutlar da təqdim edilməmişdir.

18. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir və dövlətin adından çıxarılmış məhkəmə aktlarının icrasına nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

19. Qeyd olunanlara əsasən, yekun olaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 55.50 manat məbləğdə pul iddiaçının hesab etdiyi anlamda çəkməli olduğu xərc deyildi. Ona görə ki, iddiaçının çatmaq istədiyi yekun məqsəd borcun ödənilməsini təmin etmək birbaşa dövlətin təminatı altındadır. Bu təminatdan istifadə edilməməsi isə iddiaçının könüllü seçimi olmaqla, çəkilən xərcin məsuliyyətini də o özü daşıyır.

20. Odur ki, məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşmır.

21. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

23. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

Nəticə hissəsi

24. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar