Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-485/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı QSC "xxxx" KB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı QSC "xxxx" KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 06 mart 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC "xxxx" KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2014-cü il tarixli 1xx/xx/59608/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3065.04 (üç min altmış beş manat, 04 qəpik) manat məbləğində əsas borc, 595.22 (beş yüz doxsan beş manat, 22 qəpik) manat məbləğində faiz borcu, 4620.31 (dörd min altı yüz iyirmi manat, 31 qəpik) manat məbləğində cərimə borcu, 1051.35 (bir min əlli bir manat, 35 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 9331.92 (doqquz min üç yüz otuz bir manat, 92 qəpik) manat məbləğində pulun, 113.32 (bir yüz on üç manat, 32 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC "xxxx" KB iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 25 fevral 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/59608/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 3065.04 (üç min altmış beş manat, 04 qəpik) manat məbləğində əsas borc, 595.22 (beş yüz doxsan beş manat, 22 qəpik) manat məbləğində faiz borcu, 4620.31 (dörd min altı yüz iyirmi manat, 31 qəpik) manat məbləğində cərimə borcu, 1051.35 (bir min əlli bir manat, 35 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 9331.92 (doqquz min üç yüz otuz bir manat 92 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, QSC "xxxx" KB ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Maddi çətinlikləri ilə bağlı kreditin ödənişində ilk günlərdən gecikməsi olmuşdur. Bundan başqa digər banklardan götürdüyü kreditlərin ödənişində də gecikməsi var idi. Məlum, Azərbaycan Respublikası Prezidenti tərəfındən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar digər banklar tərəfindən əsas kredit borcunun restruktruzasiyası ona təklif olunmuş və müvafıq olaraq həmin banklar ilə aralarında güzəştli kredit müqaviləsi bağlanmışdır. Lakin iddiaçı tərəfindən hazırki mübahisə üzrə əsas kredit borcunun restruktruzasiyası ilə bağlı hər hansı tədbir görülməmişdir. Əksinə, iddiaçı kredit ödənişin gecikməsinə və kredit müqaviləsinin icra müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə baxmayaraq iddia tələbinin irəli sürülməsini qəsdən yubadaraq kredit müqaviləsi üzrə faiz və cərimə borclarının artmasına şərait yaratmışdır. Nəticədə iddiaçı ona qarşı 3065,04 manat əsas kredit borcundan əlavə 6266,88 manat faiz, cərimə və sair ödənişlər tələb irəli sürmüşdür. İddiaçının məqsədi hüququndan sui-istifadə ederək ona ziyan vurmaq olmuşdur. Hüquqdan sui-istifadəyə isə qanunvericiliklə yol verilmir. İşdə olan kredit müqaviləsindən görünür ki, tərəflər arasında müəyyənləşdirilmiş öhdəliyin son icra müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı QSC "xxxx" KB isə müvafıq iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia irəli sürmüşdür. Nəticə etibarı ilə iddiaçı hazırki tələb üzrə nəzərdə tutulan 3 (üç) illik iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşmmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Həmin məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfmdən iddia müddəti yalnız mübahisə tərəfmin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasmda tətbiq edilir. Mübahisə tərəfmin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia müdətinin bitməsi ilə əlaqədar iddia tələbinin rədd eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı QSC "xxxx" KB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında bağlanmış müqavilənin Prezidentin məlum Fərmanının təsirinə düşüb düşmədiyini X1 baxaraq müəyyən etmək mümkündür. Kütləvi şəkildə vətəndaşlara məlumat verilmişdir və nəticədə minlərlə vətəndaş yeni müqavilə bağlanmaq üçün banklara müraciət etmişdir. Əslində cavabdehin özü də bu məsələdə maraqlı olmalı idi. Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizəyə dair münasibət bildirərək qeyd etdi ki, 2019-cu ildə ilk dəfə məhkəməyə müraciət olunmuşdur. Lakin elə məhz Prezidentin Fərmanı ilə əlaqədar iddia ərizəsi geri qaytarılmışdır. Hazırda cavabdeh banka müraciət etsə, onunla bağlanmış müqaviləyə dair yeni güzəştli şərtlər tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tam əsasızdır. Tərəflər arasında bağlanmış müqavilə Prezidentin məlum Fərmanının təsiri altına düşmüşdür. Cavabdehdin iddiaçıdan başqa digər banklara da borcu olmuşdur. Müəyyən maddi çətinliklərlə əlaqədar cavabdeh banklara olan borcunu vaxtında ödəyə bilməmişdir. Lakin digər banklarla Prezidentin məlum Fərmanından sonra güzəştli şərtlərlə yenidən müqavilələr bağlanmış və cavabdeh həmin müavilələr üzrə ödənişlər edə bilmişdir. Lakin hazırkı iş üzrə iddiaçı bu müqavilənin icrası ilə bağlı cavabdehi vaxtında xəbərdar etməmişdir. Əgər iddiaçı tərəfindən cavabdehə vaxtında məlumat verilsəydi, tərəflər arasında heç bir problem olmazdı, yəni cavabdeh müqavilə üzrə ödənişlərini edərdi. Bundan əlavə onu da qeyd edir ki, hazırkı müqavilə üzrə üzrə iddia müddəti ötmüşdür və belə olan halda iddia müddəti tətbiq edilməlidir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1xx/xx/59608/14 saylı kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə banka 3065.04 manat əsas borc, 595.22 manat faiz borcu, 4620.31 manat cərimə borcu, 1051.35 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 9331.92 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, **********178 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/59608/14 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. Sözügedən müqavilənin icra müddəti xx.xx.2016-cı ildə bitmişdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdaniddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MülkiMəcəllənin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. Məhkəmə iddiaçının bankın ilk dəfə 2019-cu ildə məhkəməyə müraciət etməsi, iddia ərizəsinin Prezidentin məlum Fərmanı ilə əlaqədar baxılmamış saxlanması barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-2509/2019 saylı qərardadından görünür ki, həmin qərardadla iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddia ərizəsinin geri qaytarılmasına əsas isə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun Sumqayıt şəhər məhkəməsinə deyil, Sumqayıt Apellyasiya Məhkəməsinə ödənilməsi olmuşdur. Göründüyü kimi bankın iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar baxılmamış saxlanmamış, dövlət rüsumu qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən qərardad iddia müddətinin kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçı bank isə iddia müddətinin kəsilməsinə səbəb olan hər hansı başqa hala istinad etməmiş, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdən hesablandıqda, iddia müddəti 25 fevral 2019-cu ildə bitmiş, iddiaçı bank isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddiaçı QSC "xxxx" KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 113.32 manat iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC "xxxx" KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-485/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-485/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver