Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4864/2025 19.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması barədə iddia ərizəsinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1461.09 manat əsas borc, 382.42 manat faiz borcu olmaqla, cəmi 1843.51 manat məbləğində kredit borcunun, kart krediti üzrə 299.18 manat əsas borc, 79.67 manat faiz borcu olmaqla, cəmi 378.85 manat məbləğində kredit borcunun, ödənilmiş 42.22 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 24 %-lə 36 ay müddətinə 300 manat məbləğində kart krediti açılmışdır. Əlavə olaraq, "xxxx" ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən X3 illik 21 %-lə 36 ay müddətinə 2800 manat məbləğində nağd krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kreditlərin məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, borclu X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 1329 nömrəli məktubdan görünür ki, Cavabdeh adına 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək kart krediti üzrə banka borcu 299.18 manat əsas borc, ödənilməmiş faiz borcu 79.67 manat olmaqla, cəmi 378.85 manat təşkil edir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025ci il tarixədək nağd kredit üzrə banka borcu 1461.09 manat əsas borc, ödənilməmiş faiz borcu 382.42 manat olmaqla, cəmi 1843.51 manat təşkil edir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixdə 6-2-22/2- 21068/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, Bank tərəfindən X3 36 ay müddətinə illik 24 %-lə 300 manat məbləğində kredit xətti açılmışdır.
7. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X3 36 ay müddətinə illik 21 %-lə 2800 manat məbləğində nağd krediti verilmişdir.
8. Məhkəmə sorğusu əsasında verilmiş AZ-İİ seriyalı, 416079 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə vəfat etmişdir.
9. Məhkəmə sorğusu əsasında verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur. O, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli, HTİD-OUT-02048-2025 nömrəli məktubuna əsasən AZ24UBAZ**********1010AZN001 nömrəli cari hesabda 170 manat pul məbləğindən ibarətdir.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh X2 vərəsəsi Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
11. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə X2 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən 299.18 manat əsas, 79.67 manat faiz borcu mövcuddur.
12. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə X2 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsinə əsasən 1461.09 manat əsas, 382.42 manat faiz borcu mövcuddur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/4862 saylı rəyindən görünür ki, ~ xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, kreditin status vərəqəsi məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə X2 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə-1562,18 manat, faiz borcu üzrə-28,25 manat. Həmçinin hazırkı ekspertiza zamanı status vərəqəsi məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2024-cü il tanxindən sonra 106.58 manat məbləğində ödəniş edilmişdir. Lakin hazırkı tədqiqatla borc qalığının hesablanması xx.xx.2024-cü il tarixinədək aparıldığından sonradan ödənilən 106,58 manat məbləğində ödəniş nəzərə alınmadı. ~ xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi üzrə: Bu müqavilə üzrə qeyd edilir ki, Tam Kart kredit məhsulu üzrə əməliyyatların “taksit” və “qeyri-taksit” kateqoriyalarına ayrılması, həmin əməliyyatlara tətbiq edilən güzəşt müddətləri, faiz dərəcələri, komissiyalar, cərimələr, habelə bonus və cashback mexanizmlərinin müəyyən edilməsi bankın daxili qaydaları və xüsusi proqram təminatı əsasında avtomatlaşdırılmış qaydada həyata keçirilir. Təqdim edilmiş sənədlərdə isə əməliyyatların hansı konkret kateqoriyaya aid edildiyi, tətbiq olunmuş maliyyə şərtlərinin hesablanma qaydası və borcun formalaşma mexanizmi barədə sistem əsaslı və detallı məlumat öz əksini tapmamışdır. Bu səbəbdən, göstərilən məsələlərin araşdırılması və müstəqil qaydada yenidən hesablanması yalnız mühasibat sənədləri əsasında (hesabdan çıxarış məlumatları) mümkün deyildir. Həmin məlumatlar bankın daxili informasiya sisteminə və proqram təminatına aid olduğundan, onların müəyyən edilməsi hazırkı tədqiqatla mümkün olmadı.
b) mülki iş üzrə tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: “Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.”
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmənin mövqeyi
17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
18. Belə ki, iddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı ilə X4 arasında kredit müqavilələrindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilələr üzrə öhdəliyini yerinə yetirərək, Gülnaz Əliyevaya müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Gülnaz Əliyevanın borcunu tam ödəyə bilmədən, müqavilələr qüvvədə olduğu müddət ərzində vəfat etməsi, onun vəfatından sonra vərəsəsi kimi övladı Cavabdehı oğlunun ərizə ilə notariat ofisinə müraciət etməsi, Cavabdeh adına vərəsəlik işinin açılması, miras əmlakın "xxxx" KB ASCnin xx.xx.2025-ci il tarixli, HTİD-OUT-02048-2025 nömrəli məktubuna əsasən AZ24UBAZ**********1010AZN001 nömrəli cari hesabda olan 170 manat pul məbləğindən ibarət olması, həmçinin mərhumun banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.
19. Məhkəmə qeyd edir ki, borcun mirasdan çox olması barədə sübutlar iş materiallarında mövcud deyildir. Həmçinin, hazırkı iş üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür.
20. Belə ki, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli qərarında göstərilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
21. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
22. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
23. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
24. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun daha sonra, yəni 26 dekabr 2023-cü il tarixdə qəbul etdiyi Qərarda isə məsələyə dair birmənalı hüquqi qiymət verilərək göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır.
25. Beləliklə də göründüyü kimi yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşməsinə baxmayaraq cavabdeh bir neçə dəfə məhkəmə iclaslarına dəvət edilsə də, iştirak etməmiş, miras əmlakın tələb edilən borcdan az olması və ya mirasın notarius tərəfindən siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəticədə, qeyd edilən hallar cavabdehin vərəsə kimi mərhum borclunun miras əmlakını tam həcmdə qəbul etməsini ifadə edir.
26. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tərəf X4 üzərinə düşən öhdəliyi icra etmədiyindən, hazırkı iş üzrə cavabdeh onun qanuni vərəsəsi olduğundan və mirasını qəbul etdiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
27. Konstitusiya Məhkəməsinin yuxarındakı adı çəkilən Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X5 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar.
28. Sözügedən hallar məhkəmə iclasında dəqiqləşdirilmiş, iddiaçının nümayəndəsi bildirmişdir ki, iddia ərizəsinə əlavə etdikləri xx.xx.2025-ci il tarixli maliyyə arayışlarında qeyd olunan cəmi faiz borcları həmin arayışın verildiyi tarixədək hesablanmışdır. Bankdaxili qaydalara əsasən faiz borcunun sıfırlanması yalnız ölüm haqqında şəhadətnamənin əsli və ya təsdiq edilmiş surəti təqdim edildikdə aparılır. Lakin həmin sənəd hal-hazıradək təqdim edilməmiş, bununla bağlı cavabdehlə əlaqə saxlamağa çalışsalar da, heç bir nəticə əldə etməmişlər. Odur ki, eyniləşdirmə aparılması üçün notariat işinin alınması ilə bağlı vəsatət verilmişdir. Vəsatət əsasında notariat işi əldə edilmiş və eyniləşdirmə aparılması üçün iddiaçının sərəncamına verilmişdir. İddiaçı tərəfindən eyniləşdirmə aparılması mümkün olmadığından işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 4864/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/4862 saylı rəyinə əsasən xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə X2 banka vəfat etdiyi tarixə 1562,18 manat əsas, 28,25 manat faiz borcu olduğu müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi mümkün olmamışdır.
30. Ekspert rəyində xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 1562.18 manat göstərilsə də, iddia tələbi 1461.09 manat həcmində olmuşdur. İddia tərəfindən bununla bağlı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə işə iddia tələbi həcmində baxır. Odur ki, xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə 1461.09 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Həmin kredit müqaviləsi üzrə faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində tədqiqat metodu göstərilmiş, tədqiqat prosesi ətraflı təsvir edilmiş, ekspert rəyini şübhə altına alan digər hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut qismində qəbul edir, xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə faiz borcunun məbləği ekspert rəyində göstərilən məbləğdə, yəni 28.25 manat faiz borcunun tutulmalı olması qənaətinə gəlir.
32. xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcun məbləğinə gəldikdə proqram təminatına çıxış olmaması səbəbindən həmin hissədə ekspert tərəfindən tədqiqat aparılması mümkün olmamışdır. Lakin bu hal borcun mövcudluğunu istisna etmir. Belə ki, Tam Kart kredit məhsulu üzrə əməliyyatların “taksit” və “qeyri-taksit” kateqoriyalarına ayrılması, həmin əməliyyatlara tətbiq edilən güzəşt müddətləri, faiz dərəcələri, komissiyalar, cərimələr, habelə bonus və cashback mexanizmlərinin müəyyən edilməsi bankın daxili qaydaları və xüsusi proqram təminatı əsasında avtomatlaşdırılmış qaydada həyata keçirildiyindən, borclunun xx.xx.2024-cü il tarixə qalıq əsas borcu 299.18 manat təşkil etdiyindən, hesab üzrə həmin tarixdən borclunun vəfat etdiyi tarixədək heç bir əməliyyat aparılmadığından, həmçinin, kreditin yüksək faizlə (24%) verilməsi nəzərə alınmaqla məhkəmə əsas borca münasibətdə faiz borcunu da ağlabatan hesab edir.
33. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 42.22 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 42.62 manat məbləğin iddianın təmin olunan hissəsinə uyğun olaraq 35.46 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə 1461.09 manat əsas, 28.25 manat faiz, xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.18 manat əsas, 79.67 manat faiz borcu, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 35.46 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə və keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********; AZ34CTRE********************; SWİFT: CTREAZ22, Müxbir hesab: AZ41NABZ013601**********3944: Kod:210005; VÖEN:**********) ödənilməlidir.
Nəticə hissəsi:
35. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə 1461.09 manat əsas, 28.25 manat faiz; xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.18 manat əsas, 79.67 manat faiz borcu, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 35.46 manat olmaqla, cəmi 1903.65 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********; AZ34CTRE********************; SWİFT: CTREAZ22, Müxbir hesab: AZ41NABZ013601**********3944: Kod:210005; VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva