Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4887/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4511,42 manat məbləğində əsas borcun, 704,07 manat məbləğində faiz borcunun, 436,35 manat məbləğində cərimə borcunun, cəmi 5651,84 manat borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 59 ay müddətinə, illik 25% olmaqla, 4500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
Tərəflərin mövqeləri:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri mötəbər sübutlar əsasında iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, borcunu qəbul edir. 9-10 aydır ki, borcun ödənilməsini həyata keçirmir. Borcunu hissə-hissə ödəyə bilər.
Tədqiq olunan sübutlar:
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AL/07011/88/11 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh adına illik 25 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit xətti açılmışdır. Kredit xəttinin maksimal müddəti 59 ay müəyyən edilmişdir. Ödəniş müddəti 18 ay ərzində, hər ay yaranmış əsas borc məbləğinin 1/18 hissəsi ödənilmək şərti ilə müəyyən edilmişdir.
6. 30.05.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit borcunun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı ASC tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh 4511,41 manat əsas borc, 704,07 manat faiz borcu və 436,35 manat məbləğində cərimə borcu vardır.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
12. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
13. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir.
14. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh borc məbləğini qəbul etdiyini bildirmişdir.
16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə cərimə məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, işin hallarını, o cümlədən kreditorun və borclunun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, iddiaçı tərəfindən hesablanan cərimənin tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək 20 (iyirmi) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
19. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, AL/07011/88/11 saylı kredit sazişi üzrə 4511,42 manat əsas borc, 704,07 manat faiz borcu, 20 manat olmaqla, cəmi 5235 (beş min iki yüz otuz beş) manat, 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 72 (yetmiş iki) manat, 35 (otuz beş) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, AL/07011/88/11 saylı kredit sazişi üzrə 4511,42 manat əsas borc, 704,07 manat faiz borcu, 20 manat olmaqla, cəmi 5235 (beş min iki yüz otuz beş) manat, 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 72 (yetmiş iki) manat, 35 (otuz beş) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva