Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-49/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ("xxxx" ASC-yə) qarşı “maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 20:30-da Sumqayıt şəhəri, Koroğlu Bələdiyyəsi küçəsi kəsişməsində iddiaçının mülkiyyətində olan “Honda CRV” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobil, Cavabdeh1 Elbrus oğlunun idarə etdiyi “Toyota Corolla” markalı, **-EM-*** dövlət nişanlı avtomobil tərəfindən arxadan vurulmaqla ciddi zərər yetirilmişdir. Hadisə barədə xx.xx.2023-cü il tarixli İXP və xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında” qərar qəbul edilməklə Cavabdeh1 Elbrus oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat cərimə cəzası təyin edilmişdir. Cavabdeh1 Elbrus oğlu verdiyi izahatında hadisəni törətdiyini etiraf etmişdir. Buna baxmayaraq, iddiaçıya dəymiş maddi zərər bu günədək ödənilməmişdir. Halbuki, hadisə nəticəsində avtomobilə təxmini 4000 manat maddi zərər dəymiş, əlavə olaraq, evakuatora 80 manat ödənilmişdir. Cavabdeh əvvəl zərəri sığorta vasitəsi ilə ödəyəcəyinə söz versə də, sonradan heç bir addım atmamış və zərəri ödəməkdən yayınmışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Hadisədən sonra müxtəlif ustalar avtomobilə baxış keçirmiş və zərərin təxmini 4000 manat olduğunu bildirmişlər. Əmtəəşünaslıq ekpertizası ilə dəymiş zərəri dəqiq müəyyən etmək olar. Göstərilənlərə əsasən, Cavabdeh1 Elbrus oğlundan iddiaçının xeyrinə 4000 manat maddi zərər və 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə uyğun olaraq məhkəməyə ərizə təqdim edilərək, "xxxx" ASC-nin əlavə cavabdeh qismində işə cəlb edilməsi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1 Elbrus oğlundan və "xxxx" ASC-dən (ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən) 2203 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC (ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbini qismən 390 manat hissədə qəbul edirlər. İddiaçı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, "xxxx" MMC tərəfindən **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 7215,16 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdehə məlum olmayan səbəbdən iddiaçı 4000 manat tələbi ilə məhkəməyə müraciət etmişdir. Şirkət tərəfindən yol-nəqliyyat hadisəsi üzrə müvafiq araşdırma aparılmış və dəymiş zərərin məbləği 390 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş fotoşəkillər də baş vermiş hadisə nəticəsində dəymiş zərərin iddiaçının iddia etdiyi qədər olmadığını təsdiq edir. Həmçinin "xxxx" MMC və "xxxx" qiymətləndirici sığorta sahəsində səlahiyyətli Mərkəzi Bankın reyetsrində qeydiyyatdan keçmiş qiymətləndiricilərdən deyildir. İddiaçı sığortaçının müəyyən etdiyi zərərdən artıq zərər dəydiyini iddia edirsə və bu ekspert baxışı zamanı müəyyən olunursa həmin zərərin sığorta hadisəsi nəticəsində dəydiyini sübut etməlidir. Lakin, iddiaçı yalnız təmir prosesindən fotoşəkillər əlavə etmişdir. Qanunvericiliklə sürücüyə sığortaçının müəyyən etdiyi məbləğə etiraz etmək hüququ verilmişdir. Bu zaman Mərkəzi Bankın reyestrində olan müstəqil ekspertlər tərəfindən yenidən qiymətləndirilmə həyata keçirilir. Lakin iddiaçı qeyd olunan hüquqdan istifadə etməmiş, passivlik nümayiş etdirmişdir. Bu baxımdan Şirkətin qüsur aktı əsas tutulmaqla iddia qismən 390 manat məbləğində təmin edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin 390 manat məbləğində təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan AC seriyalı 593489 saylı, xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Honda CRV” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur.
11. İşin materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, № TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, ** EM *** dövlət qeydiyyat nişanlı, “Toyota Corola minik” markalı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
12. İş materiallarında olan “KİA Motors” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Honda CRV” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 390 manat məbləğində ziyan dəymişdir.
13. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Honda CRV” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 7215,16 manat məbləğində ziyan dəymişdir.
14. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AE 04-016/25 saylı ekspertiza rəyindən görünür ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, “Honda CRV minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1578 manat təşkil edir. Ekspertiza dəyəri 200 manat təşkil edir.
15. İş materiallarında olan İcbari Sığorta Bürosunun sorğuya cavab məktubundan görünür ki, büronun informasiya sistemində axtarış zamanı “Honda CRV” markalı, **-DC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-xx.xx.2023-cü il tarixdə PXA********** saylı müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC və xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək isə PDS********** saylı müqavilə ilə "xxxx" ASC tərəfindən sığorta müqavilələri mövcud olmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə idarə etdiyi ** EM *** dövlət qeydiyyat nişanlı, “Toyota Corola minik” markalı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçıya məxsus “Honda CRV” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini cavabdehlərdən müştərək qaydada tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Həmin vaxt sözügedən avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) — Azərbaycanda fəaliyyət göstərmiş dövlət sığorta şirkətidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
26. Həmin Məcəllənin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.
27. Eyni Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
28. Həmin Məcəllənin 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.
29. «İcbari sığortalar haqqında» Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1- ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
30. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.
31. Azərbaycan Respublikası Mərkəzi X1 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qərarının 3-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi zamanı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: -zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.
32. İşin faktiki və araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Honda CRV” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta növündə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin törədilməsində ** EM *** dövlət qeydiyyat nişanlı, “Toyota Corola minik” markalı avtomobili idarə etmiş Cavabdeh1 təqsirli bilinmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin ödənilməsini özünün icbari sığortaçısı olan "xxxx" ASC-dən və həmçinin ona zərər vurmuş avtomobili idarə edən Cavabdeh1 müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçının avtomobilinin icbari sığorta qaydasında sığortalandığı sığorta şirkəti - hazırki iş üzrə cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilmiş, lakin iddiaçı hesablanmış zərərin məbləği razı olmadığından hazırki iddia tələbinə məhkəmədə baxıldığı zaman təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində avtomobilə dəymiş zərərin məbləğinin 1578 manat təşkil etməsi qeyd edilmişdir. İşin mübahisəli halı məhz dəymiş zərərin həcmi ilə bağlıdır.
33. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə razılaşır, "xxxx" MMC-nin dəymiş zərərin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş məbləğin iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Baxmayaraq ki, iddiaçı ona dəymiş zərərin məbləğini öz mülahizələrinə əsasən 2203 manat məbləğində qiymətləndirmişdir, lakin iddiaçı ona məhz həmin məbləğində zərərin dəyməsini təsdiq edəcək heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Odur ki, aparılmış məhkəmə araşdırması zamanı iddiaçıya tələb etdiyi kimi məhz 2203 manat məbləğində zərərin dəyməsi öz təsdiqini tapmamışdır.
34. Məhkəmə iddiaçıya vurulmuş zərərin 1578 manat məbləğində dəyərləndirilməsini əsaslı hesab edərək qeyd edir ki, dəymiş zərərin ödənilməsi hər iki cavabdehə deyil, ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ("xxxx" ASC-yə) aid edilməlidir. Nəzərə alınmalıdır ki, icbari sığorta şəxsin özünün üçüncü şəxslərə vurduğu zərərin həmin şəxslərə ödənilməsini təmin etmək mahiyyəti daşıyır. Lakin istər sığorta fəaliyyəti sahəsində qanunvericiliklə yol verilən və Azərbaycan Respublikası Mərkəzi X1 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qərarı ilə formalaşdırılmış təcrübəyə əsasən hazırda iddiaçı öz məsuliyyətini icbari sığorta qaydasında sığortalamış şəxs olmaqla, baş vermiş sığorta hadisəsində zərərçəkmiş şəxs kimi özünün icbari sığortaçısından ona dəymiş zərərin ödənilməsini tələb etməkdə sərbəstdir. Belə ki, qanunvericiliklə sığorta ödənişi etmiş sığortaçının təqsirli şəxsə qarşı edilmiş ödəniş həddində subroqasiya hüququ qorunur. Hazırki halda iddiaçının ona vurulmuş zərərin öz məsuliyyətinin icbari sığortalandığı sığorta şirkətindən tələb etməsi əsaslıdır.
35. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
36. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
38. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, həmçinin, ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ("xxxx" ASC-dən) 1578 (bir min beş yüz yetmiş səkkiz) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 200 (iki yüz) manat məbləğində pul cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ("xxxx" ASC-dən) alınaraq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülməlidir.
Nəticə hissəsi:
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ("xxxx" ASC-dən) 1578 (bir min beş yüz yetmiş səkkiz) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 200 (iki yüz) manat məbləğində pul cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ("xxxx" ASC-dən) alınaraq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva