Məhkəmə qərarları › İş №e-2(060)-4925/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4925/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4925/2025 26.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqavilələrinə əsasən ödəməli olduğu 39500+68000=107500 manat, 398 manat dövlət rüsumu və hüquqi yardıma görə ödədiyi 325 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci ildə borc müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə görə, o, cavabdehə 68000 manat borc verib. Cavabdeh borcu üç ay müddətinə, yəni, xx.xx.2022-ci il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürüb. Bundan əlavə onunla cavabdeh arasında xx.xx.2024-cü ildə də borc müüqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə görə, o, cavabdehə 39500 manat borc verib. Cavabdeh borcu xx.xx.2024-cü il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürüb. Müqavilə bağlandıqdan bu günə kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və heç bir ödəniş etməmişdir. Dəfələrlə o, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymayıb, müqavilə öhdəliklərinə əməl etməkdən və müqavilənin icrasından yayınıb. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Olduğu yer ilə əlaqədar sübut təqdim edə bilmir. İstintaq bitdikdən sonra yaxın vaxtlarda buraxılmalıdır. Odur ki, məhkəmədən o azadlığa çıxanadək icraatın dayandırılmasını xahiş etmişdir. Lakin bu hal iş üzrə icraatın dayandırılmasına əsas olan mümkün və ya məcburi hallar sırasında göstərilmədiyindən məhkəmə icraatı davam etdirilmişdir. Cavabdeh məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, aralarında həqiqətən də formal olaraq xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixlərdə müqavilə bağlanmışdır. Lakin reallıqda işin əksi tamamilə fərqlidir. Belə ki, 39500 manat aldığı əsas borcdur. Digər müqavilədə nəzərdə tutulmuş 68000 manat isə hesablanmış faizlərdir. Belə ki, iddiaçı ilə aralarında əvvəlcədən bir neçə dəfə borc pul məsələləri olmuşdur. Ondan borcunu istədikdə səbirli olmasını, qaytaracağını bildirsə də, iddiaçı onu tələsdirdiklərini, qaytarmasa öldürəcəklərini bildirmiş, o da iddiaçı ilə razılaşmışdır. Lakin bildirmişdir ki, onda pul yoxdur. İddiaçı özü ilə pul gətirmiş, bundan sonra birlikdə notariusa getmişlər. Həmin məbləğ banka qoyulmuş, guya onun tərəfindən götürüləcəyi nəzərdə tutulmuşdur. Lakin o, həmin məbləği almamışdır. Ümumiyyətlə, iddiaçı ilə aralarında hər hansı insident yoxdur və olmamışdır. İşin halları başqadır və hazırda bu halları bildirmək istəmir. Azadlığa çıxdıqdan sonra məsələni yoluna qoyacaqdır. Hazırda sübut təqdim etmək fikri və imkanı yoxdur. İddiaçını dörd ildən çoxdur ki, faizə pul verən kimi tanıyır. Baxmayaraq ki, sənəddə əsas borc olan 39500 manatın birdəfəyə götürüldüyü göstərilmişdir. Lakin həmin pulu iddiaçıdan hissə-hissə bir neçə dəfəyə borc kimi götürmüşdür. Həmin puldan nə qədər qaytardığını dəqiq deyə bilməyəcək, həmçinin dəqiq hesablama üçün imkanı da yoxdur. Ödənişlərlə bağlı çeklər yoxdur. Pulları onun kartına atmışdır, bank çıxarışları vardır. Qanunla sübutları təqdim edə və işi xeyrinə həll edə bilər. Lakin bu iddiaçının ziyanına olacaqdır. O, azadlığa çıxdıqdan sonra şahidlər gətirə bilər ki, həmin şəxslər iddiaçının faizə pul verdiyini təsdiq edə bilər. Başa düşür ki, iddiaçıda iki notarial müqavilə var və bu müqavilələrin təsdiq olunacaq bir tərəfi yoxdur. İş yekunlaşsa, onun ziyanına həll olunacaq. Odur ki, işin yekunlaşdırılmasına etiraz edir və icraatın dayandırılmasını xahiş edir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, hər 2 müqavilə bağlanan gündən bugünədək cavabdeh heç bir ödəniş etməmişdir. İddiaçının VÖEN-i yoxdur.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-911 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 68000 manat məbləğində borc pul vermişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı notariat ofisinin notariusu X3 "xxxx" ASC-nin Sumqayıt şöbəsinə 1378 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, onun məktubu əsasında 68000 manat pul vəsaitinin Cavabdeh verilməsi üçün Bankda olan AZ92BRES41040AZ**********002 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir.

9. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, 1378 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən 68000 manat pul vəsaiti İddiaçı tərəfindən "xxxx" ASC-də X2 məxsus depozit hesabına köçürülmüşdür.

10. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-75 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 39500 manat məbləğində borc pul vermişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin notariusu Ə.M.Əmirəliyev "xxxx" ASC-nin Sumqayıt şöbəsinə 316 saylı, xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, onun məktubu əsasında 39500 manat pul vəsaitinin Cavabdeh verilməsi üçün Bankda olan AZ87AİİB******************** nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir.

12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 316 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən 39500 manat pul vəsaiti İddiaçı tərəfindən "xxxx" ASC-də X1 məxsus ******************** nömrəli depozit hesabına köçürülmüşdür.

13. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən və həmin tarixli orderdən görünür ki, hüquqi yardım üçün 325 manat pul ödənilmişdir.

b) tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; c) məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

18. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

19. Borcun əsası olan kredit müqavilələri və ödəniş qəbzlərindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 68000 manat və xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 39500 manat məbləğində borc pul vermişdir.

20. Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi pozmuş, iddiaçı isə müvafiq olaraq 68000 manat və 39500 manat borcu tələb etmişdir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

22. Belə ki, nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

23. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdeh iddiaçıdan əslində 39500 manat borc aldığını, 68000 manat borca dair müqavilənim iddiaçıdan əvvəllər aldığı borclara hesablanmış faizlər olduğunu və iddiaçıya kömək etmək məqsədi ilə bağladığını, pulun depozit hesabına qoyulduğunu, lakin ona ödənilmədiyini bildirsə də, məhkəməyə bu halları sübut edə bilməmişdir.

24. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

25. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

26. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

27. Cavabdeh sübut təqdim edə bilməməsini istintaq təcridxanasında saxlandığı ilə əlaqələndirsə də, cavabdehin nümayəndə vasitəsilə sübutlarını toplamaq və təqdim etmək imkanı olmuş, lakin bu hüququndan istifadə etməmiş, həmçinin, onda ödənişlərlə bağlı çeklərin olmadığını, təqdim edə biləcəyi şahidlərin isə iddiaçının faizə pul verən olduğunu göstərəcəyini bildirmişdir. İddiaçı iddianı 39500 manat hissəsində qəbul etsə də, 68000 manatın yığılmış borcların faizi olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin izahatına təndiqi yanaşır. Belə ki, işdə olan sənədlərdən görünür ki, müqavilələr notarial bağlanmışdır. Notariuslar müqavilə bağlayarkən tərəflərin şəxsiyyətini, onların fəaliyyət qabiliyyətini və əqdin bağlanmasına dair həqiqi iradəsini yoxlamışdır. Sözügedən məbləğlər notariusların depozit hesabına qoyulmuş, cavabdehə verilməsi nəzərdə tutulmuşdur. Bu, borc münasibətlərinin rəsmiləşdirilməsi üçün standart və şəffaf bir prosedurdur.

28. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni cavabdeh sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.

29. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi vəkil orderinə görə ödənilmiş 325 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir.

30. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. İddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 398 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, 3M-911 reyestr nömrəli kredit müqaviləsi üzrə 68000 manat, xx.xx.2024-cü il tarixli, 3M-75 reyestr nömrəli kredit müqaviləsi üzrə 39500 manat olmaqla, ümumilikdə 107500 manat borc, 398 manat məbləğində dövlət rüsumunun əvəzi və vəkil orderinə görə ödənilmiş 325 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi

33. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 3M-911 reyestr nömrəli kredit müqaviləsi üzrə 68000 manat; xx.xx.2024-cü il tarixli, 3M-75 reyestr nömrəli kredit müqaviləsi üzrə 39500 manat borc, dövlət rüsumunun əvəzi olaraq 398 manat və vəkil orderinə görə ödənilmiş 325 manat olmaqla, ümumilikdə 108223 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar