Məhkəmə qərarları › İş №e-2(060)-4944/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4944/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4944/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 189-MAX-0441- 22 saylı kredit müqaviləsi üzrə əsas borcu 332.87 AZN (Üç yüz otuz iki manat 87 qəpik), faiz borcu 65.70 AZN (Altmış beş manat 70 qəpik), cərimə borcu 49.93 AZN (Qırx doqquz manat 93 qəpik) xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1563.20 AZN (Bir min beş yüz altmış üç manat 20 qəpik), cərimə borcu 174.20 AZN (yüz yetmiş dörd manat 20 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 44.05 AZN (qırx dörd manat 05 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 2228.16 AZN (iki min iki yüz iyirmi səkkiz manat 16 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 6 ay müddətinə qaytarılmaq şərti ilə 394,00 AZN (Üç yüz doxsan dörd manat 00 qəpik) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 189-MAX-0441-22 saylı Krеdit Müqaviləsi bağlanmışdır. X1 Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı Kredit Müqaviləsinə əsasən 20 ay müddətinə qaytarılmaq şərti ilə 1628,00 AZN (Bir min altı yüz iyirmi səkkiz manat 00 qəpik) məbləğində kredit verilmişdir. Krеdit Müqavilələrinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqavilələrin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 189-MAX-0441-22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 332.87 AZN (Üç yüz otuz iki manat 87 qəpik), faiz borcu 65.70 AZN (Altmış beş manat 70 qəpik), cərimə borcu 49.93 AZN (Qırx doqquz manat 93 qəpik,)xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı kredit müqaviləsi üzrə əsas borcu 1563.20 AZN (Bir min beş yüz altmış üç manat 20 qəpik), faiz borcu 0.00 AZN (sıfır manat 00 qəpik), cərimə borcu 174.20 AZN (yüz yetmiş dörd manat 20 qəpik)olmaqla, hər iki kredit borcu üzrə ümumi borcu 2185,90 AZN (iki min yüz səksən beş manat 90 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 0813/23 və xx.xx.2023-cü il tarixli, 1370/23 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” “köçüb” qeydləri aparılmaqla pretenziya (xəbərdarlıq) məktublarının bizdən asılı olmayan səbəblərdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı Krеdit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 0% olmaqla, 20 ay müddətinə ödəmək şərtilə 1628 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189-MAX-0441-22 saylı Krеdit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 35.06% olmaqla, 06 ay müddətinə ödəmək şərtilə 394 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, N MA-0031001-23 saylı maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı Krеdit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2023-ci il tarixə əsas borcu 1563.20 manat, 174.20 manat cərimə borcu olmaqla, ümumilikdə 1737.40 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli, N MA-0030752-23 saylı maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189-MAX-0441-22 saylı Krеdit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2023-ci il tarixə əsas borcu 332.87 manat, 65.70 faiz borcu, 49.93 manat cərimə borcu olmaqla, ümumilikdə 448.50 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli 0813/23 saylı son xəbərdarlıq bildirişlərindən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildirişlər ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı və xx.xx.2022-ci il tarixli 189-MAX-0441-22 saylı kredit müqavilələri bağlanmışdır. İddiaçı təşkilat sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Həmin Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı Krеdit müqaviləsi üzrə yaranmış 1563.20 manat əsas borcun və xx.xx.2022-ci il tarixli 189-MAX-0441-22 saylı Krеdit müqaviləsi üzrə yaranmış 332.87 manat əsas, 65.70 faiz borcu olmaqla, ümumilikdə 398,57 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 224.13 (174.20+49.93) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 65 (50+15) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 44.05 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 189-MAX-0441-22 saylı kredit müqaviləsi üzrə 332,87 (üç yüz otuz iki manat səksən yeddi qəpik) manat əsas borc, 65,70 (altmış beş manat yetmiş qəpik) manat faiz borcu, 15 (on beş) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 159-EMB-0882-22 saylı kredit müqaviləsi üzrə 1563,20 (bir min beş yüz altmış üç manat iyirmi qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2026,77 (iki min iyirmi altı manat yetmiş yeddi qəpik) manat borc, həmçinin ödənilmiş 44,05 (qırx dörd manat beş qəpik) manat dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar