Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4968/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 19 avqust 2022-ci il tariхli, 200804-456388/6 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 896.93 manat məbləğində əlavə faiz borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 avqust 2022-ci il tariхli, 200804-456388/6 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 45 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 20000 (İyirmi min (.00)) manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün 06 fevral 2024-cü il tarixində bank tərəfindən Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əsasən cavabdehdən kredit müqaviləsi üzrə 17677.35 manat məbləğində əsas bоrc və 5154.63 manat faiz borcu оlmaqla, cəmi 22831.98 (İyirmi iki min səkkiz yüz otuz bir (.98)) manat borcun və 158.5 manat dövlət rüsumun ödənilməsinə dair qətnamənin çıxarılmasıməhkəmədən xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2(060)-2007/2024 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı 19 avqust 2022-ci il tariхli, 200804-456388/6 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı iddiası qismən təmin edilmiş və faiz borcu azaldılaraq 687.97 manat məbləğində təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı və onunla əsaslandırmışdır ki, cavabdehə bank tərəfindən sonuncu xəbərdarlıq xx.xx.2023-cü il tarixində ünvanlanmış, xəbərdarlıq məktubunda, faiz borcu hissəsində 687.97 manat faiz borcun ödənilməsi tələb olunurdu. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubun göndərilməsini kredit müqaviləsinin bitməsi kimi qiymətləndirilmişdir. 19 avqust 2022-ci il tariхli, 200804-456388/6 nömrəli istehlak krеditimüqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz hesablanır. Belə ki, 19 avqust 2022-ci il tariхli, 200804-456388/6 nömrəli istehlak krеditi müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 896.93 manat borcu hesablanmışdır. Cavabdehə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir.
b) iddiaya etiraz
3. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cu il tarixli, e-2(060)-2007/2024 saylı qətnaməsinə uyğun olaraq hər ay maaşından 50% tutularaq İddiaçı ASC-yə ödənilmişdir, ödənişi tesdiq edən sənədləri əlavə etmişdir. Hal-hazırda İddiaçı ASC-yə 3603.85 AZN öhdəliyi qalmaqdadır və sentyabr ayının sonunadək tam ödəniləcəkdir. İddiaçının əlavə olaraq 896.93 AZN məbləğində əlavə faiz borcunun olması tələbinə qəti şəkildə etiraz edir ve məhkəmədən bu məsələ ilə bağlı ədalətli qərar çıxaırlmasını xahiş edir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən və məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2022-ci il tariхli, 200804- 456388/6 nömrəli istehlak krеditi müqaviləsindən görünür ki, Cavabdeh bank tərəfindən 45 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 20000 manat məbləğində krеdit vеrilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2007/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17677.35 manat əsas və 687.97 manat faiz borcu olmaqla, cəmi 18365.32 manat borcun və ödənilmiş 145.1 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank ilə bağlanmış 19 avqust 2022-ci il tarixli, 200804-456388/6 nömrəli Kredit müqaviləsinə əsasən 17.5 faiz dərəcəsi ilə 45 ay müddətinə 20000 (iyirmi min (.00)) manat məbləğində kredit götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2(060)- 2007/2024 saylı qətnaməsi ilə Cavabdeh banka 28 mart 2023-cü il tarixli xəbərdarlıqda göstərilən faiz borcu hissəsində 687.97 manat məbləğində müəyyən edilmişdir. Qətnamə üzrə məhkəmənin nəzərə aldığı sonuncu xəbərdarlıq məktubunun yəni, xx.xx.2023-cü il tarixindən qətnamənin çıxarıldığı xx.xx.2024-cü il tarixinədək Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə 896.93 manat faiz borcu hesablanmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın uçot faiz (5%) dərəcəsini keçməməklə hesablanmış faizlərin məbləği aşağıdakı kimidir: 18.365.15 (on səkkiz min üç yüz altmış beş manat, 15 qəpik) manat əsas borc üzrə: 18.365.15 x 5 % / 360 x 34 = 86.72 (səksən altı manat, 72 qəpik) manat; 17677.35 x 5 % / 360 x 330 = 810.21 (səkkiz yüz on manat, 21 qəpik) manat. izah: əsas borc x 5 % (MB uçot faiz dərəcəsi) = bir illik faiz məbləği; Bir illik faiz məbləği / 360 = bir günlük faiz məbləği; Bir günlük faiz məbləği x 330 gecikdirilmiş gün = 330 gün üçün faiz məbləği;
8. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.
9. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, 28.12.204-cü il,xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli ödəniş tapşırılqarından görünür ki,cavabdeh tərəfindən "xxxx" ASC-yə ümumilkdə 14907.43 manat pul ödənilmişdir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmənin mövqeyi
13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
14. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 19 avqust 2022-ci il tariхli, 200804-456388/6 nömrəli krediti müqaviləsi üzrə Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borcunu və əsas borca görə hesablanmış faizləri ödəməmiş, bununla da, İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması“ tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Nəticədə 17677.35 manat əsas borc və 687.97 manat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə e-2(060)-2007/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. İddiaçı 19 avqust 2022-ci il tariхli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixədək (xx.xx.2024-cü il) olan müddət ərzində AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 896.93 manat məbləğində borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
15. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir.
16. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşır. Belə ki, hazırkı iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinadən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının bu hüquqa malik olması Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2007/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində də nəzərdə tutulmuşdur.
17. Məhkəmə borcun məbləğinə dair hissədə qeyd edir ki, 19 avqust 2022-ci il tariхli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixədək (xx.xx.2024-cü il) olan müddət 364 gün təşkil edir. İddiaçı həmin dövrlərə aid faizləri 34 gün və 330 gün olmaqla, hesablamışdır.
18. Belə ki, 19 avqust 2022-ci il tariхli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixinə (xx.xx.2023-cü il) cavabdehin əsas borcu 18365.15 manat təşkil etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 1500 manat ödəniş etmişdir. Ona görə də faizlərin məbləği xx.xx.2023-xx.xx.2023-cü il tarixlər ərzində (34 gün üçün) 18365.15 manat * 5% / 360 bank günü * 34 gün = 86.72 manat təşkil etmişdir.
19. 19 avqust 2022-ci il tariхli kredit müqaviləsi üzrə həmin tarixdən sonra (xx.xx.2023-cü il) cavabdehin əsas borcu 17677.35 manat təşkil etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixədək heç bir ödəniş etməmişdir. Ona görə də faizlərin məbləği xx.xx.2023-xx.xx.2024-cü il tarixlər ərzində (330 gün üçün) 17677.35 manat * 5% / 360 bank günü * 330 gün = 810.21 manat təşkil etmişdir.
20. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, 896.93 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
21. Nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
22. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
23. Məhkəmə cavabdehin etirazdakı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qətnaməsi üzrə ödənişlərin edilməsi iddiaçını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququndan məhrum etmir.
24. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.
25. Beləliklə, Cavabdeh 19 avqust 2022-ci il tariхli, 200804-456388/6 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 896.93 manat məbləğində faiz borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
Nəticə hissəsi:
26. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 896.93 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 926.93 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva