Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5002/2023 02.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi borcların paylara uyğun müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə ümumi borclarının hər birinə aid hissəsinin 5889,94 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6601/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarındakı xx.xx.2000ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X1 onun yanında qalması və xx.xx.2022-ci il tarixdən etibarən yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6226/2022 saylı qətnaməsi ilə əsas borc üzrə 9036,63 manat, faiz borcu üzrə 1191,35 manat olmaqla, cəmi 10227,98 manat məbləğində pulun və ödənilmiş 121,08 manat dövlət rüsumunun iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilərək, əsas borc 9026,83 manat, faiz borcu 742,21 manat, cəmi 9769,04 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, BPM**********42№-li kredit müqaviləsi əsasında Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının 3600 manat məbləğində kredit götürmüşdür. Ödəniş cədvəlinə uyğun olaraq kredit borcunun 3115,97 manat tərəfindən ödənilmişdir. Həmin müqavilə üzrə kreditora 2010,85 manat borcu vardır. Hazırda ümumi borcları 11779,89 manatdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1192/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi birgə nikah dövründə əldə etdikləri əmlak bərabər paylarla müəyyən edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sözügedən kredit onun tərəfindən cavabdehin avtomobilinin təmir edilməsi üçün götürülmüşdür. Məbləğin bir qismi kredit, bir qismi tamkart şəklində verilib. Hazırda cavabdeh işsizdir və bank pulu onun əmək haqqısından tutur. Digər borc isə məhkəmə qətnaməsinə əsasən yaranmış borcdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh xx.xx.1979-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6226/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-6226/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 9036,63 manat əsas və 1191,35 manat faiz borcunun tutulması hissədə dəyişdirilərək, əsas borc 9026,83 manat, faiz borcu 742,21 manat, cəmi 9769,04 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6601/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər iddiaçının yanında qalması və xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 190 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1192/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında əmlak bölgüsü aparılmışdır. xx.xx.2021-ci il tarixli, BPM**********42№-li kredit müqaviləsi əsasında iddiaçı Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialından 3600 manat məbləğində kredit götürmüşdür. Ödəniş cədvəlinə uyğun olaraq hər ay 115,39 manat, sonuncu ay isə 114,98 manat ödəniş etməli idi. "xxxx" ASC-nin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən iddiaçının xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1761,32 manat qalıq borcu vardır. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəllədə göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1). Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (32.2.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.2.). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Göründüyü kimi tərəflər birgə nikahda olduqları dövrdə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında iddiaçı Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialından 3600 manat məbləğində kredit götürmüşdür. Həmin kredit tərəflərin birgə nikahları dövründə əldə edildiyindən tərəflərin ümumi öhdəliyi hesab edilməlidir. Məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixinə iddiaçının həmin kredit müqaviləsi üzrə 1761,32 borcu vardır. Məhkəmə hesab edir ki, kreditin qalan məbləği artıq ödənildiyindən, icra edilmiş öhdəlik olmaqla tərəflər arasında bölünə bilməz. Həmin müqavilə üzrə halhazır mövcud olan 1761,32 manat borc isə tərəflər arasında bölünməklə, tərəflərin hər birinin borc məbləği 880,66 manat müəyyən edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında yaranmış borcun bölünməsi ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18,5% ödəmək şərtilə 11 000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bankla iddiaçı arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz kredit öhdəliyini lazımi qaydada icra etmədiyi üçün bank məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Yəni, həmin borc qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında yaranmış və iddiaçı həmin kredit müqaviləsi üzrə zamin olmuşdur. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi, zamin kreditor qarşısında əsas borclu ilə birgə məsuliyyət daşıyır və əsas borclu öhdəliyi icra etmədikdə kreditor tələbi zaminə yönəltmək hüququna malikdir. Yəni, iddiaçı həmin müqavilə üzrə bank qarşısında zamin kimi məsuliyyət daşıdığından, həmin kredit borcu ər-arvadın birgə öhdəliyi hesab edilərək tərəflər arasında bölünə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc 1761 (min yeddi yüz altmış bir) manat 32 (otuz iki) qəpik İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünsün. İddiaçı və Cavabdeh həmin borc üzrə hər birinin öhdəliyi 880 (səkkiz yüz səksən) manat 66 (altmış altı) qəpik olmaqla müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manatın 30 (otuz) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-5002/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5002/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver