Məhkəmə qərarları › İş №e-2(060)-501/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-501/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-501/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus, Cavabdeh tərəfindən idarə olunan ** JE *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD65” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** AD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 3251,37 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 3151,37 manat (2755,40 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 495,97 manat ƏDV olmaqla, həmçinin 100,00 manat azadolma çıxılmaqla) məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2023-cü il tarixində 3151,37 manat (üç min yüz əlli bir manat, otuz yeddi qəpik) subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində ƏDV daxil olmaqla 3151,37 manat (üç min yüz əlli bir manat, otuz yeddi qəpik) manat məbləğində vəsaitin, 51,51 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu iclasla bağlı iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh "xxxx" MMC-nin sürücüsüdür. MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. Onunla MMC arasında əmək müqaviləsi bağlanılmışdır. Sözügedən nəqliyyat vasitəsi MMC-yə məxsusdur və yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin icbari sığortası mövcud olmuşdur.

10. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AC № 103564 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JE *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” yük markalı avtonəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur.

12. İşin materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2022-ci il tarixli, № TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, ** JE *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” yük markalı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

13. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatdan görünür ki, ** AD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobilə ümumilikdə 3251,37 manat məbləğində ziyan dəymişdir.

14. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus ** AD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 3251,37 manat təşkil edir, "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği 3251,37 manat təşkil etmişdir.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Paşa Sığorta” ASC tərəfindən "xxxx" MMC-nin hesabına 3251,37 manat pul köçürülmüşdür.

16. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 9/1827 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan xx.xx.2022-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 2014-cü il buraxılışlı, ** AD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobilin təmir-bərpa xərci ƏDV daxil təxminən - dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2787 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 1987 manat, təmir-bərpa işlərinin qiyməti 800 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2357 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 1557 manat, təmir-bərpa işlərinin qiyməti 800 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-yə (hazırda "xxxx" MMC) məxsus ** JE *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD65” markalı avtonəqliyyat vasitəsi yol vərəqəsi ilə Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur

18. Hazırda "xxxx" ASC Cavabdeh qarşı iddia ilə sürərək, subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

22. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

26. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.

29. Göründüyü kimi ** JE *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” yük markalı avtonəqliyyat vasitəsi "xxxx" MMC-nin adında qeydiyyatdadır və yol-nəqliyyat hadisəsi zamanı adıçəkilən avtomobil yol vərəqəsi əsasında öz xidməti vəzifələrini icra edən həmin MMC-nin sürücüsü Cavabdeh tərəfindən idarə olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərə görə məsuliyyəti "xxxx" MMC (hazırki adı "xxxx" MMC) daşımalıdır.

30. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsində təqsirli olan Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortasının olmadığını əsas gətirərək, sığorta ödənişinin əvəzini tələb edir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi baş verən tarixə icbari sığortası mövcud olmuşdur.

31. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil "xxxx" MMC-yə (hazırki adı "xxxx" MMC) məxsus olduğundan və zərərin vurulmasında təqsirli olan şəxs Cavabdeh qeyd olunan hüquqi şəxsin işçisi olduğundan həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımamalıdır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası rədd edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar