Məhkəmə qərarları › İş №e-2(060)-5023/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5023/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5023/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA240619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 10511.84 (on min beş yüz on bir manat 84 qəpik) manat məbləğində borcun-bundan 10431.11 (on min dörd yüz otuz bir manat 11 qəpik) manat əsas borcun və 80.73 (səksən manat 73 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 121.54 (yüz iyirmi bir manat 54 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cü il tarixli Fərmanına uyğun olaraq bağlanmış 24 iyun 2019cu il tarixli MBNP ***-*******FİMSA240619-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 11236 (on bir min iki yüz otuz altı) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə bank arasında 24 iyun 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 21 iyun 2023-cü il tarixli **********012 nömrəli bildirişin göndərilməsinə baxmayaraq cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 24 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA240619-01 nömrəli kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 10511.84 (on min beş yüz on bir manat 84 qəpik) manat borcu vardır. Bundan 10431.11 (on min dörd yüz otuz bir manat 11 qəpik) manatı əsas borc və 80.73 (səksən manat 73 qəpik) manatı faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə2 eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam araşdıraraq hesab edir ki, iddia tələbi əsasldır və təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış MBNP***- *******FİMAS240619-01 nömrəli, 24 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 11236 (on bir min iki yüz otuz altı) manat məbləğində güzəştli şərtlərlə kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 arasında ***-*******FİMSA240619-01/ZM/1 və ***-*******FİMSA240619-01/ZM/2 saylı, 24 iyun 2019-cu il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, MBNP***- *******FİMAS240619-01 nömrəli, 24 iyun 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 öz üzərinə götürmüşdür. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, LPO Amrahbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli ***- *******FİMSA240619-01 saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixinə cəmi 10511.84 (on min beş yüz on bir manat 84 qəpik) manat məbləğində borcun-bundan 10431.11 (on min dörd yüz otuz bir manat 11 qəpik) manat əsas borcun və 80.73 (səksən manat 73 qəpik) manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca içra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 10431 (on min dörd yüz otuz bir) manat 11 (on bir) qəpik əsas borcun və 80 (səksən) manat 73 (yetmiş üç) qəpik faiz, cəmi 10511.84 (on min beş yüz on bir) manat 84 (səksən dörd) qəpik məbləğində borcun pul vəsaitinin və 121 (bir yüz iyirmi bir) manat 54 (əlli dörd) qəpik məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar