Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5025/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1560/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 7387,43 manat əsas, 1045,2 manat faiz, 1686, 57 manat cərimə borcu olmaqla, cəmi 10119,26 manat məbləğində borcunun və ödənilmiş 120,36 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1560/F21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19,5% olmaqla, 36 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, iddiaçı Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 1560/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, tələb edilən əsas və faiz borcu ilə razıdır. Maddi imkanı aşağı olduğu üçün ödənişləri yerinə yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1991-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1993-cü ildə, İmişli rayonu, Qaralar kəndində anadan olmuşdur. O, Füzuli rayonu, Şıxlı kəndi ərazisində qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1560/F21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19,5% olmaqla, 36 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. Kreditin cavabdehə verildiyini işdə olan kassa məxaric orderi də təsdiq edir. Ödəniş qrafikinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixinə kimi hər ay 350,64 manat, sonuncu ay isə 350,57 manat ödəniş etməlidir. İddiaçı ilə bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı qarşısında zamin olmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddiaçının pul tələbi barədə iddiasını 7387,43 manat əsas bоrcu, 1045,2 manat faiz bоrcu hissəsində etiraf etmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 120,36 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1560/F21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19,5% olmaqla, 36 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh2 kredit öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Göründüyü kimi Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizədə iddianı etiraf etdiyini bildirmişdir. İddianın etiraf edilməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını pozmur. Bu isə iddianın təmin edilməsi üçün əsasdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 7387,43 manat əsas borc məbləğinə 1686,57 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 300 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh1 zaminlik müqaviləsinə əsasən iddiaçı qarşısında Cavabdeh2 kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh2 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh1 müştərək qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120,36 manat dövlət rüsumunun 110 manatı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 7387,43 manat, faiz borcu üzrə 1045,26 manat, cərimə üzrə 300 manat olmaqla, cəmi 8732 (səkkiz min yeddi yüz otuz iki) manat 69 (altmış doqquz) qəpik məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 120,36 manat dövlət rüsumunun 110 (yüz on) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-5025/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5025/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver