Məhkəmə qərarları › İş №e-2(060)-5102/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5102/2024

23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5102/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 126,32 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «X1 Azərbaycan» QSC arasında xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(060)- 486/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı «X1 Azərbaycan» QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 35 manat, xx.xx.2022-ci il tarixində ödənilən 23 manat, xx.xx.2022-ci il tarixində ödənilən 25 manat, xx.xx.2022-ci il tarixində ödənilən 15 manat, xx.xx.2022-ci il tarixində ödənilən 18 manat, xx.xx.2022-ci il tarixində ödənilən 22 manat, xx.xx.2022-ci il tarixində ödənilən 21 manat, xx.xx.2022-ci il tarixində ödənilən 400 manat, xx.xx.2022-ci il tarixində ödənilən 217,89 manat, xx.xx.2024-cü il tarixində ödənilən 65,20 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 126,32 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yəödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 126,32 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyə!ndə qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Tədqiq olunan sübutlar:

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(060)-486/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 683,36 manat əsas borc, 22,03 manat faiz borcu, 35 manat cərimə borcu, cəmi 1800,06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 6,5 manat digər məhkəmə xərcləri tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-nə ödənilməsi qət edilmişdir.

2. «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilədən görünür ki, bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra borcların yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəməyi (müvafiq ödəniş sənədləri əsasında) öhdəsinə götürmüşdür.

3. «X1 Azərbaycan» QSC tərəfindən tərtib olunmuş maliyyə arayışında qeyd olunmuşdur ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2024-cü ilə təmin edilmiş 842,09 manat məbləğində pul vəsaitinə görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 126,32 manat məbləğində xidmət haqqı ödənilmişdir.

4. 03.07.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 5 iş günü müddətində pretenziyada göstərilən 126,32 manat məbləğində pul vəsaitinin «X1 Azərbaycan» QSC-yə ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

8. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun:

-8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

12. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(060)-486/2021 saylı qətnaməsi ilə Cavabdeh 683,36 manat əsas borc, 22,03 manat faiz borcu, 35 manat cərimə borcu, cəmi 1800,06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 6,5 manat digər məhkəmə xərcləri tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-nə ödənilməsi qət edilmişdir.

13. İddiaçı «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"xxxx"xxxx" MMC-nin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 126,32 manat xidmət haqqı ödənilmişdir.

14. Məhkəmə hər kəsin müqavilə bağlamaqda müstəqil olması prinsipini rəhbər tutaraq qeyd edir ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti könüllü şəkildə müstəqil olaraq öz seçimi ilə "xxxx" MMC ilə xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlamışdır.

15. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin məcburi icra qaydası və şərtləri İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunun yuxarıda qeyd olunan normalarının mənasından göründüyü kimi icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin sənədin icrası isə icra məmurları tərəfindən həyata keçirilir. Lakin iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qanunverici tərəfindən məhkəmə qətnaməsinin icrası üçün müəyyən edilən üsul və vasitəni seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsini seçmiş və xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir.

16. İddiaçı hazırda həmin məbləği ona ziyan dəyməsinin nəticəsi olaraq tələb edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - törədilmiş əməlin hüquqa zidd olması; - əməlin təqsirli olaraq törədilməsi; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması; Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.

17. Hazırda iddiaçı tərəfindən tələb edilən 126,32 manat borc cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmamışdır, eyni zamanda bu borcun yaranması ilə onun hərəkətləri arasında hər hansı səbəbli əlaqə yoxdur.

18. Başqa sözlə desək icra tədbirləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra məmurları tərəfindən həyata keçirilə bilərdi və buna görə iddiaçı tərəfindən hər hansı əlavə ödənişin ödənilməsinə lüzum qalmazdı. İddiaçının öz seçimi əsasında icra sənədinin icrası üçün alternativ üsuldan istifadə edib əlavə məbləğ ödəməsi isə cavabdeh tərəfindən ona ziyanın vurulması kimi qiymətləndirilə bilməz.

19. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan ödənişin dəymiş zərərin əvəzi qismində cavabdehdən tələb olunması əsassızdır.

20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir.

Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar