Məhkəmə qərarları › İş №e-2(060)-5107/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5107/2022

23.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5107/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı X2 və Cavabdeh Qəhrəman oğlunun iştirakları ilə İddiaçı X2 Cavabdeh Qəhrəman oğluna qarşı “ sabit pul məbləğində aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10159/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh Qəhrəman oğlundan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10159/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Qəhrəman oğlundan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X8 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10159/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq X2 xeyrinə Cavabdeh Qəhrəman oğlundan hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət edilmişdir. Məhkəmənin qətnaməsini qanunsuz və ədalətsiz hesab edir. Beləki, cavabdehlə xx.xx.2004-cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X11 anadan olmuşlar. Xeyli müddətdir ki, cavabdehlə birgə yaşamırlar. Cavabdeh uşaqlarına heç bir maddi yardım göstərmir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Özü tikiş fabrikasında işlətir və aylıq maaşı 200-250 manat təşkil edir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzər alaraq, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10159/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Qəhrəman oğlundan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh Qəhrəman oğlu iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç övladları var. Övladlarından biri artıq yetkinlik yaşına çatmışdır. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan rəsmi nikah pozulmuşdur. İddiaçının tələbi üzrə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə hər ay kəsilən alimenti ödəyir. Hazırda tələb olunan aliment məbləğini qismən qəbul edir. Belə ki, o, xəstədir, daimi müalicə və müayinəyə ehtiyacı vardır. O, hazırda 570 manat təqaüd alır və hər ay 200-300 manat məbləğində övladlarına maddi yardım göstərir. Hazırda da, o, ümumilikdə 200 manat aliment ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı X2 və Cavabdeh Qəhrəman oğlunun izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10159/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 21 sentyabr 2015-ci il tarixdən başlayaraq X2 xeyrinə Cavabdeh Qəhrəman oğlundan hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ №350233 saylı, xx.xx.2020-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan AZ-İ № 788986 saylı, xx.xx.2006-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 236 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 413344 saylı, xx.xx.2010-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 692 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 5 saylı Mediasiya Təşkilatı mediasiya şurası tərəfindən təyin edilmiş mediatoru X3 xx.xx.2022-ci il tarixinə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X7” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X6 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10159/2015 saylı iş üzrə qəbul etdiyi 19 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10159/2015 saylı, 19 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh Qəhrəman oğlundan hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilsin. Cavabdeh Qəhrəman oğlundan 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh Qəhrəman oğlundan alınaraq iddiaçı X5 ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar