Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5125/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1333,21 manat əsas borc, 13,5 manat faiz borcu olmaqla, cəmi 1346,71 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bayramov Ramiz Arduş oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CE/56634/70/11 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 2560 manat məbləğlərində kredit vermişdir. Hazırda mərhum Bayramov Ramiz Arduş oğlunun Banka ümumi olaraq 1346.71 manat borcu vardır. Bayramov Ramiz Arduş oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Bayramov Ramiz Arduş oğlunun qanuni vərəsəsidir. Bayramov Ramiz Arduş oğlu tərəfindən vərəsələrinə qalan miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB479370 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2021251A135063, mühərrikin nömrəsi və buraxılış ili 1994-cü il olan Mercedes minik markalı 50CE851 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 01 avqust 2019cu il tarixdə kredit müqaviləsini mərhum atası Bayramov Ramiz Arduş oğlu bağlamışdır. İddia ərizəsində qeyd edildiyi kimi cavabdehin atası xx.xx.2020-ci il tarixdə vəfat elmişdir. Atasının vəfatından sonra onun ölüm haqqında şəhadətnaməsi banka təqdim edilmiş, bank da müqavilənin xitam edilərək borcun sıfırlandığını onlara bildirmişdir. Lakin bununla bağlı heç bir sənəd ona təqdim edilməmiş, həmin rəsmi sənəd onun tərəfindən bankdan tələb edilməmişdir. Buna baxmayaraq üzərindən uzun müddət keçdikdən sonra bank bu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini 19 mart 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə və mərhum atasının yeganə vərəsəsi olmağı ilə əsaslandırmışdır. Lakin iddia müddətinin ötməsi səbəbindən hazırkı iddia təmin edilə bilməz. Mübahisəli müqavilə 2019-cu il tarixdə 18 ay müddətinə bağlanılmışdır. Belə ki, həmin müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Qanunvericiliyin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Göründüyü kimi iddia kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 3 il müddətinə yəni, xx.xx.2024-cü il tarixə kimi məhkəməyə müraciət etməli idi. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaydada cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin vərəsəsini qəbul etdiyi Bayramov Ramiz Arduş oğlu ilə xx.xx.2019-cu il tarixində bağlanmış müqaviləyə görə borcluya 2560 azn məbləğində kredit verilmişdir və hazırda mərhumun Banka 1333.21 manat əsas və 13.5 manat faiz olmaqla, ümumilikdə 1346.71 manat borcu vardır. Borclu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, iş üzrə cavabdeh mərhumun vərəsəsidir. Cavabdeh vərəsəsi olduğu şəxsin borcu olması ilə bağlı xəbərdar olmuş və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmişdir. Cavabdeh ərizəsində qeyd etsə də, müqavilənin xitam edilməsi və borcun sıfırlanması ilə bağlı cavabdehə hər hansı məlumat verilməmişdir. Müddətin ötürülmə məsələsinə gəldikdə isə kredit müqaviləsi cavabdehin ərizəsində qeyd etdiyi kimi 18 ay müddətinə deyil, 36 ay müddətinə bağlanmışdır və belə olduğu halda müqavilənin bitmə tarixinin xx.xx.2022-ci il tarixi olması nəzərə alınmalıdır. Göründüyü kimi kredit müqaviləsi üzrə borc pul məbləğinin tələb olunması üçün, qanunvericilikdə nəzərdə tutulan 3 il müddət, yəni müqavilənin bitmə tarixindən (xx.xx.2022-ci il tarixindən) 3 il müddət keçməmişdir. Belə ki, göstərilən əsaslarla iddiaçının xx.xx.2025-ci il tarixinə qədər kredit müqaviləsi ilə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi hüququ qüvvədədir. Qanunvericiliyə əsasən vərəsəliyin açılması barədə məlumatın əldə olunması bankın borcu deyildir. Lakin, xx.xx.2021-ci ildə qanun üzrə vərəsəliyin açılması ilə bağlı banka rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumat alınması barədə isə xx.xx.2023-cü il tarixində notariusa sorğu göndərmiş və vərəsəliyin açılmasından xx.xx.2023-cü il tarixində notariusun cavabı ilə məlumatlı olmuşlar. Cavabdeh borcu ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, cavabdeh ərizəsində müqavilənin müddətini 18 ay qeyd edib. Əslində müqavilə 36 ay müddətinə bağlanıb. Belə olan halda iddia müddəti ötürülməyib. Həmin müddət xx.xx.2025-ci il tarixə qədər davam edir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Bayramov Ramiz Arduş oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CE/56634/70/11 saylı müqaviləyə əsasən bank tərəfindən ona illik 27 faizlə, 36 ay müddətinə ümumilikdə 2560 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən Bayramov Ramiz Arduş oğlu 36 ay müddətinə hər ay 104,51 manat, sonuncu ay isə 107,62 manat ödəniş etməli idi. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bayramov Ramiz Arduş oğlunun iddiaçıya həmin tarixə 1333,21 manat əsas borcu, 13,5 manat faiz borcu vardır. Ölüm haqqında şəhadətnamədən görünür ki, Bayramov Ramiz Arduş oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB479370 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2021251A135063, mühərrikin nömrəsi və buraxılış ili 1994-cü il olan Mercedes minik markalı 50CE851 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 34 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür (746.1). Göründüyü kimi iddiaçı ilə Bayramov Ramiz Arduş arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Bayramov Ramiz Arduş kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh Bayramov Ramiz Arduş oğlunun vərəsəsidir və onun mirasından tam hissədə pay almalıdır. Belə olan halda o, Bayramov Ramiz Arduş oğlunun kredit borcuna münasibətdə borclu kimi çıxış etməlidir. Bu səbəbdən Bayramov Ramiz Arduş oğlunun vərəsəsi Cavabdeh iddiaçıya borclu olduğu 1333,21 manat əsas borcu, 13,5 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəliliinə gəldikdə qeyd edilməlidir ki, Bayramov Ramiz Arduş oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CE/56634/70/11 saylı müqavilə 36 ay müddətinə bağlanılmışdır. Sözügedən müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Qanunvericiliyin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulduğundan iddiaçının xx.xx.2025-ci il tarixinə qədər kredit müqaviləsi ilə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi hüququ qüvvədədir.Ona görə də müddətin tətbiqi ilə bağlı verilmiş ərizə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əsas borc üzrə 1333,21 manat, faiz borcu üzrə 13,5 manat olmaqla, cəmi 1346 (bir min üç yüz qırx altı) manat 71 (yetmiş bir) qəpik məbləğində pul və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5125/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5125/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver