Məhkəmə qərarları › İş №e-2(060)-5129/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5129/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5129/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 10 oktyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli kredit müqaviləsinə əsasən da 668 (altı yüz altmış səkkiz) manat əsas, 90 (doxsan) manat faiz, 56,59 (əlli altı manat 59 qəpik) manat cərimə, 111,33 (bir yüz on bir manat 33 qəpik) manat əsas borca illik beş faizlə hesablanmış faiz borcunun, xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsinə əsasən 1.616 (bir min altı yüz on altı) manat əsas, 208,83 (iki yüz səkkiz manat 83 qəpik) manat faiz, 100,08 (bir yüz manat 08 qəpik) manat cərimə, 272,14 (iki yüz yetmiş iki manat 14 qəpik) manat əsas borca illik beş faizlə hesablanmış faiz borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə 3.122,97 (üç min bir yüz iyirmi iki manat 97 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 51,23 (əlli bir manat 23 qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Dostluq” filialı ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 12 (on iki) ay müddətinə illik 12,5 (on iki tam onda beş) faiz şərtilə 718 (yeddi yüz on səkkiz) manat, xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsinə əsasən isə 12 (on iki) ay müddətinə illik 12,5 (on iki tam onda beş) faiz şərtilə 1.666 (bir min altı yüz altmış altı) manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 1472 nömrəli məktubunun surətindən görünür ki, kredit alan X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və mərhumdan miras qalmış əmlaka dair oğlu Cavabdeh xx.xx.2021-ci il tarixli 2V-332 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək qeyd edirik ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyır. Bu səbəbdən də hesab edirlər ki, kredit müqaviləsi üzrə kredit alanın ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Kredit müqavilələrinin 3.3 bəndinə əsasən, kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) gün müddətin bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan kredit müqaviləsinin 3.4. bəndinə əsasən, kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 12,5 (on iki tam onda beş) faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim günün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4 bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli **********203 saylı və xx.xx.2024-cü il tarixli **********231 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cəmi borcu 2.197,05 (iki min bir yüz doxsan yeddi manat 05 qəpik) manat təşkil edir ki, bunun da 1.616 (bir min altı yüz on altı) manatı əsas, 208,83 (iki yüz səkkiz manat 83 qəpik) manatı faiz, 100,08 (bir yüz manat 08 qəpik) manatı cərimə, 272,14 (iki yüz yetmiş iki manat 14 qəpik) manatı isə əsas borca illik beş faizlə hesablanmış faiz borcudur. Bundan başqa, Cavabdeh xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cəmi borcu 925,92 (doqquz yüz iyirmi beş manat 92 qəpik) manat təşkil edir ki, bunun da 668 (altı yüz altmış səkkiz) manatı əsas, 90 (doxsan) manatı faiz, 56,59 (əlli altı manat 59 qəpik) manatı cərimə, 111,33 (bir yüz on bir manat 33 qəpik) manatı isə əsas borca illik beş faizlə hesablanmış faiz borcu təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasınını yeri və vaxtı barədə lazımı qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun vərəsəlik hüququ haqqında şəhadətnamədən xəbəri yoxdur. Ona atasından heç bir miras qalmamışdır. Həmçinin, o, hərbi xidmətdə olmuş və bu vaxt kredit ödənişini edə bilməzdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə X4 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X3 12 (on iki) ay müddətinə illik 12,5 (on iki tam onda beş) faiz şərtilə 1.666 (bir min altı yüz altmış altı) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə X4 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X3 12 (on iki) ay müddətinə illik 12,5 (on iki tam onda beş) faiz şərtilə 718 (yeddi yüz on səkkiz) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, **********222 saylı maliyyə arayışdan görünür ki, X2 LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.616 (bir min altı yüz on altı) manat əsas, 208,83 (iki yüz səkkiz manat 83 qəpik) manat faiz, 100,08 (bir yüz manat 08 qəpik) manat cərimə, 272,14 (iki yüz yetmiş iki manat 14 qəpik) manat əsas borca illik beş faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2197.05 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli, **********223 saylı maliyyə arayışdan görünür ki, X2 LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 668 (altı yüz altmış səkkiz) manat əsas, 90 (doxsan) manat faiz, 56,59 (əlli altı manat 59 qəpik) manat cərimə, 111,33 (bir yüz on bir manat 33 qəpik) manat əsas borca illik beş faizlə hesablanmış faiz borcu olmaqla,ümumilikdə 925.92 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə X2 vərəsəsi Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan AZ-İİ 178649 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 322 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli və xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqavilələri imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X4 xx.xx.2021-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdə olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur. O, mərhumdan miras qalmış əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azman” Holding tərəfindən daxil olan xx.xx.2021-cil tarixli 34 nömrəli məktuba əsasən 1950 manat mələğində olan müavinətdən ibarətdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh X1 miras qalmış 1950 manat məbləğində pul vəsaitini qəbul etdiyindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə X4 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli və xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 vərəsəsi Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsinə əsasən, 1616 manat əsas və 208.83 manat faiz borcu olmaqla, cəmi 1824.83 manat və xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli kredit müqaviləsi üzrə miras aktivindən qalan hissədə, yəni 125,17 (1950-1824,83) manat əsas borc tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən (təxminən 62% həcmində) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 51.23 dövlət rüsumunun 32 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə (19.23 manat) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx.xx.2020-ci il tarixli 009 DSFƏK nömrəli kredit müqaviləsinə əsasən 1616 (bir min altı yüz on altı) manat əsas və 208,83 (iki yüz səkkiz manat səksən üç qəpik) manat faiz borcu və xx.xx.2020-ci il tarixli 008 DSFƏK nömrəli kredit müqaviləsi üzrə 125,17 (bir yüz iyirmi beş manat on yeddi qəpik) manat əsas borc olmaqla, iki kredit müqaviləsi üzrə ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat borc, həmçinin ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat hissəsi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar