Məhkəmə qərarları › İş №e-2(060)-5165/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5165/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5165/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı kredit müqaviləsi və BK-00027016 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1236,78 (bir min iki yüz otuz altı manat 78 qəpik) manat, faiz borcu üzrə 137,10 (bir yüz otuz yeddi manat 10 qəpik) manat olmaqla cəmi 1373,88 (bir min üç yüz yetmiş üç manat 88 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “avtomobil alışı” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 2.17%, illik 26 % olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK-00027016 saylı zaminlik müqaviləsi bağlanmışdır. İnkişaf üçün Maliyyə” MMC ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kredit və zaminlik müqavilələrinin müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1763,22 (bir min yeddi yüz altmış üç manat 22 qəpik) manat, faiz borcu üzrə 2065,52 (iki min altmış beş manat 22 qəpik) manat və müqavilənin 3.1.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 3,57 (üç manat 57 qəpik) manat olmaqla, cəmi 4247 (dörd min iki yüz qırx yeddi) manat məbləğində pul ödənilmişdir. Hal hazırda borclunun təşkilata əsas məbləğ üzrə 1236,78 (bir min iki yüz otuz altı manat 78 qəpik) manat, faiz borcu üzrə 137,10 (bir yüz otuz yeddi manat 10 qəpik) manat olmaqla cəmi 1373,88 (bir min üç yüz yetmiş üç manat 88 qəpik) manat məbləğində kredit borcu var.

Tədqiq olunan sübutlar:

3. xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 18 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmişdir.

4. xx.xx.2021-ci il tarixli, BK-00027016 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kreditor qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır.

5. xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, həmin razılaşma ilə xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı kredit müqaviləsinin müddəti əlavə olaraq 5 ay müddətinə uzadılmışvə ilk ödəniş tarixi xx.xx.2022-ci il son ödəniş günü 2xx.xx.2023-cü il müəyyənləşdirilmişdir.

6. xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı zaminlik müqaviləsinə əlavədən görünür ki, xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı zaminlik müqaviləsinə əsasən zamin X1 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilməsinə təminat verdiyi müvafiq kredit müqaviləsinin müddətinin uzadılmasına və ödəniş cədvəlinin dəyişdirilməsinə razı olduğunu və bu dəyişikliyin onun üçün digər əlverişsiz nəticələrə səbə olmadığını bildirmişdir.

7. 13.03.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.

8. 15.07.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

9. 04.07.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1236,78 manat əsas; 137,10 manat faiz; 0 manat cərimə olmaqla, cəmi 1373,88 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

1. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

5. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

6. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

7. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 26% ödəmək şərtilə, 3000 manat məbləğində kredit verilmişdir.

8. Cavabdeh1 01 aprel 2021-ci il tarixli, L-BK-0054353 saylı kredit və zamin Cavabdeh2 BK-00027016 saylı zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər.

9. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

11. Cavabdeh2 yuxarıda adı qeyd edilən zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia təmin edilməlidir.

12. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

15. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı müqavilə üzrə 1236,78 manat əsas borc, 137,10 manat faiz borcu olmaqla, cəmi 1236 (bir min iki yüz otuz altı) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul vəsaiti tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə ödənilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, L-BK-0054353-F saylı müqavilə üzrə 1236,78 manat əsas borc, 137,10 manat faiz borcu olmaqla, cəmi 1236 (bir min iki yüz otuz altı) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul vəsaiti tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar