Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-518/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh Mönsün oğlunun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri ərazisində hərəkət edən zaman yol nişanları tələblərini pozmuş, nəticədə “Opel Meriva” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər, X1 yüngül xəsarət vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Sumqayıt ŞPİ tərəfindən tərtib edilmiş qərara əsasən “Chevrolet Cruze” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Mönsün oğlunun İXMnin 327.1 və 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində, zərərçəkən üçüncü şəxslərə "xxxx" ASC tərəfindən 5183 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Chevrolet Cruze” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Göstərilənlərə əsasən Cavabdeh Mönsün oğlundan 5183 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 72,23 manat dövlət rüsumu, ümumilikdə 5255,23 manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, “bu ünvanda yaşamır” qeydi ilə bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin “Chevrolet Cruze” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməklə aralarında gələcəkdə ziyanla bağlı narazılıq yaranacağı təqdirdə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.
9. Həmin qərardan görünür ki, Cavabdeh izahatında hadisədən əvvəl spirtli içki içmədiyini, lakin bir gün əvvəl tanımadığı şəxsin ona narkotik vasitə olan marixuana çəkməyi təklif etdiyindən qurudulmuş marixuana çəkdiyini bildirmişdir.
10. İş materiallarında olan İAS241258 saylı, xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Opel Meriva” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3693 manat, ödənilmiş sığorta ödənişinin məbləği 3693 manat təşkil edir.
11. İş materiallarında olan İAS241259 saylı, xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 740 manat, ödənilmiş sığorta ödənişinin məbləği 740 manat təşkil edir.
12. İş materiallarında olan İAS241260 saylı, xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X5 dəymiş ziyanın məbləği 750 manat, ödənilmiş sığorta ödənişinin məbləği 750 manat təşkil edir.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, “VAZ 21074” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 740 manat məbləğində müəyyən edilmişdir.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Opel Meriva” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3693 manat məbləğində müəyyən edilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” X11 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 848 nömrəli rəydən görünür ki, X4 bədəni üzərində ağ budun geniş ölçülü qançırı, sağ baldırın qançırı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən yaranmışdırlar, müayinədən 1-2 həftə olmaqla qərarda göstərilən vaxtdan və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.
16. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 750 manat, X6 hesabına 3693 manat, X2 hesabına 740 manat pul köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh istifadəsində olan və iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Chevrolet Cruze” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən yol-nəqliyyat hadisəsini törədərək, “Opel Meriva” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər, X1 yüngül xəsarət vurmuşdur. Bununla əlaqədar sığorta aktlarına əsasən sığorta şirkəti tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi cəmi 5183 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməi zəruri hesab edir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Eyni Məcələnin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
23. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Eyni Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
27. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
28. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
29. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır.
30. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması kimi müəyyən edilmişdir.
31. Həmin Qanunun 14.2.5-ci bəndinə əsasən yüngül xəsarət almasına görə isə dəyən ziyanın miqdarı 15 faiz müəyyən edilmişdir.
32. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh aid edilməlidir.
34. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 5183 (beş min yüz səksən üç) manat məbləğində pul və 72,23 (yetmiş iki manat, iyirmi üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5183 (beş min bir yüz səksən üç) manat məbləğində pul və 72,23 (yetmiş iki manat, iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir
Sədrlik edən Şəbnəm Həxiyeva