Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5240/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1285 manat sığorta ödənişi, 32.85 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1317.85 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Maddə 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir.
4. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılması o zaman yolveriləndir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar iş materiallarına əlavə edilsin, məhkəmə tərəfindən tələbi təsdiq edən hər hansı əlavə sübut tələb edilməsinə ehtiyac qalmasın. Çünki, məhkəmə işə yazılı icraat qaydasında, əlavə araşdırma aparmadan və tərəfləri dinləmədən baxır.
5. Elə bu səbəbdəndir ki, mülki prosessual qanunvericilik tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbulundan imtina edilməsinə yol vermişdir.
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi yerindən cavabdehin yayınması və nəticədə ona qarşı subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdır.
7. Məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də 25.1.8-ci maddəsinə görə həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
8. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması inzibati xəta tərkibinin yaranmasına səbəb olan hadisədir. Həmin Məcəllənin 8.1-ci maddəsi ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
9. Qanunvericiliyin tələbindən də görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müvafiq qanuni qüvvəyə minmiş qərarla müəyyən edilir.
10. İddiaçı ərizəsinə bununla bağlı İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında protokolu əlavə etsə də, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar məhkəməyə təqdim edilməmişdir.
11. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri tələbi təsdiq edən sənəd kimi qəbul edə bilməz.
12. Göründüyü kimi, hazırkı iş materiallarında iddianı təsdiq edən sənədlər əlavə edilməmişdir və belə olan halda ərizənin icraata qəbulundan imtina edilməlidir.
13. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Pərvin İmamverdiyeva