Məhkəmə qərarları › İş №e-2(060)-5249/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5249/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5249/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cəmi borcu 1705,55 ABŞ dolları-bundan 434,23 ABŞ dolları əsas, 312,98 ABŞ dolları faiz, 895,33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63,90 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 49 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehə illik 20% dərəcəsi ilə, 12 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 2079,79 ABŞ dolları borcu restrukturizasiya edilmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 17% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh1 cəmi borcu 1705,55 ABŞ dolları təşkil edir. Bundan 434,23 ABŞ dolları əsas, 312,98 ABŞ dolları faiz, 895,33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63,90 ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********483 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:

3. Cavabdeh1 iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Sumqayıt filialı ilə onun arasında 19 noyabr 2015-ci il tarixli, ********* qeydiyyat nömrəli kredit müqaviləsini etibarsız hesab edərək, iddiaçının ona və qeyrilərinə qarşı ‘'borc” tələbinə dair idddiasına iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı ASC-nin ona qarşı ‘’borc” tələbinə dair e-2(060)-5249/2024 saylı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalı mülki iş var. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 1705,55 ABŞ dolları, bundan 434,23 ABŞ dolları əsas, 312,98 ABŞ dolları faiz, 895,33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutisya Məhkəməsinin xx.xx.2014-ctı il tarixli Plenum qəranım əsasən 63,90 ABŞ dolları faiz borcu və iş üzrə ödənimilmiş 49 manat dövlət rüsumunun ondan və qeyrilərindən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin Sumqayıt filialı ilə onun arasında 19 noyabr 2015-ci ıl tarixli, ********* qeydiyyat nömrəli kredit müqaviləsi bağlamışdır.Həmin kredit müqaviləsinə əsasən, ona illik 20 % dərəcəsi ilə 12 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə bank arasındal 10011951 qeydiyyat nönrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xüsusi Fərmanı ilə kredit borcu restrukturizasıya edilmiş, onlara ödənilməli olan məbləğ ödənilməmiş kredit borcuna çıxılmışdır. Bank da müqaviləni xitam edilərək borcun sıfırlandığı onlara bildirmişdir. Lakin bununla bağlı heç bir sənəd ona təqdim edilməmiş, həmin rəsmi sənəd onun tərəfindən də bankdan tələb edilməmişdir. Buna baxmayaraq üzərindən uzun müddət keçdikdən sonra bank bu iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mübahisəli kredit müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixədək uzadılması i hə bağlı məlumatı iddia verilərkən məlumatlı olmuşdur. Habelə bu müddət ərzində bank pul tələbi ilə bağlı nə ona, nə də cavabdehlərə xəbərdarlıq etmişdir. Həmin uzadılma barədə müqavilədən məlumatı olmayıb, nə o, nə də zaminlər kredit müqaviləəsinə əlavəyə imza çəkmişdirlər. Hesab edir ki, 2015-ci il tarixli müqaviləsinin uzadılmasına dair əlavə saziş qanunsuz və əsassızdır, iddia müddətinin ötməsi səbəbindən hazırkı iddia təmin edilə bilməz. Bundan əlavə mübahisəli müqavilə 2015-ci il tarixdə bir illik müddətə bağlanılmışdır. Belə ki, həmin müqavilənin müddəti xx.xx.2016-ci il tarixdə bitmişdir. Qanunvericiliyin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 3 il müddətinə yəni, xx.xx.2019-cu il tarixə kimi məhkəməyə müraciət etməli idi.

İddia müddətinin tətbiqi haqqında ərizənin əsassızlığına dair iddiaçının əsaslandığı hallar

4. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Aynur Mahmudova ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinin təmin edilməməsini, xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin olunmuş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X4 qarşı “kredit borcunun qaytarılması tələbinə" dair e-2(060)-5249/2024 saylı mülki iş vardır. Cavabdeh1 tərəfindən e-2(060)-5249/2024 saylı mülki iş üzrə iddia müddətinin keçməsinə tətbiq olunmasına dair ərizə verilmişdir. e-2(060)-5249/2024 saylı mülki iş üzrə iddia müddəti ötürülməmişdir. "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artıtılması məqsədilə cavabdehə illik 20% dərəcəsi ilə, 12 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və X6 ilə bank arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 2079,79 ABŞ dolları borcu restrukturizasiya edilmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə sazişdən (iddia ərizəsinə qoşma edilib) görünür ki, müqavilə müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Qeyd edilən tarix, yəni xx.xx.2021-ci il tarix müqavilənin bitmə tarixi kimi nəzərə alındıqda, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi nəzərdə tutulur. Yalnız bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı LPO İddiaçı ASC məhkəməyə müraciət etdiyi zaman (xx.xx.2024-cü il tarix) iddia müddətinin bitməsinə 9 (doqquz) ehtiyat günü qalmışdır. İddiaçı LPO İddiaçı ASC isə iddia müddətini ötürmədən, yəni xx.xx.2024-cü il tarixdə sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etməsi tam əsassızdır.

Tərəflərin mövqeləri:

5. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Aynur Mahmudova ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, müqaviləni 2014-cü ildə 1 illik bağlamışdırlar. 2016-cı ildə isə son ödənişi etmişdirlər. Ondan sonra bank bağlanmış və ödənişi edə bilməmişdirlər. Hal-hazırda isə maddi imkanı yaxşı deyil. Restrukturizasiya müqaviləsi bağlandıqdan sonra da ödəniş etməmişdir. Əsas borcu ödəməyi razıdır. Faiz borcunun silinməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, kredit barədə məlumatı olmamışdır. Bu səbəbdən də krediti ödəməmişdir. Sonradan bankla əlavə heç bir saziş bağlanmamışdır. Faiz borcunun silinməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

9. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh1 12 ay müddətinə, illik 20% dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

10. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin müddəti xx.xx.20160cı il tarixədək qaytarılması müəyyənləşdirilmişdir.

11. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh2 və X3 arasında bağlanmış 110011951/ZM saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşdürlər.

12. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 03 avqust 2017-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, həmin müqavilə üzrə kredit şərtləri restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmiş, tərəflər restrukturizasiya edilmiş kredit üzrə illik 17% ödənilməsi barədə razılığa gəlmişlər. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2079,79 ABŞ dolları təşkil etmişdir.

13. 03 avqust 2017-ci il tarixli müqaviləyə əlavədən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyənləşdirilmişdir.

14. 110011951/ZM saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 1 saylı, 03 oktyabr 2017-ci il tarixli Əlavə sazişdən görünür ki, Cavabdeh2 və X3 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 saylı 03 avqust 2017-ci il tarixli il tarixli Əlavə saziş üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər.

15. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilərək, sözügedən kredit müqaviləsi üzrə ödənişlərin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 3 iyul 2024-cü il tarixə xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 434,23 ABŞ dolları əsas borc, 312,09 ABŞ dolları faiz borcu, 895,33 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 63,90 ABŞ dolları olmaqla, cəmi 1705,55 ABŞ dolları borcu vardır.

Məhkəmə baxışının hədləri:

17. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

21. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, «İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh1 12 ay müddətinə, illik 20% dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Qeyd edilən müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 və X3 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlərinə götürmüşlər. Daha sonra xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 03 avqust 2017-ci il tarixli 1 saylı Əlavə Sazişlə həmin müqavilə üzrə kredit şərtləri restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmiş, tərəflər restrukturizasiya edilmiş kredit üzrə illik 17% ödənilməsi barədə razılığa gəlmişlər. 110011951/ZM saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 1 saylı, 03 oktyabr 2017-ci il tarixli Əlavə sazişlə ki, Cavabdeh2 və X3 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 saylı 03 avqust 2017-ci il tarixli il tarixli Əlavə saziş üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyənləşdirilmişdir.

22. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

23. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği Cavabdeh1 vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin sonuncu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Eyni zamanda o, məhkəmə iclasında iddianı əsas borc hissəsində qəbul etmişdir. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır.

25. Məhkəmə işin hallarını nəzərə alaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək 895,33 ABŞ dolları cərimə məbləğinin 50 (əlli) ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

26. Məhkəmə iddiaçının kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63,90 ABŞ dolları faiz borcu ilə bağlı qeyd edir ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır.

27. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı iddia müddəti ötürülməmişdir. Buna əsas kimi tərəflər arasında kredit və zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 2079,79 ABŞ dolları borcun restrukturizasiya edildiyini və kreditin müddətinin xx.xx.2021-ci il tarixədək uzadıldığını göstərmişlər.

28. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 03 avqust 2017-ci il tarixli 1 saylı Əlavə Sazişlə həmin müqavilə üzrə kredit şərtləri restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmiş, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

30. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.

31. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”

32. Beləliklə, iddiaçı iddia müddətini ötürmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasssızdır.

33. Məhkəmə iddiaçının borcun kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə yanaşı cavabdehlər-yuxarıda adı qeyd olunan kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavə Saziş üzrə zaminlər Cavabdeh2 və X1 tutulmasına dair tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

34. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.

35. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.

36. Sözügedən kredit müqaviləsinə 03 avqust 2017-ci il tarixli Əlavə Saziş üzrə öhdəliyin icrasının son müddəti 03 avqust 2021-ci il tarixədək müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçı xx.xx.2021-ci il tarixdən ən geci bir il ərzində zaminlərə qarşı iddia irəli sürməli olduğu halda bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürməmişdir ki, bununla da zaminliyə xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 və X2 münasibətdə təmin edilməməlidir.

37. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 434,23 ABŞ dolları əsas borc, 312,98 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, 63,90 ABŞ dolları gecikməyə görə faiz borcu olmaqla, ümumilikdə 861 (səkkiz yüz altmış bir) dollar, 11 (on bir) sent və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat, 63 (altmış üç) qəpik hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir.

Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 434,23 ABŞ dolları əsas borc, 312,98 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, 63,90 ABŞ dolları gecikməyə görə faiz borcu olmaqla, ümumilikdə 861 (səkkiz yüz altmış bir) dollar, 11 (on bir) və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat, 63 (altmış üç) qəpik hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar