Məhkəmə qərarları › İş №e-2(060)-5250/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5250/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5250/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 599,76 manat əsas, 16,27 manat faiz, 2,52 manat cərimə olmaqla, cəmi 618,55 manat borc məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilə 30,00 manat məbləğində xərcin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmış ki, ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000375 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 599.76 AZN (beş yüz doxsan doqquz manat, 76 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli, LM102000375 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 599 (beş yüz doxsan doqquz) manat 76 (yetmiş altı) qəpik əsas, 16.27 (on altı) manat 27 (iyirmi yeddi) qəpik faiz, 2 (iki) manat 52 (əlli iki) qəpik cərimə olmaqla, cəmi 618.55 (altı yüz on səkkiz) manat 55 (əlli beş) qəpik borcu mövcuddur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir, o, 2020-ci ildə bankdan kredit götürmüşür. Onun ödənişlərinin yekunlaşmağına iki ay qalmış, ödəniş edə bilməmişdir. O, kredit götürərkən valideyinləri sağ idi, valideyinləri də ona köməklik etmişlər. Valideynləri vəfat etdikdən sonra o, tək qalmış, başqa borcları olduğunda görə onun hamısını ödəməyə maddi imkanı çatmamışdır. O, borcunu ödəməkdən imtina etməmiş, hazırda 100,00 manat ödəniş etmişdir. Tez bir zamandan borcunu bağlayacağını bildirdi. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2020-ci il LM102000375 №li restrukturizasiya müqaviləsindən görünür ki, ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə 599,76 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. İşdə olan 12 oktyabr 2020-ci il tarixli, LM102000375 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 12 oktyabr 2020-ci il tarixli, LM102000375 saylı Kredit müqaviləsi ilə ASC-dən kredit götürmüş “borc alan” Cavabdeh1 Bank qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti “Zamin” olaraq öz öhdəsinə götürmüşdür. İşə əlavə olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-yə 07 iyul 2023-cü il tarixinə 599,76 manat əsas, 16,27 manat faiz, 2,52 manat cərimə olmaqla, cəmi 618,55 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 599,76 manat əsas, 16,27 manat faiz, 2,52 manat cərimə, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixinə faizlər üzrə 618,55 manat icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada banka ödənilməmiş pul borcu 599 (beş yüz doxsan doqquz) manat 76 (yetmiş altı) qəpik əsas borc, 16 (on altı) manat 27 (iyirmi yeddi) qəpik faiz, 2 (iki) manat 52 (əlli iki) qəpik cərimə borcu olmaqla, cəmi 618 (altı yüz on səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində kredit borcunun və məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu tutaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar