Məhkəmə qərarları › İş №e-2(060)-5268/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5268/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5268/2025 05.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması, iddia müddətinin tətbiqi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı «Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2914-xx.xx.2018- 002836 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə 404.21 manat əsas və 1.87 manat faiz borcu, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2914xx.xx.2018-002836 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 28 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün Cavabdeh ərizəsi əsasında, xx.xx.2025-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X3 verilmiş **********41-05101-093006 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.8 kv/m, yaşayış sahəsi 40 kv/m, yardımçı sahəsi 15.8 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixli, 2914xx.xx.2018-002836 nömrəli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş - 404.21 manat əsas və 1.87 manat faiz borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırk mübahisə üzrə iddia qiyməti cəmi 406.08 manat olduğundan, tərəflərindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddia tələbinə etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçı «Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, iddia tələbinə əlavəsi olmadığını bildirdi və məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdehin əvvəlki məhkəmə iclasında dediklərinə münasibətdə qeyd etmişdir ki, hazırkı kredit sığortalanmamışdır. Həmçinin, hazırkı kreditdə əsas borclu Cavabdeh olmadığı üçün öz adına kredit götürərkən ona məlumat verilməsi normal haldır. İddia tələbinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etdi ki, ərizəni qəbul etmir. Belə ki, xx.xx.2025-ci il tarixdə vəkil sorğunun cavabı ilə vərəsə onlara məlum olduğu vaxtdan məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq maliyyə arayışında göstərilən, xx.xx.2022-ci il tarixdə ödənilmiş 6.34 manat faiz borcuna münasibətdə qeyd etdi ki, həmin tarixdə, ola bilsin, karta məbləğ daxil olduğundan borca silinmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, "xxxx" ASC-nin ona qarşı borc tələbinə dair iddiası üzrə iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında qeyd etmişdir ki, bu borc ödənilməli idisə indiyə kimi ona məlumat verilməli idi. Üzərindən 5 il keçmişdir. İndi ona məhkəmədən sms-bildiriş gəlmişdir. Elə böyük bir məbləğ də deyildir. Aylıq bölünər ödəməyə çalışar. Bundan ötrü vaxt sərf etməyə ehtiyac yoxdur. Özü fəhləliklə dolanır. Əslində ödənişdən imtina da edə bilər. Lakin əgər məhkəmə təxirə salınacaqsa, aylıq qrafikə bölünsün. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, iddianı qəbul etmir. Ona indiyə kimi bank tərəfindən xəbərdarlıq olunmamışdır. Atası o doğularkən, anası isə 2020-ci ildə vəfat etmişdir. Anasının kredit götürməsindən məlumatı olmuşdur. Borclar vaxtlı-vaxtında ödənmişdir. Anası vəfat edəndən sonra eşitmişdir ki, bu borclar sığorta tərəfindən ödənilir. Hətta özünün də iddiaçıda krediti olmuşdur. Məlumat verilsə idi, həmin vaxt ödəyərdi. Nümayəndə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, indiyə kimi bank tərəfindən ona zəng olunmamış, bildiriş verilməmişdir. O, anası vəfat edəndən sonra əslində qalıq borcu ödəmək istəmiş, lakin tanışlarından eşitmişdir ki, sığorta ehtiyat hesabından borc bağlanacaqdır. Hətta anasının vəfatından bir ay sonra hazırkı bankdan dəfn pulu almışdır. Lakin həmin vaxt da ona heç bir məlumat verilməmişdir. Bank 3-4 ay ödəniş olunmadığı gördüyü halda ona vərəsə olaraq xəbərdarlıq etməmişdir. Artıq evi öz adına keçirmişdir. Mərhumun yeganə vərəsəsidir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2914-xx.xx.2018-002836 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X3 28 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixdə bitir.

8. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, X4 1500 manat pul vəsaitini "xxxx" ASC-nin Sumqayıt filialından qəbul etmişdir.

9. AZ-İİ seriyalı, 074059 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 319 nömrə ilə qeyd edilmişdir.

10. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.8 kv.m, yaşayış sahəsi 40 kv.m, yardımçı sahəsi 15.8 kv.m olan 3 otaqlı mənzildən ibarətdir.

11. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh X2 vərəsəsi Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

12. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə X2 "xxxx" ASC-yə xx.xx.2018-ci il tarixli, 2914-xx.xx.2018-002836 nömrəli kredit müqaviləsinə əsasən cəmi 406.08 manat borcu mövcuddur.

b) mülki iş üzrə tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı: “1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.”

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.”

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyun 2025-ci il tarixli Qərarı: “Müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur.”

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2914-xx.xx.2018-002836 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 28 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmişdir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun yeganə vərəsəsi Cavabdehdur və miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

22. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.

23. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

24. İşin göstərilən xüsusatları ilə təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Mərhumun vərəsəsi müqavilə üzrə öhdəliyini icra etməmişdir. Yəni, iddiaçının subyektiv hüququna müdaxilə baş verdiyi də təsdiq olunur.

25. Bununla belə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmaqla iddia rədd edilməlidir.

26. Belə ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, öhdəliyin icra müddəti 28 ay olaraq müəyyənləşdirilmiş, xx.xx.2020-ci il tarix öhdəliyin icrası üçün nəzərdə tutulmuş sonuncu gün olmuşdur.

27. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

28. Borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmadığından indiki halda xx.xx.2020-ci il tarixdən 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2023-cü ildə müddət başa çatmışdır.

29. Hazırkı iddia ərizəsi isə iddia müddəti keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

30. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyildir.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə hissəsi:

32. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar