Məhkəmə qərarları › İş №e-2(060)-5361/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5361/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5361/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Turan Bank ASC-nin “28 May” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İST-FB2563 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 3.961,05 AZN (üç min doqquz yüz altmış bir manat beş qəpik) əsas, 248.91 AZN (iki yüz qırx səkkiz manat doxsan bir qəpik) faiz, 753.89 AZN (yeddi yüz əlli üç manat səksən doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 4.963,85 AZN (dörd min doqquz yüz altmış üç manat səksən beş qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 69.64 AZN (altmış doqquz manat altmış qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “28 May” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İST-FB-2563 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 20 % olmaqla, 36 ay müddətinə 4700 AZN (dörd min yeddi yüz manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 3.961,05 AZN (üç min doqquz yüz altmış bir manat beş qəpik) əsas, 248,91 AZN (iki yüz qırx səkkiz manat doxsan bir qəpik) faiz, 753.89 AZN (yeddi yüz əlli üç manat səksən doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 4.963,85 AZN (dörd min doqquz yüz altmış üç manat səksən beş qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İST-FB-2563 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsasən borcdan əlavə illik 20% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İST-FB-2563 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “28 May” filialı Cavabdeh 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 4700 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin “28 may” filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, İST-FB-2563 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 3.961,05 AZN əsas, 248.91 AZN faiz, 753.89 AZN cərimə borcu olmaqla, cəmi borcu 4.963,85 AZN borcu yaranmışdır. İşdə olan xx.xx.2022-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 4700 manat pulu qəbul etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, İST- FB-2563 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İST-FB-2563 saylı kredit müqaviləsi üzrə yaranmış 3961.05 manat əsas və 248.91 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli, İST-FB- 2563 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 753.89 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 100 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 86 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 69.64 manat dövlət rüsumunun 59 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İST-FB-2563 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3.961,05 (üç min doqquz yüz altmış bir manat beş qəpik) mant əsas, 248,91 (iki yüz qırx səkkiz manat doxsan bir qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi borcu 4309,96 (dörd min üç yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində borc və ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar