Məhkəmə qərarları › İş №e-2(060)-5401/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5401/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5401/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nüayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair mülki işə 03 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323950- CNS-22866№-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 14 iyul 2022-ci il tarixə Banka borclu olduğu 4.512,52 (dörd min beş yüz on iki manat 52 qəpik) AZN məbləğində əsas borc, 489,98 (dörd yüz səksən doqquz manat 98 qəpik) AZN məbləğində faiz borcu və 259,15 (iki yüz əlli doqquz manat 15 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 5.261,65 (beş min iki yüz altmış bir manat 65 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,62 (yetmiş iki manat 62 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZNməbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323950-CNS- 22866 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh fərdi istehlak məqsədləri üçün illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 5.000,00 (beş min manat 00 qəpik) AZN məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.10-cu və 3.8-ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323950-CNS-22866 №li “Nağd pul krediti müqaviləsi”nin: - 2.10-cu bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın Müqavilədə göstərilmiş “Cari hesab”ından “Kart hesabı”na köçürmə yolu ilə verilir. ... - 3.8-ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 14 iyul 2022-ci il tarixə 4.512,52 (dörd min beş yüz on iki manat 52 qəpik) AZN məbləğində əsas borc, 489,98 (dörd yüz səksən doqquz manat 98 qəpik) AZN məbləğində faiz borcu və 259,15 (iki yüz əlli doqquz manat 15 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 5.261,65 (beş min iki yüz altmış bir manat 65 qəpik) AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin və razılaşmanın şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Əvvəllər usta işləmiş və bankdan götürdüyü krediti vaxtlıvaxtında ödəmişdir. Lakin sonra səhhətində yaranan problemlə əlaqədar altı ay işləməmiş və nəticədə ödəniş edə bilməmişdir. Bununla bağlı bankda da olmuşdur. Hazırda işə düzəlmişdir və 370 manat əmək haqqı alır. Hər ay 100 manat ödəniş etmək fikrindədir. Cədvəl üzrə müəyyən edilmiş məbləği ödəməyə imkanı yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 323950-CNS-22866 №-li “Nağd pul krediti müqaviləsi”n”dən görünür ki, Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli 323950-CNS-22866 №-li “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixinə 4512.52 AZN məbləğində əsas borc, 489,98 AZN məbləğində faiz borcu, 259.15 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5261,65 AZN pul borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 323950-CNS-22866 №-li “Nağd pul krediti müqaviləsi ”imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, iddia tələbi Cavabdeh kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4512,52 AZN məbləğində əsas, 489,98 AZN məbləğində faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 259.15 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 77.62 manat dövlət rusumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323950-CNS-22866№-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 14 iyul 2022-ci il tarixə Banka borclu olduğu 4.512,52 (dörd min beş yüz on iki manat əlli iki qəpik) manat məbləğində əsas borc, 489,98 (dörd yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5052,5 (beş min əlli iki manat əlli qəpik) manat borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,62 (yetmiş iki manat altmış iki qəpik) manat dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar