Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5407/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cəmi 8937,59 manat borcun - bundan 3832,39 manat əsas, 2363,33 manat faiz, 2202,86 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 539,01 manat faiz borcu və iş üzrə ödənilmiş 109,38 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 16 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında 480005483/ZM saylı, 16 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* №-li 16 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə 19 sentyabr 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (budan sonra “restrukturizasiya edilmiş kredit”) 4933,26 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3848,55 manat əsas borc, 744,2 manat faiz borcu və 340,51 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 15 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********449 saylı, xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 8937,59 manat təşkil edir. Bundan 3832,39 manat əsas, 2363,33 manat faiz, 2202,86 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 539,01 manat faiz borcu təşkil edir.
Tərəflərin mövqeləri:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Aynur Mahmudova ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, kredit müqaviləsi 2015-ci ildə bağlanılmış, 2017-ci ildə isə əlavə saziş bağlanılmışdır. Borcun ödənilməsinə etirazı yoxdur. Digər cavabdehlər zaminlərdir. Sonuncu dəfə ödənişin nə zaman olması yadında deyildir. 7-8 il əvvəl ödəniş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh1 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.
7. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2017-ci il tarixədək qaytarılması müəyyənləşdirilmişdir.
8. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 480005483/ZM saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşdürlər.
9. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 19 sentyabr 2017-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, həmin müqavilə üzrə kredit şərtləri restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmiş, tərəflər restrukturizasiya edilmiş kredit üzrə illik 15% ödənilməsi barədə razılığa gəlmişlər. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4933,26 manat təşkil etmişdir.
10. 70027428-23 saylı müqaviləyə əlavədən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyənləşdirilmişdir.
11. 480005483/ZM saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 1 saylı, 19 sentyabr 2017-ci il tarixli Əlavə sazişdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 saylı 19 sentyabr 2017-ci il tarixli il tarixli Əlavə saziş üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilərək, sözügedən kredit müqaviləsi üzrə ödənişlərin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 2 iyul 2024-cü il tarixə xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 3832,39 manat əsas borc, 2363,33 manat faiz borcu, 2202,86 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 539,01 manat olmaqla, cəmi 8937,59 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh1 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Qeyd edilən müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlərinə götürmüşlər. Daha sonra xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 19 sentyabr 2017-ci il tarixli 1 saylı Əlavə Sazişlə həmin müqavilə üzrə kredit şərtləri restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmiş, tərəflər restrukturizasiya edilmiş kredit üzrə illik 15% ödənilməsi barədə razılığa gəlmişlər. 480005483/ZM saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 1 saylı, 19 sentyabr 2017-ci il tarixli Əlavə sazişlə Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 saylı 19 sentyabr 2017-ci il tarixli il tarixli Əlavə saziş üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyənləşdirilmişdir.
19. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
20. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği Cavabdeh1 vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin sonuncu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Eyni zamanda o, məhkəmə iclasında iddianı əsas borc hissəsində qəbul etmişdir. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır.
22. Məhkəmə işin hallarını nəzərə alaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 100 (yüz) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
23. Məhkəmə iddiaçının kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 539,01 manat faiz borcu ilə bağlı qeyd edir ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır.
24. Məhkəmə iddiaçının borcun kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə yanaşı cavabdehlər-yuxarıda adı qeyd olunan kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavə Saziş üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
25. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.
26. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.
27. Sözügedən kredit müqaviləsinə 19 sentyabr 2017-ci il tarixli Əlavə Saziş üzrə öhdəliyin icrasının son müddəti 19 sentyabr 2021-ci il tarixədək müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçı xx.xx.2021-ci il tarixdən ən geci bir il ərzində zaminlərə qarşı iddia irəli sürməli olduğu halda bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürməmişdir ki, bununla da zaminliyə xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir.
28. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3832,39 manat əsas borc, 2363,33 manat faiz, 100 manat cərimə borcu olmaqla, 539,01 manat gecikməyə görə faiz borcu olmaqla, ümumilikdə 6834 (altı min səkkiz yüz otuz dörd) manat, 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumunun 88 (səksən səkkiz) manat, 34 (otuz dörd) qəpik hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir.
Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3832,39 manat əsas borc, 2363,33 manat faiz, 100 manat cərimə borcu olmaqla, 539,01 manat gecikməyə görə faiz borcu olmaqla, ümumilikdə 6834 (altı min səkkiz yüz otuz dörd) manat, 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumunun 88 (səksən səkkiz) manat, 34 (otuz dörd) qəpik hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva