Məhkəmə qərarları › İş №e-2(060)-5510/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5510/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5510/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1372,31 (bir min üç yüz yetmiş iki manat, 31 qəpik) manat əsas borc, 1049,29 (bir min qırx doqquz manat, 29 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2697,68 (iki min altı yüz doxsan yeddi manat, 68 qəpik) manat cərimə borcu, 423,13 (dörd yüz iyirmi üç manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 5542.41 (beş min beş yüz qırx iki manat, 41 qəpik) manatın, 75,43 (yetmiş beş manat, 43 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh1 (bundan sonra – Cavabdeh) arasında xx.xx.2015- ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/114301/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra – Zamin) xx.xx.2015- ci il tarixli 1xx/xx/114301/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Zaminlik Müqaviləsinə uyğun olaraq “Borc alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borc alan” ilə birlikdə “Kreditor” qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Lakin Cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehlərin xx.xx.2023-cü il tarixinə Banka 1372,31 (bir min üç yüz yetmiş iki manat, 31 qəpik) manat məbləğində əsas borc, 1049,29 (bir min qırx doqquz manat, 29 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2697,68 (iki min altı yüz doxsan yeddi manat, 68 qəpik) manat cərimə borcu, 423,13 (dörd yüz iyirmi üç manat, 13 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 5542,41 (beş min beş yüz qırx iki manat, 41 qəpik) manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini, sənədlərdə saxtakarlıq etmiş şəxslərin araşdırılması və məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərar çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Bank Standart” Qapalı Səhmdar iddiaçının tələbi əsassız və qanunsuz olduğu və 8 ilə yaxın müddət keçdiyi üçün təmin olunmamalıdır. Bildirir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə onun arasinda xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqinda müqavilə bağlanmış həmin kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə 2000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasini təmin etmək məqsədi ilə Cavabdeh2 oqlu xx.xx.2015-ci il tarixli 1xx/xx/114301/14 saylı zaminlik müqaviləsi əsasən kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Belə ki, 2015-ci ildə kredit götürdükdən sonra həmin məbləği həmin vaxt ödəmişdir. Bundan başqa cavabdehin bankdan götürdüyü kreditlə bağlı atası ilə zaminlik müqaviləsi də bağlanmamışdır. Həmin vaxtdan 8 ilə yaxın müddət ötmüş və iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, idiaçının cavabdehdən qanuni əsaslarla verilmiş krediti tələb etmək hüquqları olsaydı idiaçı bu illər ərzində məhkəməyə müraciət edərdi. İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 dəftərxana vasitəsilə daxil olan tərəflərindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəni və etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia tələbi rədd edilməlidir. Mülki materiallarında olan: - xx.xx.2015-ci il tarixli, 1xx/xx/114301/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 % ödəmək şərtilə 2000 manat kredit verilmişdir. - 15 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə 1372,31 (bir min üç yüz yetmiş iki manat, 31 qəpik) manat əsas borc, 1049,29 (bir min qırx doqquz manat, 29 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2697,68 (iki min altı yüz doxsan yeddi manat, 68 qəpik) manat cərimə borcu, 423,13 (dörd yüz iyirmi üç manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 5542,41 (beş min beş yüz qırx iki manat, 41 qəpik) manat borcu vardır. - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin mahiyyətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank ilə Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdehlər ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi 2015-ci il tarixdə, 18 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da müəyyən edilir ki, kredit müqaviləsi üzrə ödənişlər müqavilə müddəti bitdikdən sonra da edilməmişdir. Bununla da iddiaçı məhkəməyə hazırki iddia ilə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası MPM-nin 265.5-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. İddiaçı LPO "xxxx" KB QSC-nin əməlinə cinayət hüquqi qiymət verilməsi üçün qərardad çıxarılması hissəsində iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı LPO QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1372,31 (bir min üç yüz yetmiş iki manat, 31 qəpik) manat əsas borc, 1049,29 (bir min qırx doqquz manat, 29 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2697,68 (iki min altı yüz doxsan yeddi manat, 68 qəpik) manat cərimə borcu, 423,13 (dörd yüz iyirmi üç manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 5542,41 (beş min beş yüz qırx iki manat, 41 qəpik) manatın, 75,43 (yetmiş beş manat, 43 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar