Məhkəmə qərarları › İş №e-2(060)-5539/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5539/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5539/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X5 ilə İddiaçı ASC arasında bağlanmış 21 may 2019-cu il tarixli, FR/44047/69/11 saylı müqaviləyə əsasən 843,97 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X2 843,36 manat Banka borcu vardır. X5 qızı 27 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt regional “ASAN xidmət” mərkəzi notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X5 qızının vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 21 may 2019-cu il tarixli, FR/44047/69/11 saylı müqaviləyə əsasən 842,81 manat əsas, 0,55 manat faiz borcu olmaqla, cəmi 843,36 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı ASC-nin nümayəndəsi X7 tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/44047/69/11 saylı güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən X4 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 843,97 manat məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka 842,81 manat məbləğində əsas borcu və 0,55 manat məbləğində faiz borcu mövcuddur.

10. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X2 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 olmaqla, şəhadətnamə verilən miras əmlak – "xxxx" QSC-nin Sumqayıt filialının xx.xx.2020-ci il tarixli arayışına əsasən çəkisi 40,96 qram olan qızıllardan ibarətdir.

11. İş materiallarında olan 28 aprel 2020-ci il tarixli, 2V-302 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X2 vərəsələri: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3durlar və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin Sumqayıt filialının xx.xx.2020-ci il tarixli arayışına əsasən çəkisi 40,96 qram olan qızıllardan ibarətdir.

12. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ № 042091 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixində ürəyin hipertenziv xəstəliyindən vəfat etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/44047/69/11 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 5 il müddətinə, illik 1% ödəmək şərtilə 842,81 manat məbləğində X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nın borclunun miras passivinə görə mülki məsuliyyət daşıdıqlarını iddia edir və borcun ödənilməsini tələb edir.

14. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borclu X2 qanun üzrə vərəsələridirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 29. Mülkiyyət hüququ Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir;

16. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

17. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;

18. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

20. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

23. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

25. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

26. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir;

27. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;

34. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar;

35. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır;

36. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar;

37. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar;

38. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar: “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.”

40. Məhkəmə qeyd edir ki, imtina müddəti kreditorların mirasdan imtina edilibedilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

41. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.

42. Məhkəmə bir daha qeyd edir ki, cavabdehlər qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyindən vərəsə olaraq mərhum anaları X2 mirasını qəbul etmiş vərəsə hesab edilməlidirlər. Bu halda onlar vərəsə olaraq mərhum analarının kredit müqaviləsindən yaranan borcları üçün məsuliyyət daşıyır.

43. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

45. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 842,81 (səkkiz yüz qırx iki manat, səksən bir qəpik) manat, faiz borc üzrə 0,55 (əlli beş qəpik) manat olmaqla, ümumilikdə 843,36 (səkkiz yüz qırx üç manat, otuz altı qəpik) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 342-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 842,81 (səkkiz yüz qırx iki manat, səksən bir qəpik) manat, faiz borc üzrə 0,55 (əlli beş qəpik) manat olmaqla, ümumilikdə 843,36 (səkkiz yüz qırx üç manat, otuz altı qəpik) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar