Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5589/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1530/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək cavabdehdən hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 11 iyul 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Rəsmi nikahdan iki övladları var: xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən birgə yaşamaqları mümkün olmadığı üçün iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1530/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, aralarında 11 iyul 2016-cı il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçı X2 yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 145 manat olmaqla, cəmi 290 (iki yüz doxsan) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, cavabdeh işləyir. Özü də işləmir. Bilmir ki, öz ehtiyaclarını necə ödəsin, uşaqlara necə baxsın (onların geyimi, ərzaq və s xərclər), müalicə müayinə xərcləri. Övladları elə bir yaş dövründədir ki, onların ehtiyacları da artıb, onlar üçün hər şey etmək məcburiyyətindədir. Bildirmək istəyir ki, 145 manat, cəmi 290 manat uşaqlarının ehtiyacları üçün kifayət etmir. Kəsilən bu aliment məbləğindən artıq 4 il keçib. Bu gün bu pul məbləği ilə uşaq üçün zəruri olan hansısa xərcləri ödəmək qeyri-mümkündür. Dövlət də bunu nəzərə alaraq hal-hazırki dövr üçün, 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu dəyişmiş, alimentin məbləğini 235 manat məbləğində müəyyən etmişdir. Aralarındakı məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etsə də, ilkin mediasiya sessiyasına gəlmədiyi üçün sonrakı prosesi davam etdirmək barədə qərar qəbul edildi və müvafiq arayışı alaraq məhkəməyə müraciət edir.İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi ilə razılaşmır və bildirir ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən hər ay məhkəmə tərəfindən müəyyən olunmuş alimenti cavabdeh vaxtlı-vaxtında ödəyir. Cavabdeh daimi iş yeri olmadığına görə bununla əlaqədar pul qazanıb həm özünü, həm də aliment pullarını ödəməsi məqsədilə Rusiya dövlətinə getmiş, lakin həmin dövlətdə müharibə getdiyinə görə çox vaxt işsiz qalır. Bəzən pul belə qazana bilmir. Bir sözlə, günəmuzd işləyərək pul qazanır. Buna baxmayaraq cavabdeh alimenti ödəyə bilmədiyi vaxtlarda bir baba kimi öz təqaüdündən ödəyir. Yəni, cavabdeh bir ata kimi uşaqların saxlanılması üçün aliment pulunu ödəməlidir. Buna baxmayaraq uşaqların saxlanılması vəzifəsi hər bir valideynin üzərinə bərabər şəkildə düşür. Bundan savayı uşaqlarla tez-tez görüşür, onlara lazım olan geyim və digər əşyaları alır. Müxtəlif vaxtlarda onların yanında da, qalırlar. Digər tərəfdən cavabdehin başqa heç bir yerdən gəlir mənbəyi yoxdur. Bu səbəbdən də, hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat aliment ödəmək iqtidarındadır. Yuxarıda qeyd etdiyi bütün səbəblərdən dolayı alimentin miqdarının iddiaçının qeyd etdiyi məbləğə qaldırılmasına etiraz edir. Hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən nümayəndə İddiaçı tərəflndən verilmiş, cavabdehə qarşı alimentin artırılmasına dair iddia tələbini qismən təmin edilərək hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehdən uşaqların saxlanılması üçnü 2021-ci ildə qətnamə ilə aylıq 145 manat məbləğində aliment tutulmuşdur. Məlum olduğu kimi, hər il yaşayış minumumu artır. Hazırda uşaqların yaşı və xərcləri artmışdır. Əgər cavabdehin daimi iş yeri olsaydı, sərf edəcəyi halda maaşının bir hissəsini aliment kimi tələb edərdilər. Həmçinin, hesab edir ki, qarşı tərəfin Rusiyada gəliri yaxşıdır və bu səbəbdən tez-tez xərc çəkib Rusiyaya gedir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Oğlu Rusiyada günəmuzd işləyir və günə 20-25 manat pul qazanır. Özü təqaüdçüdür. Uşaqlarla əlaqələri var. Aliment artırılarsa oğlu alimenti ödəyə bilmək iqtidarında olmayacaq. O, özü aliment məbləğinə aylıq 50 manat köməklik edə bilər. Qeyd edir ki oğlu ikinci dəfə ailə həyatı qurmayıb və başqa övladı yoxdur. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasınıxahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1530/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında 11 iyul 2016-cı il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçı Hüseynova Cahan qızının yanında qalmaları, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 145 manat olmaqla, cəmi 290 (iki yüz doxsan) manat sabit pul mebləğində alimentin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İşdə olan AZ-İİİ 915578 saylı və AZ İV 286849 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. İşdə olan AZ-İ 392666 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 503 nömrə ilə qeyd edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1530/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1530/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 290 manatdan 470 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2160 ((235-170) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 41.6 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (60 manat) ödənilməli olan dövlət rüsumundan (41.6 manat) çoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1530/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 (ik yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5589/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5589/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver