Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-559/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi-anası Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər məhkəməsinin 15 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artıraraq Cavabdeh birgə övladları 17.06.2009 təvəllüdlü Kərimov Eldar Məhəmmədəli oğlunun, 02.02.2011 təvəllüdlü X2, 25.08.2015 təvəllüdlü X5 və 09.11.2017 təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləği ilə 175 manat, cəmi hər ay 700 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 07.10.2008-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Nikalarından dörd uşaqları vardır- 17.06.2009 təvəllüdlü Kərimov Eldar Məhəmmədəli oğlu, 02.02.2011 təvəllüdlü X4; 25.08.2015 təvəllüdlü X5 və 09.11.2017 təvəllüdlü X6. İddiaçı ilə aralarında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yəni iddiaçının saxlanılmışdır. Həmin qətnamə ilə həmçinin 4 uşağın saxlanması üçün hər uşağa 100 manat olmaqla cavabdehdən sabit pul məbləği ilə cəmi 400 manat iddiaçının aliment tutulmuşdur. Alimentin tutulması müraciət edilməsi anından yəni may 2019-cu il tarixdən hesablanmışdır. Bildirir ki, uşaqları valideynlərinin köməyi ilə saxlayır. Maddi dolanışıq, uşaqların təminatı gündən-günə artır. Qızı Fatimə daun sindromludur. Onun müalicəsi ücün hər ay xeyli miqdarda pul lazım olur. Lakin borclu Cavabdeh aliment borcunu son aylar ödəməyə başlamışdır. Qətnamə ilə müəyyən olunmuş 400 manat məbləğində aliment, uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün son dərəcə azdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə uşaqlar üçün yaşayış minimumunun məbləği 175 manat müəyyən edilmişdir. Odur ki,cavabdehdən sabit pul məbləği ilə tutulan alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 175 manat,cəmi 700 manat müəyyən edilməlidir. Cavabdehdən uşaqlara ödənilən alimentin məbləğinin artırılması ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sesiyyasına gəlməmişdir. Ona görə də cavabdehdən razılıq almaq heç cür mümkün olmadığından hazırkı mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X7 iştirak edilməməsi barədə 2021-004584 saylı, 03 noyabr 2021-ci il tarixli arayışadan görünür: Cavabdeh ilə İddiaçı arasında olan atanın icazəsi olmadan uşaqların ölkədən çıxarılması və alimentin məbləğinin artırılması tələbinə dair mübahisə üzrə 03.11.2021-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Cavabdeh ilkin mediassiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən yerləşdiyi ünvana məktub göndərilməklə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Odur ki, alimentin məbləğinin artırılmasına dair məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Əlavə olaraq bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yəni iddiaçının yanında saxlanılmışdır. Həmin qətnamə ilə həmçinin 4 uşağın saxlanması üçün hər uşağa 100 manat olmaqla cavabdehdən sabit pul məbləği ilə cəmi 400 manat iddiaçının xeyrinə aliment tutulmuşdur. Nikahlarından dörd övladları vardır ki, onların saxlanması üçün 400 manat hazırki vəziyyətdə çox az məbləğdir. Belə ki, uşaqlar böyüdükcə onların ehtiyacları çoxalır. Uşaqlardan biri Fatimə daun sindromludur. Demək olar ki, onun müalicəsi böyük xərc tələb edir. 2019-cu ildən, yəni nikah pozulduqdan sonra iddiaçının ailəsi onun övladlarına baxılmasında maddi köməklik göstərmişdir. 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir, 2022-ci ildə bu məbləğ daha da artmışdır. Lakin 2021-ci il yaşayış minimumuna uyğun olaraq hər birinə 175 manat olmaqla ayda cəmi 700 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Məhkəmənin suallarına cavab verərək qeyd etdi ki, iddiaçı ilə cavabdeh nikahda olarkən onların ailə büdcəsi cavabdehin əmək haqqından və iddiaçın valideynlərinin etdiyi maddi köməkdən formalaşırdı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz etdi. Bildirdi ki, nikah pozulduqda uşaqları himayəsinə götürmək istəsələr də qarşı tərəf buna razı olmamışdır. Məhkəmə qətnaməsi ilə uşaqların analarının yanında saxlanılması qət edilmişdir. Hazırda oğlunun aliment ödədiyini bildirdi. Oğlu Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşıdır. Aylıq əmək haqqı 798,40 manat təşkil edir. Oğlunun hazırda evli olduğunu və həmin nikahdan bir övladı olduğunu bildirdi. Nikah dövründə oğlunun cavabdehlə birlikdə işlətdikləri mağaza üçün hələmdə oğlu tərəfindən banka kredit ödənildiyini bildirdi. Hazırda uşaqların iddiaçının valideynlərininin maddi dəstəyi ilə saxlanması əsassızdır, çünki daun sindromlu nəvəsinin müalicə xərci üçün ona pensiya təyin edilmiş, həmçinin hər ay vaxtı vaxtında məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin də oğlu tərəfindən uşaqlarının saxlanması üçün cavabdehə ödənildiyini bildirdi. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin nikahlarından 17.06.2009 təvəllüdlü Kərimov Eldar Məhəmmədəli oğlu, 02.02.2011 təvəllüdlü X4, 25.08.2015 təvəllüdlü X5 və 09.11.2017 təvəllüdlü X6 adlı dörd övladları vardır. -Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında bağlanmış nikah 26 fevral 2020-ci il tarixdə pozulmuşdur. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4709/2019 saylı, 04.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Kərimova (Sultanova) Vüsalə Əli qızı arasında 07.10.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 999 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra birgə nikahdan anadan olmuş 17.06.2009-cu il təvəllüdlü Kərimov Eldar Məhəmmədəli oğlu, 02.02.2011-ci il təvəllüdlü X4, 25.08.2015-ci il təvəllüdlü X5 və09.11.2017-ci il təvəllüdlü X6 –ananın cavabdeh X9 yanında qalması, iddiaçı Cavabdeh X9 xeyrinə 17.06.2009-cu il təvəllüdlü Kərimov Eldar Məhəmmədəli oğlu, 02.02.2011-ci il təvəllüdlü X4, 25.08.2015-ci il təvəllüdlü X5 və 09.11.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.05.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. -Sumqayıt Şəhər Polis idarəsinin maliyyə plan bölməsinin 24.12.2021-ci il tarixli arayışından görünür ki, polis baş leytenantı Cavabdeh aylıq əmək haqqı 798,40 manat təşkil edir. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehin sonrakı nikahdan 09.04.2021-ci il təvəllüdlü Ömər adlı övladı vardır. Cavabdeh iddia tələbinin rədd edilməsinə dair etirazından görünür ki, iddiaçının “'uşaqları valideynlərinin köməyi ilə saxlaması, qızı Faitmənin daun sindromu xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay xeyli miqdarda pul lazım olması barədə” dəlili tamamilə yalandan ibarətdir. Uşaqların maddi təminatı cavabdehin ödədiyi aliment və birgə nikah dövründə qazanılmış əmlaklardan iddiaçı tərəfindən əldə edilən gəlirlə təmin edilir. Belə ki, birgə nikah dövründə ər-arvadın ümui birgə vəsaiti hesabına əldə edilən Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14-də yerləşən 2 otaqlı 19 nömrəli mənzil iddiaçının anası tərəfindən dəqiq bilmədiyi tarixdə əlli beş min manata satılmışdır və mənzilin satışından əldə edilən bütün pulu yalnız iddiaçı götürmüşdür və cavabdehə həmin puldan hər hansı bir məbləğdə pul verilməmişdir. Cavabdeh məcburi köçkün olduğuna və polis işçisi olduğuna görə iddiaçının və onun valideynlərinin təklifinə əsasən, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının anasının adına adına qeydiyyata alınmışdır. Eyni zamanda, birgə nikah dövründə əldə edilən və “Kapital Bank”dan cavabdehin adına götürülən 15600 AZN məbləğindəki kreditlə içərisi mallarla doldurulan “Ağcabədi şəhəri, Zülfüqar Adıgözəlov 3” ünvanında yerləşən “Market 88”-dən əldə edilən bütün gəlirlər yalnız iddiaçı tərəfindən götürülmüşdür. Həmin market hal-hazırda iddiaçı tərəfindən icarə haqqı hər ay 200 manat olmaqla icarəyə verilmişdr. Həmin kreditə görə cavabdeh yaxın qohumlarının (anası, bacıları və qardaşı) vəsaiti hesabına hər ay “Kapital Bank”a 515 manatdan çox pul ödəyir. İddiaçının valideynlərinin cavabdehin anasına (nümayəndəsinə) edilən təklifinə əsasən belə bir razılıq əldə olunmuşdur ki, banka olan kredit cavabdeh tərəfindən ödəniləcək, əvəzində kredit başa çatanadək cavabdehdən aliment tələb edilməyəcək. Alimentin təyin olunduqdan sonra aliment ödəyən valideyn olaraq cavabdehin şəxsi həyatında, ailə və ya maddi vəziyyətində alimentin miqdarının yenidən müəyyən edilməsinə təsir göstərə biləcək ciddi və əhəmiyyətli dəyişikliklər olmuşdur. Belə ki, cavabdeh yenidən, yəni X10 ilə ailə qurmuş və onunla nikahları 29 mart 2021-ci il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzində rəsmi qaydada qeydə alınmışdır, onunla birgə nikahlarından 09.04.2021-ci il təvəllüdlü X13 oğlu adlı bir övladları anadan olmuşdur. cavabdeh yenidən ailə qurduğuna görə, yeni həyat yoldaşı və uşağı ilə birlikdə kirayədə qalır və hər ay 220 (iki yüz iyirmi) manat məbləğində kirayə haqqı ödəyir. İddiaçının “qızı Faitmənin daun sindromu xəstəliyi ilə əlaqədar müalicəsi ücün hər ay xeyli miqdarda pul lazım olması barədə" dəlili ilə bağlı bildirir ki, həmin uşağa görə ananın köməkliyi ilə dövlət tərəfindən anadagəlmə xəstəliklə əlaqədar pensiya təyin edilmişdir və hal-hazırda 150 manat məbləğində pensiya alır və həmin uşağa qulluğa görə uşağın anasına 50 manat pul ödənilir, yeni ildən həmin məbləğlər müvafiq olaraq 50 və 30 manat artmaqla uşağın pensiyası 200 manat və anaya ödəniləcək pul məbləği 80 manat olacaq. İddiaçı məhkəməyə təqdim etdiyi öz iddia ərizəsində özünün işləmədiyini bildirməsinə və buna görə də yetkinlik yaşına çatmayan birgə uşaqların maddi təminatında iştirak etməkdən qəsdən boyun qaçırmasına baxmayaraq məhkəmə həmin məsələyə düzgün münasibət bildirməli və həmin hallara düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin nikahlarından dörd övladının olması, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehin əmlak, maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin - kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Məhkəmə həmçinin, hesab edir ki, cavabdehin aylıq qazancı iddia edilən aliment məbləğini ödəmək üçün kifayət etməməklə yanaşı, iddia edilən aliment məbləğinin tutulması onun əmlakı vəziyyətini çətinləşdirməklə və onu əlverişsiz vəziyyətə salmaqla minimum dolanışıq xərclərindən məhrum olunması ilə nəticələnə bilər. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sumqayıt şəhər məhkəməsinin 15 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artıraraq Cavabdeh birgə övladları 17.06.2009 təvəllüdlü Kərimov Eldar Məhəmmədəli oğlunun, 02.02.2011 təvəllüdlü X2, 25.08.2015 təvəllüdlü X5 və 09.11.2017 təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləği ilə 175 manat, cəmi hər ay 700 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-559/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-559/2022
01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver