Məhkəmə qərarları › İş №e-2(060)-5593/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5593/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5593/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı tam kart çərçivə müqaviləsinə əsasən, 395,92 manat əsas borcu, xx.xx.2022-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsinə əsasən, 3985,3 manat əsas borcu olmaqla, ümumilikdə 4381,22 manat pul vəsaitinin, həmçinin ödənilmiş 63,82 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 400 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 4800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ № 385247 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 963 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarından görünür ki, X3 xx.xx.2024-cü ilədək banka xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş 395,92 manat əsas borcu, xx.xx.2022-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 3985,3 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-23966/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliklərini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin mövqeləri:

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış BPM**********78 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə ayrılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış BPM**********77 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 48 ay müddətində 4800 manat məbləğində kreditdən istifadəyə görə illik 21 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.

7. BPM**********77 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 13 yanvar 2023-cü il tarixdən 13 dekabr 2026-cı il tarixədək müəyyənləşdirilmişdir.

8. AZ-İİ 385247 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2023cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.11. 2023-cü ildə 186 nömrə ilə qeyd edilmişdir.

9. 16.02.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur, o, miras əmlakdan tam hissədə pay almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 261 nömrəli məktubuna əsasən Əmək və “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X9 “Sumqayıt Tibb Mərkəzi” X9inin xx.xx.2023-cü il tarixli, 18-1-66/2-1588/2023 nömrəli məktubuna əsasən mərhum X3 adına ödənilməmiş 3050 manat pul məbləğindən ibarətdir.

10. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə nağd kredit və kredit kart müqaviləsi üzrə yaranmış öhdəliyini 3 gün müddətində tam şəkildə yerinə yetirməyi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 395,92 manat əsas borc, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3985,3 manat əsas borcu vardır.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, BPM**********78 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə ayrılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış BPM**********77 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 48 ay müddətində 4800 manat məbləğində kreditdən istifadəyə görə illik 21 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür. X1 xx.xx.2023-cü ildə vəfat etmişdir. Şirinov Cavabdeh Şəlalə Kamil qızının qanun üzrə vərəsəsi təyin edilmiş və o, Əmək və “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X9 “Sumqayıt Tibb Mərkəzi” X9inin xx.xx.2023-cü il tarixli, 18-1-66/2-1588/2023 nömrəli məktubuna əsasən mərhum X3 adına ödənilməmiş 3050 manat pul məbləğindən ibarət miras əmlakdan tam hissədə pay almışdır.

18. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X3 vərəsəsi Cavabdeh bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

19. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

20. Cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə iddiaçı banka ödənilməli olan pulun məbləğinə gəlincə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarındakı mövqedən çıxış edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Hazırki işdə iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh vərəsə olaraq 3050 manat məbləğində miras payı çatmışdır.

22. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə borclu olduğu BPM**********78 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 395,92 manat əsas borcu, BPM**********77 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3985,3 manat borcu olmaqla, ümumilikdə 4381,22 manat pul vəsaitindən 3050 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.

23. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

24. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3050 (üç min əlli) manat pul vəsaiti və ödənilmiş 63,82 manat dövlət rüsumunun 50 (əlli) manat, 50 (əlli) qəpik hissəsi tutularaq "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3050 (üç min əlli) manat pul vəsaiti və ödənilmiş 63,82 manat dövlət rüsumunun 50 (əlli) manat, 50 (əlli) qəpik hissəsi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar