Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5646/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 20 may 2022-ci il tariхli, 301804-413852/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 22% dərəcəsi ilə 20000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh2 arasında 20 may 2022-ci il tariхli, 301804-413852/1 nömrəli və Cavabdeh1 arasında 20 may 2022-ci il tariхli, 301804- 413852/1/2 zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişdirlər. 15 avqust 2023-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 18200.62 manat məbləğində əsas bоrcu və 2090.51 manat faiz borcu оlmaqla, ümumilikdə 20291.13 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 20 may 2022-ci il tariхli, 301804-413852/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18200.62 manat məbləğində əsas bоrc və 2090.51 manat faiz borcu оlmaqla, cəmi 20291.13 manat borcun və 150.88 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, bir il ərzində ödəniş etmişdir. Daha sonra qardaşının xəstəliyi ilə əlaqədar bütün pulu ona xərcləmiş və ödəniş edə bilməmişdir. Kredit götürmüş və bir il ərzində hər ay 555 manat ödəniş etmişdir. Son ödəniş etdiyi tarix yadında deyildir. Borcu o götürmüşdürsə, o cavabdehdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, borcun bölünməsi ilə razı deyildir. Borcun Cavabdeh3 tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbini qismən qobul edir. Cavabdeh1 ilə eyni fikirdədir və müqaviləni oxuyub imzalamışdır. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 20 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 18200.62 manat məbləğində əsas, 2090.51 manat faiz borcu olmaqla, ümumilikdə 20291.13 manat borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 20 may 2022-ci il tarixli, 301804-413852/1 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 60 ay müddətinə, illik 22% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 20 may 2022-ci il tarixli, 301804-413852/1/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 20 may 2022-ci il tarixli, 301804-413852/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, olan Cavabdeh2 borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay banka 552.38 manat, sonuncu ay isə 552.23 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 7 gün müddətindən gec olmayaraq ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər, onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 20 may 2022-ci il tarixli, 301804-413852/1 nömrəli kredit müqaviləsinə əsasən 18200.62 manat məbləğində əsas, 2090.51 manat faiz borcu olmaqla, ümumilikdə 20291.13 manat borcu yaranmışdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında bildirdikləri fikirlərə, yəni borcun əsas borcludan tutulmasına münasibətdə qeyd edir ki, hər iki tərəf digər Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Bundan əlavə əgər icra mərhələsində borcun bağlandığı tarixdən sonra onlar borca münasibətdə borcun ödənilməsi qaydasından asılı olaraq reqres qaydasında tələb hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 20 may 2022-ci il tarixli, 301804-413852/1 nömrəli kredit müqaviləsinə əsasən 18200.62 manat məbləğində əsas, 2090.51 manat faiz borcu olmaqla, ümumilikdə 20291.13 manat pul və 150.88 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18200.62 manat məbləğində əsas borc və 2090.51 manat faiz borcu olmaqla, ümumilikdə 20291.13 (iyirmi min iki yüz doxsan bir manat on üç qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150.88 (bir yüz əlli manat səksən səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5646/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5646/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver