Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5661/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QBKT ММM-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QBKT ММM cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********1872 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1872 -1262848 saylı zaminlik müqaviləsi Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun əsas borc üzrə 4236.26 AZN, faiz borcuna görə 955.00 AZN, cərimə borcuna görə 218.90 AZN, cəmi 5410.16 AZN təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4236.26 AZN, faiz borcuna görə 955.00 AZN, cərimə borcuna görə 218.90 AZN, cəmi 5410.16 AZN məbləğində borcun və 74.11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QBKT ММM-in məhkəmə işləri üzrə hüquqşünası Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, 18 dekabr 2023-cü il tarixində saat 10:30-da məhkəmə prosesində nümayəndələrinin iştirak edə bilməyəcəyini nəzərə alaraq həmin işə onların iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh tərəf də məhkəmə prosesində iştirak edə bilmədiyi halda işə baxılıb qiyabi qətnamənin qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Xeyli vaxtdır ki, işdən çıxdığına görə ödəniş edə bilməmişdir. 7-8 ay bundan əvvəl ödəniş edə bilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra da ödəniş etməmişdir. Hər ay kredit müqaviləsinə əsasən 276 manat ödəməli idi. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddia tələbini qəbul edərək bildirdi ki, Cavabdeh1, cavabdehin özü həmin borcu ödəyə bilər. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı МMМ QBKT ilə Cavabdeh1 arasında bağlanmış **********1872 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə borcunu hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq 23 ay hər ay banka 276 manat, sonuncu ay 255 manat, ümumilikdə 6603 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 **********1872 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı МMМ QBKT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 **********1872 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 4236.26 manat əsas, 955 manat faiz borcu, 218.90 manat cərimə borcu olmaqla, cəmi 5410.16 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə xx.xx.2023-cü il tarixə banka 4236.26 manat əsas, 955 manat faiz borcu, 218.90 manat cərimə borcu olmaqla, cəmi 5410.16 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər kredit müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən xx.xx.2022-ci il tarixli **********1872 saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 1.19 (bir manat on doqquz qəpik) manatı iddiaçıya aid edilməli, 72.92 (yetmiş iki manat doxsan iki qəpik) manat cavabdehlərdəən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4236.26 manat, faiz borcuna görə 955 manat, cərimə borcuna görə 100 manat, cəmi 5291.26 manat məbləğində borc və 74.11 manat ödənilmiş dövlət rüsumu İddiaçı МM QBKT-nin xeyrinə tutulmalı,qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4236.26 manat, faiz borcuna görə 955 manat, cərimə borcuna görə 100 manat, cəmi 5291.26 (beş min iki yüz doxsan bir manat iyirmi altı qəpik) manat məbləğində borc və 72.92 (yetmiş iki manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı МM QBKT-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5661/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5661/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver