Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5691/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı cavabdeh Khan Fazal-E-Rabbinə qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Khan Fazal-E-Rabbinə qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli və 2(060)-612/2014 saylı qətnaməsi ilə cavabdeh ilə aralarında olan nikah ləğv edilmiş və birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 E-Rabbi qızının və xx.xx.2014-cü il təvəllüdlü X8 E-Rabbi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırda X7 E- Rabbi qızının 11 yaşı, X8 E-Rabbi oğlunun isə 9 yaşı vardır. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdehin hazırda Sumqayıt şəhərində avto-təmir emalatxanası var və kifayət qədər qazanca malikdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aliment məbləğinin artırılması tələbinə dair ərizə ilə mediasiya şurasına etdiyi müraciət isə nəticəsiz qalmış, Sumqayıt şəhər 1 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışı əsasında ilkin mediasiya sessiyasında aparılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X7 E-Rabbi qızının və xx.xx.2014-cü il təvəllüdlü X8 E-Rabbi oğlunun yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğinin alimentin cavabdeh Khan Fazal E-Rabbi oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 sentyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun rəsmi iş yeri yoxdur. Ara-sıra kosmetik vasitələr satır. Cavabdehin ona verdiyi ev deyil, daxmadır. 10000 manat qiyməti yoxdur. O rəsmi nikahdadır. 2 övladı da vardır. Ona ancaq hazırki həyat yoldaşı dəstək olur. O cavabdehdən yanlız uşaqların kurs pulunu istəyir, özünə heç nə istəmir. Cavabdeh 2 qadın saxlayır. Pakistanlı qadın rəsmi həyat yoldaşıdır. Azərbaycanda da başqa qadınla yaşayır, 2 ailə saxlayır. Hər il Pakistana gedir və hər dəfə təkcə yola 2000 manat pul xərcləyir. Lakin 6-7 il ərzində bir dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. Onunla birlikdə yaşamışdır. Qazancını bilir, xarici maşınların təmiri ilə məşğuldur. Cavabdeh Azərbaycan da onun icazəsi ilə qalır. Hazırda alimenti yaşayış minumumu ilə tələb edir. Həmin məbləği ödəməyə cavabdehin maddi durumu yetərlidir. 22 sentyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh Khan Fazal-E-Rabbi izahatında bildirdi ki, icraatın aparıldığı Azərbaycan dilini bilir və ona görə də tərcüməçiyə ehtiyacı yoxdur. İddia tələbini qəbul etmir. O iddiaçı ilə ayrılarkən ona 10 sot torpaq, ev, maşın vermiş və uşaqlarının anası olduğu üçün heç nə tələb etməmişdir. Onu məhkəməyə verməmişdir. Hər ay 300 manat aliment ödəyir və alimenti həmişə vaxtıvaxtında ödəyir. İddiaçı özü də kosmetoloq işləyir, onun tikdiyi evdə yaşayır. Ən yuxarı məbləğ cəmi 350 manat məbləğində aliment ödəyə bilər. O 2 saylı Ərazi Vergilər İdarəsindən gəlirləri barədə arayış almış, ikinci dəfə də ailə qurmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatında olan məhkəmə prosesi ilə əlaqədar olaraq təyin edilmiş məhkəmə prosesində iştirakı mümkün deyildir. Odur ki, işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Khan Fazal-E-Rabbinin yaşayış yerinə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Lakin cavabdeh məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdeh Khan Fazal-E-Rabbinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-612/2014 saylı, 14 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X4 ilə Xan-Fazal-E-Rabbi arasında 23 yanvar 2010-cu il tarixdə Sumqayıt Şəhər Qeydiyyat şöbəsində bağlanmış, 88 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9- E.Rabbi qızı və xx.xx.2014-cü il təvəllüdlü X10-E.Rabbi oğlunun yetkinlik yaşına çatana qədər anası X1 yanında qalması, 12 iyun 2015-ci il tarixdən başlayaraq hər ay Xan-Fazal- E-Rabbi oğlunun qazancından və (və ya) başqa gəlirindən xx.xx.2012-ci il təvəllüdlü X9- E.Rabbi qızının və xx.xx.2014-cü il təvəllüdlü X10-E.Rabbi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 108 (yüz səkkiz) manat, ümumillikdə 216 (iki yüz on altı) manat alimentin tutulub X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 244598 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Khan Fazal-E-Rabbi və X4 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2016-cı ilin sentyabr ayının 30-cu günündə 329 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 980657 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9-E-Rabbi qızı xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin noyabr ayının 24-cü günündə 5975 nömrə ilə qeyd edilmişdir. X11-E-Rabbi, anası isə X3r. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 392485 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10-E-Rabbi qızı xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2014-cü ilin oktyabr ayının 02-ci günündə 1523 nömrə ilə qeyd edilmişdir. X11-E-Rabbi, anası isə X3r. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 17 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01507 nömrəli arayışdan görünür ki, tərəflər İddiaçı və Khan Fazal-E-Rabbi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Khan Fazal-E- Rabbi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş Xan Fazal-E-Rabbiyə ünvanlanmış 10 iyul 2023-cü il tarixli, **********357700 nömrəli müraciətə cavabdan görünür ki, xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək vergilər üzrə dövriyyə 2000 manat olmuşdur. X5 tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, Fazal-E-Rabbi Khan ilə Marva arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Telefon vasitəsilə çəkilmiş “İnstagram” sosial şəbəkəsinin ekran şəklindən görünür ki, iddiaçı “beautydoctor_ulviya_” adı ilə ümumi (public) səhifə açaraq 18.1 min izləyicisi olmaqla fərdi qaydada kosmetika işi ilə məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 108 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət etməklə, onların normal inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə cavabdeh olaraq Khan Fazal-E-Rabbinin valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, cavabdehdən iki uşaq üçün tələb olunan 440 manat məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, 2015-ci il tarixdən müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsini, tərəflərin maddi vəziyyətlərini (iddiaçı və cavabdehin gəlirlərini), cavabdehin yenidən ailə həyatı qurmasını və sair halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-612/2014 saylı, 14 iyul 2015-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh Khan Fazal-E-Rabbindan İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X9-E.Rabbi qızı və xx.xx.2014-cü il təvəllüdlü X10-E.Rabbi oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 180 manat, ümumillikdə 360 sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-612/2014 saylı, 14 iyul 2015-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Khan Fazal-E-Rabbindan İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X9-E.Rabbi qızı və xx.xx.2014-cü il təvəllüdlü X10- E.Rabbi oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 180 (bir yüz səksən) manat, ümumillikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Khan Fazal-E-Rabbindan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5691/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5691/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver