Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5700/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5492.70 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 3025.56 manat faiz borcu və ödənilmiş 106 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi şəkildə və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq borcu ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, iddianı qəbul etmir. O, eyni zamanda iddiaçı məhkəmədə iddia qaldırmaq üçün müəyyən edilmiş iddia müddətini ötürdüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki materiallarında olan: - Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. - xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3000 manat kredit vermişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə 5492.70 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 3025.56 manat faiz borcu vardır. - xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən görünür ki, 33000 manat məbləğində pul vəsaiti cavabdehə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi xx.xx.2010-cu il tarixdə, 18 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 5492.70 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 3025.56 manat faiz borcu və ödənilmiş 106 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-5700/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5700/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver