Məhkəmə qərarları › İş №e-2(060)-5703/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5703/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5703/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 Əlisəfa qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlisəfa qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 Əlisəfa qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, 1 saylı evin 1 saylı mənzilinə xx.xx.1995-ci il tarixli order iddiaçının əri Cavabdeh3 adına verilmişdir. Orderdə mənzil sahəsinə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısında Cavabdeh3, İddiaçı, Cavabdeh4, Cavabdeh5 adları qeyd edilmişdir. İddiaçı həmin vaxtdan ailə üzvləri ilə mübahisəli mənzildə birgə yaşayıb ümumi təsərrüfat aparır. Cavabdehlər X8 (xx.xx.2008), Cavabdeh2 (xx.xx.2003), Cavabdeh4 (xx.xx.1980), X12 (xx.xx.2012), Cavabdeh5 (xx.xx.1982), Cavabdeh1 (xx.xx.1985), X1 (xx.xx.2006) həmin ünvanda qeydiyatdadırlar. Göstərilənlərə əsasən iddiaçının Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, ev 1, 1 saylı mənzilinə yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək, Cavabdeh5 əlavə cavabdeh qismində işə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sözügedən ev qayınatasına məxsusdur. Həmin evə 18 ildir ki, gəlin köçmüşdür, lakin 3 ildir orada yaşamır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh5 izahat verərək bildirmişdir ki, iddiaçı onun anasıdır. 3 ildir artıq həmin evdə yaşamır. İddia tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbinin təmin edilməsinə razı deyildir.

7. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Bundan əlavə qeyd edir ki, sözügedən ev ona məxsusdur. İddiaçı onun həyat yoldaşıdır və 45 ildir bir yerdə yaşayırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında cavadeh Cavabdeh4 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razıdır. İddiaçı onun anasıdır. Sözügedən ev atasına məxsusdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

12. Belə ki, iş materiallarında olan 08 may 1980-ci il tarixli, İİ-ЖГ № 340528 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X7 08 may 1980-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 26 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Bəşirova soyadı verilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş 6/13 №-li orderin surətindən görünür ki, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, ev 1, 1 saylı mənzil Sumqayıt şəhər İcra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 699 №-li Sərəncamına əsasən Cavabdeh3 adına verilmişdir. Order üzrə mənzilə köçən 4 nəfər ailə üzvü: Cavabdeh3 P. (özü), İddiaçı A. (arvadı), Bəşirova Dilbər R. (qızı), Cavabdeh5 R. (oğlu).

14. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Cavabdeh3 xx.xx.2005-ci ildən etibarən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, ev 1, 1 saylı mənzildə X8, Cavabdeh2, Cavabdeh4, X12, Cavabdeh5, Cavabdeh1 və X2 ilə birlikdə qeydiyyatdadır.

15. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil-İstismar sahəsi tərəfindən təsdiq edilmiş, qonşular- X9, X3 və X4 tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı Ağamalı qızı həyat yoldaşı Cavabdeh3 qeydiyyatda olduğu D.Qorqud küçəsi, ev 1, mənzil 1 ünvanında qeydiyyatsız yaşayır.

16. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatların tqədim edilməsi barədə məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin hüquqi vəziyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 08 may 1980-ci il tarixdə Cavabdeh3 ilə rəsmi nikaha daxil olmuş, xx.xx.1995-ci il tarixdə verilmiş orderə əsasən Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, ev 1, 1 saylı mənzil Sumqayıt şəhər İcra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 699 №-li Sərəncamına əsasən Cavabdeh3 adına verilmişdir. Order üzrə mənzilə köçən 4 nəfər ailə üzvü: Cavabdeh3 P. (özü), İddiaçı A. (arvadı), Bəşirova Dilbər R. (qızı), Cavabdeh5 R. (oğlu) qeyd edilmişdir. İddiaçı həmin vaxtdan hal-hazıradək sözügedən ünvanda yaşayır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir.

20. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

21. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh3 ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ vardır. Belə ki, ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil iddiaçı tərəfindən 29 ildən artıqdır ki, yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. İddiaçının mübahisəli mənzilə istifadə hüququ yarandığı halda, onun bu hüququnun hal-hazıradək tanınmaması iddiaçının mənzil hüququnun pozulmasına səbəb olur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququnun tanınması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

22. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənziltikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.

23. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

24. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür.

25. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

26. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

27. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndində göstərilir ki, ərin(arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret halların nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşma çatmış ailə üzvlərinin ər (arvad) köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı halda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2000-ci il tarxlı qərarında göstərilir ki, icarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə hər hansı şəxsləri mənzilə köçürmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Köçürmədən sonra yaranan hüquqi münasibətlər (qeydiyyat, vergi, sosial və s.) Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunları və digər normativ-hüquqi aktlarla tənzimlənir.

30. Göründüyü kimi, iddiaçı 1995-ci ildən mübahisəli mənzildə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq ailə üzvü kimi faktiki yaşamasına baxmayaraq, həmin yaşayış yeri üzrə onun istifadə hüququ tanınmamışdır.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, 1 saylı evin, 1 saylı mənzilinə istifadə hüququ tanınmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, 1 saylı evin, 1 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar