Məhkəmə qərarları › İş №e-2(060)-5773/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5773/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5773/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş qalan 1055,24 manat əsas borc olmaqla, cəmi 1055,24 manat borcun, məhkəməyə müraciət üçün ödənilmiş 30,56 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, X1 "xxxx" ASC-nin Sumqayıt filialı ilə bağladığı BPM**********50 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 29 faizlə 1520 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X6 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 miras əmlakına dair oğulları ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 banka ödənilməmiş qalan 1055,24 manat əsas borc olmaqla cəmi 1055,24 manat borcu vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, kredit barədə sonradan məlumatı olmuşdur. Ödənilən 20 manat məbləğin isə kim tərəfindən ödənilməsi barədə məlumatı yoxdur.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********50 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana istehlak məqsədi üçün 36 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 1520 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. BPM**********50 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 06 oktyabr 2018ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək müəyyənləşdirilmişdir.

8. AZ-İİ 052729 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 2212 nömrə ilə qeyd edilmişdir.

9. 09.06.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dur, onlar miras əmlakdan bərabər hissədə pay almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak Sumqayıt Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1997-ci il tarixdə X5 verilmiş 22614 qeydəalma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 54,5 kv.m olan 1 otaqlı mənzildən ibarətdir.

10. 31.07.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə X1nun 1055,24 manat məbləğində əsas kredit borcu və buna müvafiq hesablanmış faiz borcu olmaqla, borc məbləğinin 7 gün ərzində ödənilməsi təklif olunmuş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdirlər.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********50 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana istehlak məqsədi üçün 36 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 1520 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. X1 xx.xx.2019-cu ildə vəfat etmişdir. Cavabdeh1 və Cavabdeh2 X4 qanun üzrə vərəsələri təyin edilmiş və onlar Sumqayıt Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1997-ci il tarixdə X5 verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 54,5 kv.m olan 1 otaqlı mənzildən ibarət miras əmlakdan bərabər hissədə pay almışdırlar.

17. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdehlər borclunun vərəsələri olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə borclu olduğu 1055,24 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır.

20. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Hazırki işdə cavabdehlərə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə X1ndan miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 54,5 kv.m olan 1 otaqlı mənzildən ibarət olduğundan və beləliklə miras payın həcmi sözügedən kredit müqaviləsi üzrə tələb edilən borcun məbləğindən çox olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1055 (min əlli beş) manat, 24 (iyirmi dörd) qəpik pul vəsaiti və ödənilmiş 30 (otuz) manat, 56 (əlli altı) qəpik dövlət rüsumu tutularaq "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1055 (min əlli beş) manat, 24 (iyirmi dörd) qəpik pul vəsaiti və ödənilmiş 30 (otuz) manat, 56 (əlli altı) qəpik dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar