Məhkəmə qərarları › İş №e-2(060)-5779/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5779/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5779/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 328,18 manat əsas kredit borcu, 2,53 manat kreditdən istifadəyə görə faiz borcu və 1,82 manat cərimə borcu olmaqla, cəmi 332,53 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Rest №001REST443556 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 bir il güzəşt müddəti olmaqla beş ilmüddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 386,95 manat məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 001REST443556/Z saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 Rest № 001REST443556 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Rest №001REST443556 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həmdə kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin Rest № 001REST443556 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixinə 328,18 manat əsas kredit borcu, 2,53 manat kreditdən istifadəyə görə faiz borcu və 1,82 manat olmaqla, cəmi 332,53 manat borclu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli “Güzəştli kredit” müqaviləsindən görünür ki, kreditor borcalana 5 il müddətinə illik 1 faiz ödənilməsi şərti ilə 386,95 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 28 iyun 2022-ci il tarixə 328,18 manat əsas, 2,53 manat faiz borcu və 1,82 manat cərimə borcu olmaqla cəmi 332,53 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bank ilə zamin X1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli № 001REST443556/Z zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab edir ki, iddiaçının zaminə qarşı iddia tələbi əsaslıdır, zamin Cavabdeh1 borclu Cavabdeh2 ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 328,18 manat əsas, 2,53 manat faiz borcu və 1,82 manat cərimə borcu olmaqla cəmi 332,53 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 328,18 manat əsas, 2,53 manat faiz borcu və 1,82 manat cərimə borcu olmaqla cəmi 332,53 (üç yüz otuz iki manat əlli üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar