Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5798/2022 15.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 (dörd yüz) manatın tutularaq iddiaçıya ödəniləməsi barədə, 100 (bir yüz) manat dəymiş mənəvi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 8 iyul 2022-ci il tarixdə bir tərəfdən İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlanmışdır. Belə ki, 8 iyul 2022-ci il tarixdə Cavabdeh İddiaçı “whatsapp” vasitəsi ilə 400 manat pul vəsaiti istəmiş və həmin məbləği bir saat ərzində qaytaracağını bildirmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsi ilə Cavabdeh aid 4169 7377 0764 3157 saylı bank hesabına (Kapital bank) 400 manat pul vəsaiti göndərmişdir. Tərəflər arası bağlanan borc (kredit) müqaviləsinə əsasən sözügedən pul vəsaitini Cavabdeh bir saat ərzində qaytarmalı olmuşdur. Buna baxmayaraq yuxarıda qeyd edilən məbləğ 8 iyul 2022-ci il tarixdən bu günə kimi İddiaçı geri qaytarımamışdır. Əlavə olaraq cavabdehə müqavilə üzrə pul öhdəliklərini icra etməsi üçün əlavə olaraq bir həftə vaxt verilmişdir. Çoxsaylı yazılı müraciətlər cavabsız qalmışdır və cavabdeh ilə həmin gündən əlaqəyə keçmək mümkün olmamışdır. Həmin gündən cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir. İddiaçı iddia tələbini müdafiə etdi. İzahat verərək bildirdi ki, cavabdeh “Whatsapp” vasitəsilə lombarda pul verməli olduğunu bildirərək iddiaçıdan 400 manat pul borca istəmişdir. Cavabdehə pulu göndərərkən, banka borcu olduğunu və digər zəruri xərclərinin olduğunu, buna görə də geri qaytarmasının vacib olduğunu bildirmişdir. Cavabdeh də öz növbəsində bildirdi ki, pulu dediyi vaxtda qaytaracaq. Lakin bu vaxta qədər cavabdehlə əlaqə yaramağa çalışsa da, cavabdeh pulu qaytarmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini əsas götürərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında “whatsapp” yazışmalarından görünür ki, Cavabdeh İddiaçı 400 manat pulu borc olaraq istəmiş, İddiaçı 4169 7377 0764 3157 saylı bank hesabına 400 manat göndərmiş, lakin Cavabdeh borcunu qaytarmamışdır. İddiaçı təqdim etdiyi diskdə olan səsyazılarının cavabdehə məxsus olduğunu qeyd edir. Həmin diskə baxış keçirilir və qadın səsi müəyyən edilir, həmin qadın borca pul istəyir və həmin borcu anası işdən gələn kimi qaytaracağı vədini verir. Məhkəmə tərəfindən "xxxx" ASC-dən götürülmüş məlumadan görünür ki, Cavabdeh istifadəsində olan 4169 7377 0764 3157 saylı plastik kartına olunan mədaxillərlə bağlı məlumatdan əsasən xx.xx.2022-ci il tarixdə həmin karta 400 manat mədaxil edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, Cavabdeh İddiaçı 400 manat borc istəmiş, tezliklə qaytaracağını bildirmişdir. X1 Zoya Şahin qızının istifadəsində olan 4169 7377 0764 3157 saylı plastik karta xx.xx.2022-ci il tarixdə 400 manat pul göndərmiş, lakin Cavabdeh borcun ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia tələbini müdafiə edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən - Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əssən- Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddia tələbinin 100 manat mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya nödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsi 400 manat olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 400 (dörd yüz) manat borc alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5798/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5798/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver