Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-581/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi X7 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin 4140.66 manat borc, ödənilmiş 61.41 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********70 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən X4 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4300 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 banka ödənilməmiş 4140.66 manat borcu qalmışdır. Eyni zamanda onlar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 61.41 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
İş materialları:
3. İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 48 ay müddətinə kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərti ilə 4300 manat kredit verilmişdir.
4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli 213RPT********** saylı kredit müqaviləsi üzrə 4140,66 manat əsas borcu vardır.
5. AZ-İİ seriyalı 203870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1437 nömrə ilə qeyd edilmişdir.
6. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, iştiraçılar X5 (miras qoyan), Cavabdeh (qanun üzrə vərəsə) olmaqla, şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD335396 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0JBF35W7016929, mühərikkin nömrəsi 14371774 və buraxılış ili 1997-ci olan Opel Vectra minik markalı, **-CO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
7. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X5 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4140,66 manat məbləğində borcunun ödənilməsinin 7 (yeddi) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişlər.
8. 24.09.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 61,41 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin pulu ödəməyə imkanı yoxdur. Ona miras-əmlak qalmamışdır. Özü kirayədə yaşayır. Həmçinin xərçəng xəstəsidir. Ruhi xəstəxanada müalicə alır. Bundan əlavə şəkər xəstliyi vardır. Aldığı pensiya da onun özünü təmin edir. Avtomobil mərhumun adına olmuşdur. Digər bir şəxs avtomobili 2018-ci il tarixdə almışdır. Onda da özü ağır xəstə olmuşdur. 2017-ci ildən 2023-cü ilə kimi ağır xəstə olmuşdur. Maşın mərhumun adına olsa da, onun sürücülük vəsiqəsi olmamış və heç bir zaman maşın sürə bilməmişdir. Həyat yoldaşı rəhmətə getdikdən sonra maşının sahibi avtomobili öz adına keçirtmişdir. Mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişdir. Banka getmiş və ölüm haqqında şəhadətnaməni istəmişlər. Ondan sonra da notariusda təsdiq edərək sənədi banka vermişlər. Borcun silindiyini görmüşlər.
İşin faktiki halı:
11. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X4 48 ay müddətinə kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərti ilə 4300 manat kredit verilmişdir. X5 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 mirasını Cavabdeh qəbul etmək üçün müraciət etmiş və miras-əmlakı qəbul etmişdir. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdehlər X6 və X8 borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyırlar.
1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
16. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X4 "xxxx" ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə müddətinə illik 22 faiz ödəmək şərti ilə 4300 manat məbləğində kredit verilmişdir. X5 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh mərhumdan qalmış mirası qəbul etmək üçün müraciət etmiş və miras əmlakı qəbul etmişdir.
17. Cavabdehlər mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması müəyyən edilməmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X3 vərəsəsi olan Cavabdeh miras əmlakını qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir.
Məhkəmə xərcləri:
20. İddiaçı "xxxx" ASC ödənilmiş 61,41 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
21. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 61,41 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
22. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61,41 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
23. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4140,66 manat əsas borc, ödənilmiş 61,41 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4140,66 manat əsas borc, ödənilmiş 61,41 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən Aynur Behbudova