Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-587/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11957,97 manat əsas borcun və ödənilmiş 126,27 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********76 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 faizlə, 48 ay müddətinə 15000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 196732 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2021 nömrəli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində 2V-133 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək banka ödənilməmiş 11957,97 manat əsas borcu qalmışdır. Cavabdeh X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-32232/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin nümayəndəsinin ona qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulmasına dair iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin nümayəndəsinin ona qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulmasına dair iddia ərizəsi əsassız olduğuna, müqavilə tələbləri üzrə iddia müddəti keçdiyinə görə iddia ərizəsinin təmin olunmaması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını və iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli BPM**********6 nömrəli kredit müqaviləsindən görünür ki, X4 illik 18 faizlə, 48 ay müddətinə 15000 manat kredit verilmişdir. - AZ-İİ 196732 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ’’Elektron Notariat" X1 çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır. Miras 566,31 manat dəfn puludur. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 nağd kredit üzrə xx.xx.2024-cü ilədək 11957,97 manat ödənilməmiş əsas borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********6 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 18 faizlə, 48 ay müddətinə 15000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ 196732 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Notariat ofisi tərəfindən verilmiş çıxarışdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş nağd kredit üzrə 11957,97 manat əsas borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ‘‘ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən ‘‘qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən ‘‘mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən ‘‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********76 nömrəli kredit müqaviləsi 48 ay müddətinə bağlanmışdır və müqavilənin icra müddəti xx.xx.2024-cü il tarixdə bitir. İddiaçı Məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi Qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən -Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********6 saylı müqaviləsinə görə X3 borcu onun vərəsəsi olan Cavabdeh tutulmalıdır. Ona görə də iddiaçının xx.xx.2020-ci il tarixli, BPM**********6 saylı kredit müqaviləsi üzrə borcunun cavabdehdən tutulması bu hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 11957,97 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 126,27 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, X3 vərəsəsi olan Cavabdeh nağd kredit üzrə 11957,97 manat əsas borc, 126,27 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh nağd kredit üzrə 11957,97 manat əsas borc, 126,27 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-587/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-587/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver