Məhkəmə qərarları › İş №e-2(060)-5878/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5878/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5878/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh X2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-yə vurulmuş 1024.09 manat məbləğində zərər və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 1055.09 manatın cavabdehdən tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 22:17 radələrində 6631 saylı Bakı-Pirşağı- Sumqayıt marşrutu ilə hərəkət edən "xxxx" QSC-yə məxsus STADLER EŞ2-019 saylı sürətli elektrik qatarı Pirşağı-Sumqayıt mənzilinin 44-cü km piket 5-də hərəkətdə olarkən maşinist mühafizə torunun daxilində dəmir yolunun üzərində 1 (bir) baş atın olmasını müşahidə etdiyindən təcili tormozloma etməyə məcbur olmuş, lakin qatarı saxlamaq mümkün olmadığından qatar ata dəymişdir. Nəticədə EŞ-019 saylı elektrik qatarının ön hissəsinin sağ buferi zədələnmişdir. Hadisə nəticəsində "xxxx" QSC-yə 1024.09 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində STADLER EŞ2-019 sürətli elektrik qatarının toqquşduğu atın sahibi X4 olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, A.Abdüləzimov Sabunçu stansiyası Xətt polis şöbəsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisəyə səbəb olan atın ona məxsus olduğunu təsdiqləmişdir. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, iki mərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Hadisə nəticəsində STADLER EŞ2-019 sürətli elektrik qatarının zədələnmiş sağ buferi ADY-nin sifarişi əsasında ADY ilə fiziki şəxs X3 arasında bağlanmış müqaviləyə əsasən hazırlanmış və qiyməti 1000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Dəymiş zərərin hesablanmasına dair sənəddən görünür ki, EŞ2-019 saylı qatarın sağ buferinin dəyişdirilməsi ilə bağlı dəymiş ziyanın ümumi miqdarı 1024.09 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli Sabunçu st. XPŞ-nin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, dəymiş ziyan tələbi ilə bağlı olaraq məhkəməyə müraciət olunması "xxxx" QSC-yə izah edilmişdir. - Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh özünə məxsus olan atları icarəyə verməklə məşğul olduğunu bildirmiş, əvvəllər Pirşağı-Sumqayıt sərnişin mənzilinin 44-cü km-nin ərazisində fərdi yaşayış evində mühafizəçi işlədiyinə görə həmin ətrafdakı insanları tanıdığı üçün 2 baş atını dəmir yolunun mühafizə zolağının kənarına bağladığını, axşamlar isə tanıdığı insanların boş həyətyanı sahələrində saxladığını qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 18:00 radələrində Novxanı bağlarında «Qurd dərəsi» deyilən yerdə dəmir yolunun yanında dəmiri yerə bərkidərək atının birini orada bağlayıb digər atı ilə dəniz kənarına işləməyə getmişdir. Bundan bir müddət sonra orada yaşayan tanışı ona zəng edərək atın yerə bərkidilmiş dəmirdən açılıb dəmir yolu relslərinin üzərində Bakıdan Sumqayıta gedən qatarla toqquşduğu barədə məlumat vermişdir. Cavabdeh həmin atın ona məxsus olduğunu təsdiqləmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində saat 22:17 radələrində 6631 saylı Bakı-Pirşağı- Sumqayıt marşrutu ilə hərəkət edən "xxxx" QSC-yə məxsus STADLER EŞ2-019 saylı sürətli elektrik qatarı Pirşağı-Sumqayıt mənzilinin 44-cü km piket 5-də hərəkətdə olarkən maşinist mühafizə torunun daxilində dəmir yolunun üzərində 1 (bir) baş atın olmasını müşahidə etdiyindən təcili tormozloma etməyə məcbur olmuş, lakin qatarı saxlamaq mümkün olmadığından qatar ata dəymişdir. Nəticədə EŞ-019 saylı elektrik qatarının ön hissəsinin sağ buferi zədələnmişdir. Hadisə nəticəsində "xxxx" QSC-yə 1024.09 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, dəymiş ziyan tələbi ilə bağlı olaraq məhkəməyə müraciət olunması "xxxx" QSC-yə izah edilmişdir. Cavabdehin araşdırma zamanı izahatı alınmış, özünə məxsus olan atları icarəyə verməklə məşğul olduğunu bildirmiş, xx.xx.2023-cü il tarixdə axşam saat 18:00 radələrində Novxanı bağlarında «Qurd dərəsi» deyilən yerdə dəmir yolunun yanında dəmiri yerə bərkidərək atının birini orada bağlayıb digər atı ilə dəniz kənarına işləməyə getdiyini, bir müddət sonra orada yaşayan tanışının ona zəng edərək atın yerə bərkidilmiş dəmirdən açılıb dəmir yolu relslərinin üzərində Bakıdan Sumqayıta gedən qatarla toqquşduğu barədə məlumat verdiyini bildirmiş, həmin atın ona məxsus olduğunu təsdiqləmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu Məcəllənin 1110-cü maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 1024.09 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Məhkəmə, iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, tələb bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1024.09 manat pul və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar