Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5899/2025 07.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 2426,94 manat, faiz borcu 811,86 manat, cərimə borcu 364,05 manat, həmçinin ərizəyə görə ödənilmiş 46,77 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 3649,61 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 24 ay müddətinə qaytarılmaq şərti ilə 4000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 679-BEL- 0546-22 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli 679-BEL-0546-22/A saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 zamin durmuşdur. Krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Zaminlik Müqaviləsinin 5.1-ci bəndinə görə Borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, zamin borcalanın borcverən qarşısında götürdüyü bütün öhdəlikləri Borcverənin ilk tələbi ilə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə əsas borcu 2426,94 manat, faiz borcu 811,86 manat, cərimə borcu 364,05 manat olmaqla ümumi borcu 3602,84 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş xx.xx.2025ci il tarixli, 1769/25 saylı və xx.xx.2025-ci il tarixli 1770/25 saylı pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Tədqiq olunan sübutlar:
3. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 679-BEL-0546-22 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana X1 tərəfindən satışı həyata keçirilən malı/malları almaq məqsədi ilə illik faiz dərəcəsi 35,02 faiz olmaqla 24 ay müddətinə 4000 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür.
4. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli, 679-BEL-0546-22/A saylı kredit müqaviləsi üzrə ödənişlərin müddəti 17 yanvar 2023-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək müəyyənləşdirilmişdir.
5. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 679-BEL-0546-22/A saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 679-BEL-0546-22 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.
6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 679-BEL-0546-22/A saylı kredit müqaviləsi üzrə 2426,94 manat əsas borc, 811,86 manat faiz borcu, 364,04 manat cərimə borcu vardır.
7. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərdən 2426,94 manat məbləğində borcun ən qısa müddətdə ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
11. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
12. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borcverən borcalana X1 tərəfindən satışı həyata keçirilən malı/malları almaq məqsədi ilə illik faiz dərəcəsi 35,02 faiz olmaqla 24 ay müddətinə 4000 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür.
13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
14. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 22 avqust 2025-ci il tarixli maliyyə arayışında cavabdehin 811,86 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 20 iyun 2025-cü il tarixli bildirişdə cavabdehdən 710,40 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir.
16. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
17. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 710,40 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
18. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
19. Məhkəmə işin hallarını, o cümlədən tərəflərin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 364,05 manat təşkil edən cərimə məbləğinin 30 (otuz) manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
20. Məhkəmə iddianın zamin Cavabdeh2 qarşı hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 679-BEL-0546-22 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.
21. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
22. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zamin Cavabdeh2 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərərinə öhdəlik götürdüyündən iddia Cavabdeh2 dair hissədə də təmin edilməlidir.
23. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 2426,94 manat məbləğində əsas borc, 710,40 manat faiz borcu, 30 manat məbləğində cərimə borcu, ümumilikdə 3167 (üç min yüz altmış yeddi) manat, 34 (otuz dörd) qəpik və ödənilmiş dövlət rüsumunun 51 (əlli bir) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 2426,94 manat məbləğində əsas borc, 710,40 manat faiz borcu, 30 manat məbləğində cərimə borcu, ümumilikdə 3167 (üç min yüz altmış yeddi) manat, 34 (otuz dörd) qəpik və ödənilmiş dövlət rüsumunun 51 (əlli bir) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva