Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5929/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 13000 manat məbləğində borc pul və ödənilmiş 129 manat dövlət rüsumu olmaqla, cəmi 13129 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, özünə mənzil almaq qərarına gəldiyi üçün Sumqayıt şəhərində fəaliyyət göstərən ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmiş, Sumqayıt şəhərində daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşğul olan Rasim adlı şəxslə danışıb, ev almaq niyyətinin olduğunu bildirmişdir. Danışıqlar zamanı cavabdeh onun müəllimə olduğunu bildikdən sonra çox güzəştli şərtlərlə ona mənzil təşkil edə biləcəyini bildirmişdir. Belə ki, cavabdeh ona bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil X2 (MİDA) sərəncamında olan və inşa edilən yaşayış binalarından müvafiq məbləğ müqabilində sosial mənzillər təşkil etmək imkanı var, tez bir zamanda ona güzəştli və sərfəli şərtlərlə mənzil təşkil edə bilər. Daha sonra bildirmişdir ki, bunun üçün qabaqcadan 10000 manat ödəniş edilməlidir. O, cavabdehi tanımadığını, belə böyük bir məbləğdə vəsaitin verilməsinin riskli olduğunu bildirmişdir. Cavabdeh isə ona bildirmişdir ki, bu işdə cavabdehin böyük səriştəsi var, bir çox vətəndaşlara güzəştli mənzillərin alınmasında yaxından köməklik etmişdir. Eyni zamanda cavabdeh onu inandıraraq Azərbaycan Respublikasının Mənzil X3 vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, bu işin yüz faiz müsbət nəticələnəcəyindən əmin olduğunu demişdir. Lakin, o, cavabdehə yenə də qeyd olunan məbləğin həddindən çox böyük məbləğ olduğunu, özünün müəllimə olduğunu və maddi imkanının o qədər də yaxşı olmadığını bildirmişdir. Bundan sonra cavabdeh ona bildirmişdir ki, əgər ödənişlə bağlı hər hansı bir problem, narahatçılıq varsa onunla notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlayar və beləliklə onun əlində pulun cavabdehə verilməsini təsdiq edən mötəbər sənədi olar. Aralarında notarial qaydada təsdiq olunmuş müqavilənin olacağını bildirdikdən sonra o, cavabdehə inanmış və qeyd olunan məbləğin verilməsinə razılıq vermişdir. Daha sonra onlar vaxt təyin edərək görüşmüş, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən həmin tarixdə Cavabdeh 10000 manat pul vermişdir. O, pulu Cavabdeh verdikdən sonra cavabdeh ona narahat olmamasını, çox yaxın vaxtlarda mənzil sahibi olacağını bildirmişdir. Bundan bir neçə gün sonra Rasim onunla əlaqə saxlayaraq əla bir variantın yarandığını. əlavə 3000 manat ödəyəcəyi təqdirdə 4 otaqlı mənzilə sahib olmaq şansının olduğunu bildirmişdir. O artıq cavabdehə inandığı üçün və 4 otaqlı mənzilin daha əlverişli olacağını düşündüyü üçün Rasimlə görüşərək əlbəəl 3000 manat əlavə pul vermişdir. Lakin, bütün bunlara baxmayaraq cavabdehin dedikləri heç biri olmamışdır. Belə ki, o, dəfələrlə istər Rasimlə telefon əlaqəsi saxlayanda cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmağa, məsuliyyətdən yayınmağa başlamışdır. Axır vaxtlar isə daha bir Şəmsiyyə adında dələduz insanı onların aralarında olan münasibətlərə qataraq bildirmişdirlər ki, guya Şəmsiyyənin qeyd olunan Agentlikdə yaxın münasibətdə olduğu insanlar var, o məsələnin tez bir zamanda həll olunmasına köməklik göstərəcəkdir. Şəmsiyyə onunla əlaqə saxlayaraq Anar və Rasimi narahat etməməsini, məsələni qaydasına qoyacağını bildirmiş, daha sonra ona hədəqorxu gələrək ümumiyyətlə onları narahat etməməsini əks halda başı ağrıyacağını, onun üçün problemlər yaradacağını bildirərək onu dəfələrlə təhdid etmişdir. Göründüyü kimi cavabdeh müqavilənin tələblərini pozmuş, ona ödəməli olduğu borc məbləğini bu günə qədər də geri qaytarmamışdır. Belə olan halda o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR MPM-nin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 10000 manat borc pul almışdır. O, borc məbləğini 1 ay müddətinə qaytarmağı öz öhdəsinə götürmüşdür. - Pretenziya məktubundan görünür ki, cavabdeh 5 gün müddətində borcu qaytarmadığı təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş diskdəki səs yazısında cavabdeh iddiaçıdan 10000 manatı müqavilə ilə, 3000 manatı isə əlbəəl aldığını etiraf edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər cavabdehin iddiaçı üçün güzəştli şərtlərlə mənzil təşkil etməsi barədə razılığa gəlmiş, bu məqsədlə 10000 manat pul İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanılaraq verilmiş, 3000 manat pul isə əlbəəl verilmişdir. Amma cavabdeh öhdəliyini yerinə yetirə bilməmişdir. Cavabdeh göstərilənləri iş materiallarında diskdə olan səs yazısında etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, faktiki olaraq 10000 manat borc verilməmiş, yəni həmin məbləğin müəyyən müddət ərzində geri qaytarılması onların həqiqi iradə ifadəsi olmamış, bu pul və sonradan alınmış 3000 manat cavabdehin iddiaçı üçün güzəştli şərtlərlə mənzil təşkil etməsi məqsədilə verilmiş, başqa sözlə, əslində tapşırıq münasibətlərini əks etdirən saziş barədə razılığa gəlinmişdir. Buradan aydın olur ki, sözügedən kredit müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd olmaqla əhəmiyyətsizdir. Buna baxmayaraq mübahisəli hüquq münasibətinə tapşırıq müqaviləsinə aid qaydalar tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliyi tapşırıq müqaviləsi əsasında deyil, əsassız varlanma nəticəsində yaranmışdır. Belə ki, cavabdeh güzəştli şərtlərlə MİDA-nin sərəncamında olan mənzillərin ayrılması, bölgüsü ilə bağlı səlahiyyətli şəxs olmamış, eləcə də həmin qurumla mənzil əldə etmək istəyən şəxslər arasında hər hansı vasitəçilik qanunvericilikdə nəzərdə tutulmamış, əksinə şəffaflığın təmini məqsədilə yaşayış sahələrinin bilavasitə internet sayt vasitəsilə “online” qaydada seçilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan, yəni varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əmlak əldə etdiyindən, iddia əsaslıdır. Odur ki, cavabdeh əldə etdiklərini məhrum olana – iddiaçıya qaytarmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 129 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 13000 manat borc pul və ödənilmiş 129 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 13000 manat borc pul və ödənilmiş 129 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-5929/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-5929/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver