Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-593/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2013-cü il tarixli, CC0100927U/13U saylı müqaviləyə əsasən 860.51 ABŞ dolları əsas, 1237.71 ABŞ dolları faiz, xx.xx.2013-cü il tarixli, BAL0906311/13 saylı müqaviləyə əsasən 375.06 manat əsas, 598.07 manat faiz borcunun, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı müqaviləyə əsasən 563.3 manat əsas, 922.95 manat faiz borcunun, cəmi 2098.22 ABŞ dolları və 2459.38 manat borcun və 81 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, CC0100927U/13U saylı müqavilələrə əsasən bank ona 3700 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, BAL0906311/13 saylı digər müqaviləyə görə 500 manat, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı müqaviləyə əsasən 1000 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X2 Banka ümumi olaraq 2098.22 ABŞ dolları və 973.13 manat borcu vardır. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 X2 qanuni vərəsələridirlər. X6 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X3 verilmiş **********18-05***-******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.29 kv/m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa) ibarətdir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasın xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona və qeyrilərinə qarşı iddia qaldırmaqla xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə görə 860,51 ABŞ dolları məbləğində əsas, 1237,71 ABŞ dolları məbləğində faiz, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə görə 375,06 manat əsas, 598,07 manat faiz, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə isə 563,3 manat əsas, 922,95 manat faiz borcu olmaqla ümumilikdə 2098,22 ABŞ dolları əsas borcun, 2459,38 manat faiz borcunun onlardan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onlar iddia tələbini qəbul etmirlər və iddia tələbindən də göründüyü kimi iddiaçı təxminən 9-10 il bundan qabaq mərhum oğlu X2 həmin bankdan götürmüş olduğu krediti onlardan tələb etmişdir. Onun oğlu sağlığında həmin kredit üzrə ödənişləri həyata keçirmiş, lakin o xx.xx.2015-ci ildə dünyasını dəyişdiyi üçün qalan ödənişləri edə bilməmişdir. Həmin vaxt o, oğlunun ölüm haqqında şəhadətnaməsinin surətini iddiaçı banka təqdim etmiş və ona bildirilmişdir ki, kreditorun ölümü ilə bağlı artıq kredit üzrə öhdəliyə də xitam veriləcəkdir. Oğlunun sağlığında ona məxsus olmuş, lakin sonradan onun adına formal olaraq rəsmiləşdirilmiş Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b-də yerləşən 14 saylı mənzil qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında miras qoyanın 1-ci növbə vərəsələrinin adına xx.xx.2017-ci ildə rəsmiləşdirilmişdir. Bundan 5 il keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək mərhum oğlunun banka olan borcunu onlardan tələb edir. Bundan başqa oğlu 2015-ci ilin dekabr ayının 27-də vəfat etdiyi halda qarşı tərəf həmin kredit üzrə faizlər hesablamış və nəticədə əsas borcdan dəfələrlə yüksək məbləğdə faiz borcu yaranmışdır. Bundan başqa iddiaçının iddia tələbindən belə görünür ki, onun iddia tələbi müqavilədən irəli gələn öhdəliklə bağlıdır. AR MM-nin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafıəsi üçün müddət iddia müddəti sayılır. Həmin məcəllənin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin məcəllənin 374-cü maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddətləri axımınm dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. AR MM-nin 375-ci maddəsinə görə hüququn müdafiəsi haqqmda tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə hesab edir ki, iddiaçı iddia tələbini iddia müddətini ötürməklə 7 ildən sonra, belə ki, kredit müqaviləsinin müddəti bitməklə yanaşı, hətta onun adına olmuş əmlakın adına rəsmiləşdirildiyi vaxtdan da 5 il müddət keçmişdir, bu hal isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, cavabdehlər iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, bankdan kredit götürülən vaxt onların xəbəri olmamış və həmin müqavilə üzrə Orxana zamin durmamışdırlar. X8 ölümündən sonra bu məsələdən xəbərdar olmuşdur. Oğlu Orxan 2015-ci ilin dekabrında rəhmətə gedib. O, Orxan Məmmədovun ölüm kağızını alan kimi banka yaxınlaşmış və sənədi onlara təqdim etmişdir. Bu zaman onlara bankdan hər hansı məlumat verilməmiş, pulun ödənilməsi tələb edilməmişdir. Həmin məsələdən neçə il keçdikdən sonra bank onları məhkəməyə vermişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2013-cü il tarixli CC0100927U/13U saylı İstehlak Krediti Müqaviləsindən görünür ki, borclu X3 İddiaçı ASC tərəfindən illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3700 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı Kredit Sazişindən görünür ki, borclu X3 İddiaçı ASC tərəfindən illik 28 faiz ödənilməsi şərti ilə xx.xx.2015-ci il tarixədək 1000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli balansdan kənar kassa məxaric orderindən görünür ki, 1 ədəd Visa PosCusCard X6 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı Kredit Kartı üzrə X5 görünür ki, borclu X3 İddiaçı ASC tərəfindən 500 manat məbləğində kredit xətti açmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli balansdan kənar kassa məxaric orderindən görünür ki, 1 ədəd BalCards X6 tərəfindən qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli CC0100927U/13U saylı İstehlak Krediti Müqaviləsinə əsasən 860.51 ABŞ dolları əsas və 1237.71 ABŞ dolları faiz borcu, xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı Kredit Kartı üzrə X7 əsasən 375.06 manat əsas, 598.07 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı Kredit Sazişi üzrə 563.3 manat əsas, 922.95 manat fazi borcu vardır. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bank mərhum X6 arasında xx.xx.2013-cü il tarixli CC0100927U/13U saylı, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı, xx.xx.2016-cü il tarixli BAL0906311/13 saylı Kredit müqavilələri bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X6 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əsas borclu X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göründüyü kimi miras qoyanın borcuna görə vərəsələrin məsuliyyətinin həddi mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 69.29 kv/m olan mənzildən ibarətdir. İşdə olan xx.xx.2017-ci il tarixli ərizələrin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qalmış miras əmlakı qəbul etmişdirlər. Hazırki halda X2 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh X1 miras qalan Sumqayıt şəhəri, 17-ci mkr, ev 38B, 14 saylı mənzili vərəsəlik yolu ilə qəbul etmişdir. Lakin cavabdeh X2 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqavilələri üzrə müddətin bitməsi anından hesablanmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli CC0100927U/13U saylı müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablandıqda, iddia müddəti 25 dekabr 2018-ci ildə, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablandıqda, iddia müddəti 31 dekabr 2018-ci ildə, xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı Kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdən hesablandıqda, iddia müddəti xx.xx.2019cu ildə bitmiş, iddiaçı bank isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iddiaçı bank, X1 miras qalan Sumqayıt şəhəri, 17-ci mkr, ev 38B, 14 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tarixindən - xx.xx.2017-ci il tarixdən də 5 ildən sonra məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı bank məhkəmə iclaslarında təmsil olunmamış, iddia müddətinin kəsilməsinə səbəb olan hər hansı hala istinad etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-593/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-593/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver