Məhkəmə qərarları › İş №e-2(060)-595/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-595/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-595/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4932,61 AZN əsas, 106,45 AZN faiz borcu olmaqla, cəmi 5039,06 AZN pul vəsaitinin və 70,39 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İlkin İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB5974647A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına müddəti illik 25 faiz dərəcəsi ilə 15000 AZN məbləğində kredit xətti açılmışdır. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4932,61 AZN əsas; 106,45 AZN faizc; əmi 5039,06 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. 3.İddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB5974647A299 saylı Kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASCnin Cavabdeh qarşı iddiaçının xeyrinə 4932,61 manat əsas, 106,45 AZN faiz olmaqla cəmi 5039,06 manat pul vəsaitinin və 70,39 AZN dövlət rüsumunun tutulması tələbinə dair mülki iş məhkəmənin icraatındadır. AR Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana qədər verilməlidir, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsas məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddianın verilməsənin ümumi qaydaları əsasında həyata keçirilir. İddiaçı ASC iddia tələbində Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-cİ il tarixli BRCB5974647A299 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh kartına müddəti illik 25 faiz dərəcəsi ilə 15000 AZN məbləğində kredit xətti açıldığını qeyd etmiş, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verildiyini, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini bildirmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4932,61 AZN əsas, 106,45 AZN faiz, cəmi 5039,06 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olurunasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfındən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının qeyd etdiyi kimi İddiaçı ASC ilə Cavabdeh arasında nə elektron, nə də hər hansı qaydada müqavilə imzalanmamış, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə isə müqavilənin elektron qaydada imzalandığına dair hər hansı sənəd (videogörüntü və s.) əlavə edilməmişdir. Bundan əlavə iddiaçının müqavilənin imzalandığını bildirdiyi xx.xx.2022-ci il tarixində isə Cavabdeh ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuş, İddiaçı ASC-nə kredit xəttinin açılması ilə əlaqədar elektron və ya digər qaydada müraciəti olmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia rədd edilməli və tərəflər arasında bağlanmış xx.xx.2022-cİ il tarixli BRCB5974647A299 saylı Kredit müqaviləsi etibarsız hesab edilməlidir. 5.İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələblərinə dair yazılı izahat verərək bildirmişdir ki, İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. İş üzrə Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Qarşılıqlı iddia ilə tanış oldular və bildirirlər ki, aşağıda qeyd etdiklərinə görə tam əsassızdır, təmin oluna bilməz. Tərəflər arasında kreditin rəsmiləşdirilməsi tam qaydalara uyğun aparılmışdır. Azərbaycan Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.1-ci bəndinin tələblərinə uyğun olaraq Bank məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Qaydanın 5.10-cu bəndində (məsafədən bank hesabının açılması bankın və ya Mərkəzi Bankın operatoru olduğu informasiya sistemi və ya onların mobil tətbiqi vasitəsilə həyata keçirilir) nəzərdə tutulmuş vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Bundan əlavə bankda fiziki şəxslərə onlayn (mobil SMS xidməti vasitəsilə) kredit xidmətlərinin göstərilməsi İddiaçı ASC-nin idarə heyətinin xx.xx.2024-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş “Bankın kredit məhsulları üzrə end to end (ETE - məsafədən məhsulların rəsmiləşdirilməsinin icrası prosesi) proseduru” və İddiaçı ASC-nin İdarə Heyəti tərəfindən 11 noyabr 2016-cı il tarixində (Protokol N°99) təsdiqlənmiş “Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər” (hesab, əmanət, kart, kredit münasibətlərinin və fiziki şəxslərə göstərilən digər bank xidmətlərinin tənzimlənməsi barədə) toplusunun müvafiq bəndləri ilə tənzimlənilir. Qaydaların tələblərinə əsasən Məsafədən Satış və Xidmət şöbəsinin (bundan sonra - MSXŞ) əməkdaşı ilk növbədə onlayn kredit sifarişi üçün müraciət etmiş şəxsi identifikasiya edir və rəsmiləşmə üçün lazım olan aşağıdakı eyniləşdirmə məlumatlarını əldə edir: Müştərinin adı, soyadı, ata adı soruşulur. Müştərinin eyniləşdirilməsi zamanı hər hansı şübhə yaranarsa digər məlumatlar (eyniləşdirmə sualları, şəxsiyyəti təsdiq edən sənədin fin kod və ya seriya nömrəsi, doğum tarixi, əmək haqqı kartına mədaxillər, kartın üzərindəki son 4 rəqəm, kartla aparılmış sonuncu əməliyyat və s. ) soruşula bilər. MSXŞ əməkdaşı yalnız müştərini tam eyniləşdirdikdən və verilən məlumatların və razılığ həqiqətən müştərinin iradə ifadəsini əks etdirdiyindən tam əmin olduqdan sonra prosesi davam etdirilir. Bundan sonra ETE - MSXŞ tərəfindən rəsmiləşdirilmə aşağıdakı formada həyata keçirilir. Müştərinin seçimi üzrə kredit məhsulu MSXŞ tərəfindən rəsmiləşdirilir. Rəsmiləşmə zamanı kredit risklərinin təhlili departamentinin rəyinə (bundan sonra - KRTD) tələb olarsa, MSXŞ əməkdaşı tərəfindən KRTD-yə yönləndirilir. KRTD-nin rəyi müsbət olduğu təqdirdə rəsmiləşmə davam edilir (skorinqin nəticəsi mənfi və ya KRTD-nin rəyi mənfi olduqda MSXŞ əməkdaşı müştəriyə məlumat verir və müraciətə imtina olunur). Rəy müsbət olduğu təqdirdə MSXŞ əməkdaşı tərəfindən yığılmış tapşırığın rəsmiləşdirilməsinin yekunlaşdırılması üçtin müştəriyə avtomatik link göndərilir. Növbəti mərhələdə müştərinin sonrakı eyniləşdirilməsi prosesi Virtual eyniləşdirmə sistemi (bundan sonra - DVS) vasitəsi ilə davam etdirilir. Eyniləşdirməni 3 üsulla həyata keçirmək mümkündür. - 10 saniyəlik video çarx yazılması (müştəri tərəfindən çəkilən video çarx); - Rəqəmsal satışlara xidmət bölməsinin (bundan sonra - RSXB) əməkdaşı ilə video zəng; - Foto-şəkil əsasında üztanıma; Müştərinin müəyyən olunmuş mobil nömrəsinə OTP kod və təsdiqlənmə linki göndərilir, müştəri OTP kodu linkdəki miivafiq xanaya daxil edir və eyniləşdirmə prosesi bitdikdə müştəri sənədlər səhifəsinə keçid edir. Burada müştəri sənədləri yükləyə bilər. Müştəri sənədlərlə tanış olduqdan sonra xanaları işarələyir və təsdiqləyir. Eyniləşdirmə nəticəsi təyin olunan identifikasiya meyarlarına uyğundursa RSXB əməkdaşı prosesi həyata keçirir. Müştəri tərəfindən proses yekunlaşdıqdan sonra MSXŞ-nin RSXB əməkdaşları bankın əməliyyat sistemində formalaşmış aktiv tapşırığın cari şərtlərə uyğunluğunu yoxlayaraq təsdiq və ya imtina edir. İdentifikasiya uğurlu olduğu halda RSXB əməkdaşı vəsaiti müştərinin kreditə bağlı cari hesabına köçürür və proses tamamlanır. Müvafiq qaydada kreditlərin rəsmiləşdirilməsi prosesi qeyd olunan kredit müqaviləsinin şərtlərində də təsbit edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən tərəflər razılaşır ki, Bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər” toplusu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, şərtlərlə tanış olmuşdur və şərtlərdə, o cümlədən bu müqavilədə qeyd edilən məsələlərlə bağlı bank tərəfindən ona izahat da verilmişdir, habelə şərtlərdə və bu müqavilədə qeyd edilənlərə dair etirazı yoxdur. Bir daha qeyd edirlər ki, rəsmiləşmə zamanı müştəriyə OTP kodu göndərilmiş və özü həmin kodu sistemə daxil edərək aktiv etmiş (təsdiqlənmə kodu əlavə edilir) və müştərinin razılığı bildirilən Foto-şəkil əsasında üztanıma mövcuddur və məhkəməyə təqdim edilmişdir. Qarşılıqlı iddianın heç bir əsası yoxdur. Cavabdehin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması onun elektron qaydada müraciət etməsinə təsir etmir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələblərinə dair izahat verərək bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir, qarşılıqlı iddia tələbini isə qəbul etmir. Cavabdeh xx.xx.2022-ci il tarixdə müqaviləni imzalayıb. İlkin olaraq limit 500 manat nəzərdə tutulmuş, daha sonra isə 15000 manatadək artırılmışdır. Müqavilə elektron müqavilə olmuş və fiziki şəkildə hər hansı imza atılmamışdır. Müqavilədə fin kod və məbil nömrə də öz əksini tapmışdır. Kartdan 4900 manat məbləğində pul çəkilmişdir. Orxanın kredit kartı olub və bu kart Orxanın öz istifadəsində olub. Bank tərəfindən Cavabdeh 4900 manat pul atılmayıb. Orxanın kredit kartı xx.xx.2022-ci il tarixdə aktivləşdirilib. Kredit kartına pul əlavə edilməsi mümkündür. Limit artırılmasına dair sms avtomatik göndərilir və buna dair bildiriş bankda mövcud deyildir. Şəxsin bankdan 5000 pul istəməsi öz hüququdur. Şəxsin kartında yüksək məbləğdə dövriyyə olması səbəbilə limit 15000 manata qaldırılıb. Bank sms vasitəsilə özü də bank kartının limitini artırır. Cavabdeh götürdüyü 4900 manat məbləğində kredit gecikməyə düşdüyü üçün məhkəməyə verilib. Cavabdeh pulun onun kartına oturduğunu etiraf etdiyi halda, müqaviləni mübahisələndirməsi ona aydın deyil.

8. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələblərinə dair izahat verərək bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini müdafiə edir. Cavabdeh israrla iddiaçı ilə aralarında hər hansı bir müqavilənin bağlanmadığını iddia edir. Belə ki, müqavilə bağlanan zaman cavabdeh ölkədən kənarda - Dubay şəhərində olmuşdur. Cavabdeh sözügedən müqaviləni nə əllə, nə də elektron qaydada imzalamamışdır. Bundan başqa hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 15000 manat məbləğində kredit heç bir təminat olmadan, həmçinin zaminlik müqaviləsi bağlanılmadan verilməsi də inandırıcı deyil. Həmçinin sözügedən müqavilənin əsli ortada yoxdur. Cavabdeh bizneslə məğul olduğu üçün həmişə kartına pullar daxil olur. Qeyd edilən pul gecə saat 2-3 radələrində cavabdehin kartına köçürülüb. Bunu etiraf edirlər. Lakin cavabdehin ona kredit verilməsi ilə bağlı banka hər hansı müraciəti olmamışdır. Nümayəndə qeyd edilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. 9.Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsindən və ərizədən görünür ki, Cavabdeh illik 25 faiz dərəcəsi ilə 15000 AZN məbləğində kredit xətti açılmışdır.

11. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 4932,61 AZN əsas, 106,45 AZN faiz borcu olmaqla, cəmi 5039,06 AZN borcu vardır.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İlkin iddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Qarşılıqlı iddiaçı ilkin iddia tələbini qəbul etmir və tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

15. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

16. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

17. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).

19. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

20. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

21. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir.

22. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4).

23. Qarşılıqlı iddiaçı kredit müqaviləsinin etibarsızlığı barədə tələbini əsasən müqavilənin bağlanmasına razılıq verməməsi və müqavilə bağlanan zaman ölkə xaricində olması ilə əsaslandırmışdır.

24. Halbuki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi cavabdehin videogörüntülü müraciəti əsasında elektron qaydada bağlanmış, xx.xx.2024-cü il tarixdə kredit limiti artırılaraq cavabdehin hesabına 4918,27 manat pul köçürülmüşdür. Cavabdeh isə həmin məbləği qəbul edib, hesabından nağdlaşdırmışdır.

25. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin məbləğin cavabdehin hesabına daxil olduğunu etiraf etmişdir.

26. Beləliklə Cavabdeh onun razılığı olmadığı təqdirdə hesabına sözügedən məbləğdə pul daxil olması barədə iddiaçı banka məlumat verməmiş, kredit limitinin artırılmasına razı olmadığını məbləğdən istifadə etməməklə və ya hər hansı digər formada bəyan etməmiş, əksinə həmin məbləğdən istifadə etmiş, lakin həmin məbləği və ona hesablanmış faiz borcunu vaxtında qaytarmamaqla kredit müqaviləsinin şərtlərini pozmuşdur.

27. Məhkəmə onu da qeyd edir ki, cavabdeh həmin tarixlərdə ölkədə olmadığını bildirsə də, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından Cavabdeh həm kredit müqaviləsi bağlanan, həm də kredit limiti artırılan tarixlərdə ölkə sərhədlərini tərk etmədiyi müəyyən edilmişdir.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur.

29. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

30. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh ilkin İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 4932,61 AZN əsas, 106,45 AZN faiz borcu olmaqla, cəmi 5039,06 AZN borcun tutulması barədə ilkin iddia tələbi təmin edilməli, müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

31. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ilkin iddia təmin edildiyindən ilkin iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 70.39 manat da qarşılıqlı iddiaçıdan alınmalı və ilkin iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən qarşılıqlı iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

35. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İlkin iddia tələbi təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 4932,61 (dörd min doqquz yüz otuz iki manat altmış bir qəpik) manat əsas, 106,45 (bir yüz altı manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 5039,06 (beş min otuz doqquz manat altı qəpik) borc və həmçinin 70,39 (yetmiş manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar