Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5997/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 110218-CNS-42275 saylı “nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə banka borclu olduğu 4827.51 manat məbləğində əsas borc, 310,85 manat məbləğində faiz borcu, 119,15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5257,51 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,58 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli “nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 21,5 faiz hesablanması şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit (“bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2023-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka, ümumilikdə 5257,51 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirakları mümkün olmayacaqdır. Bu səbəbdən, hazırki iş üzrə məhkəmə prosesini onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərini müdafiə etdiklərini bildirmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, Cavabdeh göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan əlavə Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 110218-CNS-42275 saylı, xx.xx.2023-cü il tarixli nağd pul krediti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4827.51 manat əsas, 310.85 manat faiz, 119.15 manat cərimə borcu olmaqla, cəmi 5257.51 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 110218-CNS-42275 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 156.15 manat, yalnız sonuncu ay 160.92 manat olmaqla ödəniş etməlidir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli 5147P nömrəli pretenziya məktubundan görünür ki, borcluya xx.xx.2023-cü il tarixə 4827.51 manat olan borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçı Bank VTB (Azərbaycan) ASC ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu isə məhkəmənin iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 4827.51 AZN məbləğində əsas borc, 310.85 AZN məbləğində faiz borcu və 119.15 AZN məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 5257.51 (beş min iki yüz əlli yeddi manat əlli bir qəpik) AZN borcu yaranmışdır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 110218-CNS-42275 saylı, xx.xx.2023-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4827.51 manat əsas, 310.85 manat faiz, 119.15 manat cərimə olmaqla, cəmi 5257.51 manat pul və 72.58 manat dövlət rüsumu ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 4827.51 (dörd min səkkiz yüz iyirmi yeddi manat əlli bir qəpik) manat əsas, 310.85 (üç yüz on manat səksən beş qəpik) manat faiz, 119.15 (bir yüz on doqquz manat on beş qəpik) manat cərimə olmaqla, cəmi 5257.51 (beş min iki yüz əlli yeddi manat əlli bir qəpik) manat pul və 72.58 (yetmiş iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5997/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5997/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver