Məhkəmə qərarları › İş №e-2(060)-5998/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5998/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5998/2023 20.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı «X6 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı «X6 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012 -cü ildə «X6 Azərbaycan» QSC və Məhəmmədov Aydın Ağaverdi oğlu arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Məhəmmədov Aydın Ağaverdi oğluna istehlak yönümlü 500 manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Məhəmmədov Aydın Ağaverdi oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Məhəmmədov Aydın Ağaverdi oğlu vəfatından əvvəl son altı ay ərzində kart kreditindən mütəmadi istifadə etmiş və son ödənişi xx.xx.2022-ci ilə təsadüf edir. Məhəmmədov X2 qarşısında öz öhdəliklərini lazımıca icra etməmiş və kredit üzrə borcu qalmışdır. Bank məhkəməyə müraciət etmişdir. İş üzrə icraata məhkəmə qərardadı ilə işə xitam vermişdir. Belə ki, məlum olmuşdur ki, Məhəmmədov Aydın Ağaverdi oğlu xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, 1 saylı Sumqayıt regional “ASAN xidmət” notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2023-ci il tarixli 2V-846 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və 3M-350 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin təstiq edilmiş sürətindən məlum olmuşdur ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 vəfat etmiş Məhəmmədov Aydın Ağaverdi oğlunun qanun üzrə vərəsələridir. Qarışıq müqavilə üzrə öhdəliklərin lazımı qaydada yerinə yetirmədiyinə görə “X6 Azərbaycan” QSC qarşısında borc hal-hazırda əsas məbləğ üzrə borc : 143,09 manat hesablanmış və ödənilməmiş faiz borcu : 15,93 manat, cərimə borcu : 68,95 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 2 manat olmaqla, cəmi borc : 229,97 manat təşkil edir. Göstərilənlərə əsasən vəfat etmiş Məhəmmədov Aydın Ağaverdi oğlunun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək (birgə) qaydada əsas borc üzrə 143,09 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 15,93 manat, cərimə borcu üzrə 68,95 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc üzrə 2 manat olmaqla, cəmi 229,97 manat məbləğində kredit kartı borcunun, dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun «X6 Azərbaycan» QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

7. Belə ki, iş materiallarında olan «X6» QSC ilə Məhəmmədov Aydın Ağaverdi oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı və zaminlik müqaviləsinə əsasən bank tərəfindən X1 500 manat məbləğində kredit kartı limiti açılmışdır.

8. İş materiallarında olan «X6» QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Məhəmmədov Aydın Ağaverdi oğlunun banka əsas borc üzrə 143,09 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 15,93 manat, cərimə borcu üzrə 68,95 manat və müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat borcu olmaqla, cəmi 229,97 manat məbləğində borcu mövcuddur.

9. İş materiallarında olan «X6» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.

10. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi X4 tərəfindən verilmiş 22 iyul 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş Məhəmmədov Aydın Ağaverdi oğlunun vərəsələri- Cavabdeh2, Cavabdeh3, Cavabdeh1dur və onlar miras əmlakdan hər biri 1/3 hissə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak, Sumqayıt TİB tərəfindən xx.xx.2002-ci il tarixdə Məhəmmədov Aydın Ağaverdi oğluna verilmiş 25167 qeydəalma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50.53 kv/m, yaşayış sahəsi 32,93 kv/m, yardımçı sahəsi 17,6 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 14C/366 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.

11. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi X4 tərəfindən təsdiq edilmiş 22 iyul 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh1 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi X4 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-846 №-li reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən payı Cavabdeh2 bağışlamışlar.

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «X6» QSC ilə Məhəmmədov Aydın Ağaverdi oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı və zaminlik müqaviləsinə əsasən bank tərəfindən X1 500 manat məbləğində kredit kartı limiti açılmış, Məhəmmədov Aydın Ağaverdi oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmiş, mərhum Məhəmmədov Aydın Ağaverdi oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varislərinin borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.

13. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdehlər borclu Məhəmmədov Aydın Ağaverdi oğlunun qanun üzrə vərəsələridir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

20. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

21. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

23. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh2 borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.

24. Məhkəmə digər cavabdehlərə - Cavabdeh1 və Cavabdeh3 qarşı tələbi əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından da göründüyü kimi vərəsə olan həmin cavabdehlər miras paylarını Cavabdeh2 bağışlamışlar. Bununla da miras kütləsi bütövlüklə vərəsə Cavabdeh2 keçmişdir. Bu baxımdan miras qoyanın borcları miras kütləsini qəbul edən Cavabdeh2 tərəfindən ödənilməlidir.

25. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.

26. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – daşınmaz əmlakdır (mənzil). Məhkəmə daşınmaz əmlakın müəyyən bir dəyər daşıdığını və həmin dəyərin tələb olunan borc məbləğinin (229,97 manat) həcmindən çox olmasının bəlli bir hal olduğunu nəzərə alaraq hesab edir ki, borc məbləği vərəsəyə keçmiş miras pay həcminin aşmır.

27. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

28. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 10 (on) manat məbləğində müəyyən edilməlidir

29. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 143,09 (bir yüz qırx üç manat, doqquz qəpik) manat əsas borc, 15,93 (on beş manat, doxsan üç qəpik) manat faiz borcu, 10 (iyirmi) manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 (iki) manat olmaqla, cəmi 171,02 (bir yüz yetmiş bir manat, iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «X6 Azərbaycan» QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

Nəticə hissəsi:

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 143,09 (bir yüz qırx üç manat, doqquz qəpik) manat əsas borc, 15,93 (on beş manat, doxsan üç qəpik) manat faiz borcu, 10 (iyirmi) manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 (iki) manat olmaqla, cəmi 171,02 (bir yüz yetmiş bir manat, iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «X6 Azərbaycan» QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar